Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Astara Pedaqoji Kollecində imtahanlar kompüterlə keçirilir

 

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü il ölkəmizdə "İKT ili" elan olunmuşdur. "İKT ili" ilə bağlı tədbirlər və imtahan semestrinin keçirilməsi ilə əlaqədar Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyevin fikirlərini öyrəndik:

- Astara Pedaqoji Kollecində "İKT ili" ilə bağlı mühüm işlər həyata keçirilir. İlk əvvəl qeyd etməliyəm ki, mənim təşəbbüsümlə may ayının əvvəlində Rusiya, Türkiyə, Hindistan, Özbəkistandan gəlmiş tanınmış alimlərin və Azərbaycanın görkəmli elm xadimlərinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma" mövzusunda beynəlxalq konfrans keçirildi. 

Bu yaxınlarda kollecdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Astara Rayon Gənclər və İdman İdarəsi "Astara" İntellektual İnkişaf Klubu ilə birgə sosial şəbəkələrdən istifadəyə həsr olunmuş maarifləndirici təlim təşkil olunmuşdur. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının keçirdiyi "Xətdə ol" Sosial Şəbəkə Akademiyası layihəsinin rayon və şəhərlərdə təşkil olunan silsilə təlimləri çərçivəsində baş tutmuşdur. Layihənin məqsədi region gənclərinin informasiya texnologiyaları sahəsinə marağının artırılması və sosial şəbəkələrdən düzgün istifadəsinə zəmin hazırlanmasıdır. Tədbirdə "Mənim virtual dünyam", "Xətdə Facebook", "Xətdə Twitter", "Xətdə Bloq", "Xətdə Youtube" mövzularında gənclərə geniş məlumat verilmişdir. Təlim zamanı videoçarxlardan istifadə edilmiş, əyani vəsait olaraq CD diskləri və kitabçalar gənclərə paylanmışdır. Təlimin yekununda layihənin qiymətləndirilməsi, irad və təkliflərin qeyd olunması məqsədilə tədbir iştirakçıları tərəfindən sorğu anketləri doldurulmuşdur.

Kollecdə yay imtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə imtahanlar yeni qaydalar əsasında kompüterlə aparılır. İmtahanların obyektiv və şəffaf şəraitdə keçməsi üçün "İmtahan qərargahı"   yaradılmışdır. Bundan əlavə, şöbələr üzrə münaqişə komissiyaları fəaliyyət göstərir. Təkmilləşdirilmiş sistem əsasında təşkil olunan imtahanlarda gün ərzində 50-55 tələbə iştirak edir. İmtahanları yüksək səviyyədə təşkil etmək üçün kollecin tədris binasında 2 imtahan  kompüter zalı yaradılmış və ümumilikdə 50 son model kompüter qoyulmuşdur. İmtahanda tələbələrə təqdim edilən suallar 4 variantda tərtib olunmuşdur. İmtahanın gedişi kollec rəhbərliyi tərəfindən veb-kamera vasitəsilə izlənilir. Yeni qayda ilə keçirilən imtahanlarda ümumilikdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, informatika müəllimliyi ixtisaslarının I-II kursları üzrə 500-ə yaxın tələbə iştirak edir. Kurslar üzrə imtahanlarda nəzarətçi qismində laborantlar iştirak edir. Hər bir fənn üçün tələbəyə kompüter vasitəsilə 50 test tapşırığı və 1 saat vaxt verilir. Proses başa çatan anda tələbənin topladığı bal, düzgün və səhv cavabların sayı, qiymələndirmə faizi ekranda göstərilir və tələbə aldığı qiyməti dərhal bilir. Qiymətləndirmə kredit sisteminə uyğun olaraq çoxballı sistem əsasında aparılır. Tələbə imtahanda 0-50 bal arası bal toplaya bilər. İmtahanlarda fənlər üzrə təqdim edilən bütün suallar bir ay əvvəldən tələbələrə paylanılmışdır. İmtahana giriş zamanı mobil telefon, əl çantası, konspekt və digər yardımçı vasitələr tələbələrdən alınır və ayrıca otaqda saxlanılır. İmtahan bitdikdən sonra həmin əşyalar tələbələrə qaytarılır. Bu sistem tətbiq olunandan sonra tələbələrdə intizam və məsuliyyət hissi xeyli artmışdır. Əksər tələbələr kompüterlə imtahan verilməsini yüksək qiymətləndirir və razılıqlarını bildirirlər. Valideynləri imtahanlara cəlb etmək istiqamətində də iş aparılır. İmtahanda iştirak edən valideynlər yaradılan şəraitə görə kollec rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.

Ə.Həmzəyev demişdir ki, ölkəmizdə gənclərin müasir biliklərə və informasiya-kommunikasiya texnologiyalarına tam surətdə mükəmməl yiyələnməsi üçün hər cür şərait yaradılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili inkişaf etdirmək məqsədi ilə demişdir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edib ki, orada təhsil yüksək səviyyədədir. Dünyada gedən tərəqqinin əsas əlaməti də bilik, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin çox böyük əhəmiyyəti var".

Biz təhsil işçiləri qarşımızda duran vəzifələri layiqincə yetinə yetirmək və keyfiyyətli pedaqoji kadr hazırlığı işində uğur əldə etməkdən ötrü əlimizdən gələni edəcəyik.      

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov