Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi beynəlxalq
türk dili olimpiadasında qızıl və gümüş medal
qazanmışdır
Müstəqil
fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşdığımız
Naxçıvan Müəllimlər İnstitutu son dövrlərdə bir sıra
uğurlara imza atmışdır. İstər tədrisin keyfiyyətinin
yüksəldilməsi, istər elmi - nəzəri biliklərin
qazanılması, istərsə də dünyaya inteqrasiya sahəsində
müəllim və tələbələrimizin uğurları getdikcə artır.
Maarifləndirici tədbirlərin nəticəsi olaraq təlim
texnologiyalarına əsaslı surətdə yiyələnməyə çalışan
tələbələrimiz həm də İnternet vasitəsi ilə dünya
gənclərinin forum və simpozium çağırışlarına qatılır,
dəvətlər alır və Azərbaycanımızı, o cümlədən doğma
Naxçıvanımızı ləyaqətlə təmsil edirlər. Xarici ölkələrin
universitet tələbələri cərgəsində öz sözlərini deyən,
institutumuza başucalığı gətirən belə gənclərimizdən
təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə IV kurs
tələbələri Murad Məmmədov və Yaqut Rəhimovanın adlarını
fəxrlə çəkmək olar. Son vaxtlar onlar beynəlxalq tələbə
yarışmalarına qatılmışlar və uğurlu nəticələr əldə
etmişlər.
Yaqut Rəhimova Avropada ən böyük tələbə assosiasiyası
olan "Avropa tələbə forumu"na (AEÇEE) "Şəbəkə görüşü"nə
dəvət alaraq 18-21 aprel 2013-cü il tarixlərində
İstanbul şəhərində keçirilmiş bu tədbirə qatılmışdır.
O, Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15000-dək
tələbənin qatıldığı "Dünya bir səma altında toplansın"
adlı tədbirin "Mədəniyyət gecəsi"ndə yurdumuzu uğurla
təmsil etmişdir.
Murad Məmmədov isə XI Beynəlxalq Türk dili
Olimpiadasında "Hacı Zeynalabdin Tağıyev - sevdamın adı
millət" mövzusunda təqdim etdiyi yazısı ilə birinci
turda iştirak etmişdir. Albaniya, Əfqanıstan,
Azərbaycan, Belarus, Bosniya-Herseqovina, Xorvatiya,
Kosovo, Misir, Monqolustan, Rumıniya, Tacikistan,
Türkmənistan, Ukrayna, Yunanıstan və Krım Muxtar
Vilayəti ali təhsil müəssisələrinin tələbələri son tura
vəsiqə almışlar. Naxçıvan Müəllimlər İnstitutunun
tələbəsi Murad Məmmədov Azərbaycan universitetləri
arasında birinci yerə çıxaraq bu ölkələr içərisindən
seçilən 15 universitet üzrə keçiriləcək son turda
iştirakçı olmaq haqqı qazanmış və mükafat almışdır.
Beynəlxalq Türk dili Olimpiadasına vəsiqə alan Murad
Məmmədov 31 may 2013-cü il tarixdə son tura qatılmaq
üçün Ankara şəhərinə yola düşmüşdür.
Türk dili yarışması şifahi və yazılı (inşa) olmaqla iki
istiqamətdə keçirilmişdir.
Azərbaycanı əsas iştirakçı kimi Naxçıvan Müəllimlər
İnstitutu təmsil edirdi.
Yarışmanın final turunda Murad Məmmədov iki nominasiya
üzrə iştirak edirdi. O, türk şifahi nitqi üzrə keçirilən
yarışmada qızıl, inşa yazıdan isə gümüş medal alaraq
Azərbaycan himninin sədaları altında bayrağımızın ən
yüksək yerə qalxmasını təmin etmişdir.
Murad Məmmədovun yüksək mükafata layiq görülməsi təkcə
Naxçıvan Müəllimlər İnstitutunun qələbəsi deyil, eyni
zamanda Azərbaycan gəncliyinin və dövlətimizin gənclərin
təhsilinə göstərdiyi qayğının bariz nümunəsidir.
Tələbələrimizin bu cür yarışmalarda iştirakı təsadüfi
deyildir.
Ümumilikdə götürdükdə isə bütün bunlar institutumuzun,
Naxçıvanda təhsil alan tələbə gənclərimizin də dünya
gənclik forumlarında iştirakının nümunəsi deməkdir. Bu
həm də gənclərimizin gələcəkdə daha fəal olmalarına,
daha ciddi forumlarda iştirak etmələrinə zəmin yaradır.
Dünya səviyyəsində bu cür tədbirlərin keçirilməsinin
əhəmiyyəti hər bir tələbənin öz yaşadığı ölkənin
mədəniyyəti, iqtisadiyyatı, milli mənəvi dəyərləri ilə
ora gələn iştirakçıları tanış etmək və digər ölkələrin
tələbələrinin çıxışlarını dinləmək və o ölkələri
öyrənməkdən ibarətdir.
Eyni zamanda bu cür tədbirlərin keçirilməsi dünyanın
məhəlli müharibələr və sabitsizliklə çalxalandığı indiki
dövrdə dünya gənclərini bir araya gətirmək, onlar
arasında dostluq əlaqələri və münasibətlərini yaratmaq,
bu gün daha da kiçilən dünyamızı gələcək bəlalardan
qurtarmaq yolunda ən vacib addımdır.
Ankaradaki mötəbər yarışmadan qızıl və gümüş medalla
qayıdan Murad Məmmədovu iki yüksək mükafat alması
münasibəti ilə təbrik edirik.
Həsənəli EYVAZLI,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər
İnstitutu Xarici əlaqələr şöbəsinin müdiri |