"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf
konsepsiyasının hədəflərinin formalaşmasında əsas
prioritetlər innovasiya cəmiyyətinin yeni
mərhələsinin-biliyin generasiyası, yayımı və istifadəsi
əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına
yönəldilmişdir. Unikal vərdiş və qabiliyyətlərin
formalaşması və daima yeniləşməkdə olan fəaliyyət
sahələrinə adaptasiya olunması, yüksək peşəkarlıq və s.
əsas istehsal resurslarının, maddi firavanlığın və
şəxsiyyətin ictimai statusunun mahiyyətini təşkil edir.
İntellektual fəaliyyətə investisiya, resursların ən
səmərəli yerləşdirilməsi üsuluna çevrilir. İstehsalın
intensivləşməsi və elmi-texniki tərəqqinin
nəticələrindən istifadə innovasiya siklinin kəskin
ixtisarına və texnologiyaların yeniləşmə tempinin
sürətlənməsinə səbəb olur. Dünyada gedən innovasiya
proseslərində Azərbaycanın yeri ölkənin mövcud iqtisadi,
intellektual və təhsil potensialına uyğun olmalıdır.
Keçid dövründə "fundamental tədqiqatlar-tətbiqi
tədqiqatlar-sənaye istehsalı" siklinin komponentləri
arasında əlaqələr zəifləmişdir. Elm və təhsil arasındakı
əlaqələrin zəifləməsinin nəticəsidir ki,
elm-təhsil-istehsalat simbiozundan yaranan sinergetik
effekt kifayət qədər yüksək deyildir. Elmi tədqiqat
sektorunun inkişaf tempi ölkə iqtisadiyyatının güclü
inkişaf tempindən və sahibkarlığın yeni texnologiyalara
olan ehtiyaclarından geri qalır.
Müasir ali təhsil sisteminin əsas vəzifəsi tələbənin
yaradıcı aktivliyinin, hazırcavablığının,
təşəbbüskarlığının və peşə sahəsinə adaptasiya olmaq
bacarığının inkişafını təmin edə biləcək pedaqoji
şəraitin yaradılmasıdır. Ali təhsil müəssisələrinin
dinamik inkişafını təmin edə bilən mütərəqqi pedaqoji
texnologiyaların işlənməsi və tətbiqi təhsil sisteminin
əzəli prioritetlərindəndir. Pedaqoji texnologiya
anlayışı tədris-tərbiyə vasitələri, üsul və
formalarının müəyyən düzümünü və əlaqələrini müəyyən
edən psixoloji-pedaqoji təsisatlar məcmusunu əhatə edir.
Pedaqoji texnologiya bir tərəfdən ən rasional tədris
üsullarını tədqiq edən elm, digər tərəfdən isə təhsil
prosesinin prinsipləri, üsulları və tənzimləyici
sistemləri kimi fəaliyyət göstərməlidir.
Beynəlxalq praktikada bir sıra mütərəqqi pedaqoji
texnologiyalar, o cümlədən: şəbəkə texnologiyası,
kollektiv istifadə mərkəzləri, informasiya-kommunikasiya
texnologiyaları, şəxsiyyət yönümlü texnologiyalar,
tədqiqat yönümlü texnologiyalar, intellekt-kart
texnologiyası, "portfolio" texnologiyası, "keys"
texnologiyası, modul texnologiyası, "debat"
texnologiyası, pedaqoji emalatxana və ustad-sinif
texnologiyası, reytinq texnologiyası, pedaqoji dizayn
texnologiyası və s. geniş tətbiq tapmışdır. Bu
texnologiyaların hansının harada tətbiqi ali məktəbin
spesifik xüsusiyyətləri ilə müəyyən olunur. Azərbaycan
Texniki Universitetində mütərəqqi təhsil texnologiyaları
sistemləşdirilərək universitet üçün xarakterik sayılan
aşağıdakı yeddi vacib istiqamət üzrə tətbiq olunur.
1. Yeni tədris texnologiyalarında istifadə olunan
resursların, o cümlədən də proqram-aparat (SoftWare və
HardWare) vasitələrinin fiziki və mənəvi baxımdan
yüksək dəyərini nəzərə alaraq onlardan istifadənin
səmərəliliyinin yüksəldilməsinin birinci vacib
istiqaməti kimi AzTU-da şəbəkə texnologiyaları və
kollektiv istifadə mərkəzlərinin yaradılmasına xüsusi
önəm verilir.
Son illərdə AzTU-da beynəlxalq standartlara cavab verən
bir sıra mərkəz və şəbəkələr yaradılmışdır: Elektron
təhsil sistemi,Virtual-layihə-texnoloji tədris mərkəzi,
Rəqəmli yayım və rəqəmli abunəçi avadanlıqları bazasında
ATS şəbəkəsi, Korporativ televiziya mərkəzi,Telekonfrans
texnologiyaları mərkəzi, Bulud informasiya
təhlükəsizliyi sistemi, Enerji Sistemləri
Laboratoriyası. Müasir proqram-aparat vasitələri ilə
təmin olunmuş bu qurumlar əsasən beynəlxalq və
ölkədaxili donorların, qismən isə universitetin
maliyyə resursları hesabına yaradılmışdır.
Elm, texnologiya və texnikanın prioritet istiqamətləri
üzrə kadr hazırlığının ən son nailiyyətlərindən biri də
universitetlərin idarə olunmasının avtomatlaşdırılmış
sistemi-Elektron Universitetdir (EU). EU anlayışı
faktiki olaraq təhsilin distant və onlayn formalarının
inkişafının yeni mərhələsini əhatə edir. AzTU-da
Elektron Universitet layihəsi üzərində Koreyanın
beynəlxalq əməkdaşlıq təşkilatı KOİCA ilə birlikdə aktiv
tədqiqatlar aparılmış, universitetin hər bir funksional
bölməsi üzrə müvafiq altsistemlər işlənmişdir.
Funksional altsistemlərin əlaqələndirilməsi akademik
idarəetmə, qrupWare, Portal sistemləri və ümumi
verilənlər bazası vasitəsilə həyata keçirilir.
Tədris prosesində yeni texnologiyaların tətbiqi və
transferi, texnoloji proseslərin avtomatlaşdırılmış
layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal
vərdişlərin və qabiliyyətlərin formalaşdırılması,
ixtisasartırma və yeni ixtisasalma, elmi nəticələrin
kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin
həyata keçirilməsi məqsədilə müstəqil
"Virtual-layihə-texnoloji tədris mərkəzi" (VLTTM)
yaradılmışdır. VLTTM-in bazasında AzTU-nun
professor-müəllim heyəti və tələbələri hüquqi
bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən də
Amerikanın "HAAS Automation", Almaniyanın "R.&S.Keller
Gmbh", İsveçrənin "Abplanalp Engineering AG" və
digərləri ilə birlikdə virtual müəssisə təşkil edərək
real vaxt rejimində, informasiya mübadiləsinin vahid
standartları çərçivəsində birgə layihələr həyata
keçirmək imkanlarına malikdirlər.
Enerji sistemləri laboratoriyası energetika sahəsinin
bir çox problem məsələləri üzrə təhlil aparmaq və
böyük enerji sistemlərini analiz etmək imkanlarına
malikdir. Qabaqcıl mühafizə sistemlərini
optimallaşdırmağa şərait yaradan bu sistem qarşılıqlı
tərəfdaşlıq proqramı çərçivəsində ABŞ-ın "General
Elektrik Digital Enerji" və ETAP şirkətləri tərəfindən
AzTU-ya hədiyyə edilmişdir. ESL regionda ilk treninq -
tədris laboratoriyası olduğundan bir çox ölkələrdə bu
laboratoriyanın açılışı maraqla izlənilmişdir.
İnformasiya təhlükəsizliyinin bulud sistemi - Huawei VDİ
E6000 universitetin kompüter şəbəkəsini virtual
bulud-informasiya təhlükəsizliyi sistemi altında
birləşdirmişdir.
Təhsil qurumlarının maddi-texniki və tədris metodiki
bazalarının inteqrasiyası ali təhsilin keyfiyyətinin
yüksəldilməsi və nəticələrinin tanınması
nöqteyi-nəzərindən texniki ali məktəblər üçün vacib
əhəmiyyət kəsb edir. İnteqrasiyanı həm bir ölkə
hüdudlarında, həm də təhsil sistemləri oxşar ölkələr
arasında vahid təhsil məkanı yaratmaqla həyata keçirmək
mümkündür. Elmtutumlu texnologiyaların işlənməsində
istifadə olunan laboratoriya və eksperimental
avadanlıqların fiziki və mənəvi köhnəlməsi ali məktəblər
arasında kooperasiya əsasında kollektiv istifadə
mərkəzlərinin, o cümlədən də superkompüter, elektron
mikroskop, 3D skaner və s. ilə təchiz olunmuş
mərkəzlərin, nanotexnologiya və biotexnologiya
mərkəzlərinin, ali məktəb innovasiya infrastrukturlu
mərkəzlərin, texnoparkların, biznes inkubatorların və
texnologiyaları transfer mərkəzlərinin yaradılması
məsələsini ön plana çəkir.
2. İkinci vacib istiqamət beynəlxalq standartlara cavab
verən cihaz, qurğu və avadanlıqların alınması,
sazlanması və tətbiqidir.
Son iki ildə AzTU-da müasir standartlara cavab verən,
kompüterə çıxışı olan, lisenziyalı proqram vasitələri
ilə təmin olunmuş 40-dan artıq cihaz və qurğu, 4
tədris laboratoriyası istifadəyə verilmişdir. Bu
istiqamətdəki fəaliyyət universitet laboratoriyalarının,
uzun müddət durğunluq halında olan, maddi-texniki
bazasını yeniləşdirmək, yeni tədris texnologiyalarının
tətbiqinə şərait yaratmaq baxımından yüksək səmərəliliyə
malikdir. Bu fəaliyyətin gələcəkdə də uğurla davam
etdirilməsi nəzərdə tutulur.
Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını
yüksək texnologiyalar təşkil edəcəkdir. Yüksək
texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması
istiqamətində irəli atılmış bir addımdır. Belə bir
inkişaf elmi-texniki fəaliyyətin nəticələrinə,
investisiyalara, informasiyaya və kadr təminatına olan
tələblərin sərtləşməsini və yeni resursların cəlb
olunmasını tələb edir. Yüksək texnologiya dedikdə yüksək
elmtutumlu işləmələrdə, unikal texnoloji proseslərdə,
cihazlarda və materiallarda istifadə edilən,
fundamental və tətbiqi tədqiqatların beynəlxalq
səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar
(standart üzrə 8%-dən çox) başa düşülür. Yüksək
texnologiyalara, müasir elmi-texniki və intellektual
potensialdan ölkənin sosial-iqtisadi inkişafının
prioritet istiqamətlərində, o cümlədən də müdafiə
qabiliyyətinin yüksəldilməsində geniş istifadə olunan
rəqabətədavamlı məhsul istehsal etməyə imkan verən
texnologiyalar aid edilir. Azərbaycan Respubilkasının
Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elmtutumlu
texnologiyalar əsasında inkişafı dövlətin yüksək
prioritetlərindən biridir və müdafiə sənayesi kompleksi
(MSK) qarşısında qoyulmuş məsələlərin
reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək
ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını
tələb edir. MSK-nın inkişaf səviyyəsi ölkənin milli
təhlükəsizliyinin qarantı olmaqla bərabər iqtisadiyyatın
maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə,
yanacaq-enerji kompleksi kimi vacib sahələrində də
elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.
3. Üçüncü vacib istiqamət universitet əməkdaşlarının
innovativ fəaliyyəti əsasında alınmış ixtira-patentlərin
və layihə texnoloji işləmələrin nəticələrinin tədris
prosesində tətbiqidir.
2009-2012-ci illərdə AzTU-nun əməkdaşları tərəfindən 35
ixtira-patent alınmışdır, onlardan 3-ü Avro-Asiya
patentidir. Ümumiyyətlə götürdükdə isə AzTU-nun
əməkdaşlarının 600-dən artıq ixtira-patenti vardır. Bu
ixtiraların böyük əksəriyyəti modellər, təcrübi və
həqiqi nümunələr kimi tədris prosesində və istehsalatda
tətbiq olunur.
Elmin və innovasiyanın məqsədyönlü inkişafını təmin
etmək, iqtisadiyyatın texnoloji modernləşdirilməsini
həyata keçirmək, elmi potensialı dayanıqlı iqtisadi
inkişafın əsas resurslarından birinə çevirmək prioritet
əhəmiyyətli tədbirlərdir. Elmin prestijinin
yüksəldilməsi məqsədilə mövcud intellektual potensialın
imkanlarından rasional istifadə etməklə bərabər, elmi
sferaya, dünyanın qabaqcıl elm mərkəzlərində təcrübə
keçmiş, yeni informasiya texnologiyalarına və Avropa
dillərinə yiyələnmiş gənc mütəxəssislərin cəlb
olunmasına xüsusi fikir verilməlidir.
Effektiv elmi-tədqiqat sektoru səmərəli innovasiya
sistemi ilə sırf üzvi əlaqədə fəaliyyət göstərməlidir.
Ali təhsil müəssisələrinin patent aktivliyinin
artırılmasına, elmi nəticələrin kapitallaşdırılmasına
xüsusi diqqət verilməli, universitetlərin nəzdində
vençur-innovasya müəssisələri, innovasiya texnoloji
mərkəzlər, texnologiyaları transfer mərkəzləri,
texnoparklar kimi innovasiya strukturlarının baza
elementlərinin yaradılmasına diqqət artırılmalıdır.
İnnovasiya sahibkarlığını himayə edən dövlət və vençur
fondlarının yaradılması məqsədəuyğun olardı.
Müəssisələrin innovasiya aktivliyinə mane ola bilən
səbəblər, o cümlədən də innovasiya fəaliyyətini
genişləndirmək üçün kifayət qədər vəsaitin olmaması,
yeni texnologiyaların yüksək dəyəri, iqtisadi riskin və
özünü ödəmə müddətlərinin çox olması, normativ-hüquqi
bazanın zəif olması kimi amillərin təsiri aradan
qaldırılmalıdır.
4. Dördüncü vacib istiqamət beynəlxalq layihələr
əsasında Avropa təhsil məkanına inteqrasiya, tələbə və
müəllimlərin mobilliyinin təmini və yeni təhsil
texnologiyalarının transferidir.
Son illərdə AzTU Avropanın qabaqcıl universitetləri ilə
4 ədəd regional TEMPUS layihəsində iştirak etmişdir.
Koreyanın beynəlxalq əməkdaşlıq təşkilatı KOİCA ilə
"AzTU-nun təhsil informasiya sisteminin (e-universitet)
yaradılması" mövzusunda layihə başa çatmaq üzrədir,
nanotexnologiyaların işlənməsi və tətbiqi üzrə 2 qrant
layihəsi həyata keçirilir. Cari ildə bir ədəd regional
TEMPUS layihəsi Avropa İttifaqının Elm və təhsil
komissiyasında müvəffəqiyyətlə ekspertizadan keçmiş,
DAAD üzrə iki qrant qazanılmış və 2 layihə isə
müsabiqəyə təqdim edilmişdir. Müasir texnoloji durumun
ən yüksək səviyyəsi CALS (Continuous Acquisition and
Life Cycle Support-Fasiləsiz Təkmilləşdirmə və Həyat
Tsiklinə Dəstək) texnologiyasıdır. CALS texnologiyası
məmulun yaradılması və istifadəsinin bütün
iştirakçılarını kağızsız-elektron informasiya mübadiləsi
əsasında, məmulun elektron təsvirinin vahid
standartları çərçivəsində layihələndirmə, istehsal,
istismar, satışdan sonrakı servis, təmir, bərpa və
utilizasiya proseslərini həyata keçirən vahid bir
kompüter təşkilatında birləşdirir. ABŞ-da CALS
texnologiyalarının tətbiqinə illik investisiya bir
milyard dollar təşkil edir. Beynəlxalq və milli CALS
standartları məmulun, onun həyat siklinin və istehsal
mühitinin informasiya modelinin formatını və məzmununu
müəyyən edir. Əvvəllər elm, layihələndirmə, istehsal və
istehlak ayrı-ayrılıqda, bir-birində məkan və zaman
fərqində fəaliyyət göstərirdisə, CALS texnologiyaları bu
mərhələlərin üst-üstə salınmasını təmin edir. CALS
texnologiyasına qoşulmuş hər bir iştirakçı vahid
standartlar daxilində məmulun hər hansı bir bəndini
səmərəliləşdirərsə bu yenilik dərhal bütün sistemdə oz
ifadəsini tapır. İstehsal və onun məhsulu özü inkişaf
edən sistemə çevrilir.
CALS texnologiyalarından istifadə, keyfiyyətin və riskin
idarə olunması beynəlxalq əməkdaşlığın ilkin
şərtləridir. CALS texnologiyalarının inkişaf
konsepsiyası iqtisadi inkişaf etmiş ölkələrdə, o
cümlədən də Rusiyada artıq hazırlanmışdır və
Azərbaycanda da hazırlanmalıdır.
5. Beşinci vacib istiqamət respublika və beynəlxalq
səviyyəli konfransların və seminarların keçirilməsidir.
Cari ildə AzTU-da çoxsaylı beynəlxalq, respublika və
universitet miqyaslı elmi konfranslar, simpoziumlar və
seminarlar, o cümlədən ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş "Yüksək texnologiyalar
və ali təhsil", "Metallurgiya və materialşünaslığın
problemləri","Avtomatika və idarəetmənin müasir
problemləri", "Heydər Əliyev və Azərbaycan təhsili" və
s. mövzularda elmi konfranslar keçirilmişdir. Bu
konfranslarda AzTU-da yerinə yetirilən dövlət büdcəli və
təsərrüfat hesablı elmi-tədqiqat işlərinin nəticələri,
əməkdaşların innovativ fəaliyyəti, yeni təhsil
texnologiyalarının və tədris-metodiki komplekslərin
aprobasiyası və müzakirəsi həyata keçirilmişdir.
Universitetin əməkdaşları həmçinin beynəlxalq miqyaslı
elmi konfranslarda çıxışlar etmiş və impekt-faktoru
yüksək jurnallarda çap olunmuşlar.
Universitet miqyasında aparılan elmi-tədqiqat,
layihə-texnoloji, innovativ fəaliyyətin və yeni tədris
texnologiyalarının nəticələrinin aprobasiya olunmasında
elmi-praktiki konfrans və seminarların keçirilməsi və
digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda
iştirak yüksək səmərəliliyə malikdir.
6. Altıncı vacib istiqamət informasiya-kommunikasiya
texnologiyalarıdır.
Ali ixtisas təhsili sisteminin Boloniya prosesi
kontekstində modernləşdirilməsi, təhsilin keyfiyyətinin
yüksəldilməsi və nəticələrinin tanınmasının əsas
istiqamətlərindən biri də tədris prosesində və idarəetmə
strukturlarında müasir informasiya texnologiyalarının
tətbiqidir. Təhsildə informasiya texnologiyalarının
tətbiqi ilə əlaqədar həll olunmalı məsələlərin dairəsi
həddən artıq genişdir. Təhsildə yeni tədris
texnologiyaları açıq və distant təhsil üçün asinxron
tədris texnologiyalarının tətbiqini, elektron
dərsliklərin, təhsil portallarının yaradılmasını və
multiagentli texnologiyalardan istifadəni tələb edir.
Təhsildə aparılan islahatlar bir tərəfdən pedaqoji və
psixoloji, digər tərəfdən isə telekomminukasiya və
şəbəkə texnologiyaları, informasiyanın
vizuallaşdırılması, süni intellekt, mürəkkəb proseslərin
modelləşdirilməsi və avtomatlaşdırılması kimi texnoloji
problemlərlə qarşılaşır. Bu təzadların mahiyyəti ondadır
ki, texniki sistemlərin mürəkkəblik dərəcəsinin inkişaf
tempi onların layihələndirmə üsullarının inkişaf
tempindən yüksəkdir. Layihələrin işlənmə müddətləri
texniki sistemlərin mürəkkəblik dərəcəsi artdıqca artır,
mənəvi köhnəlmə müddətləri isə elmi-texniki inkişafın
sürətləndirilməsi ilə azalır. Keçən əsrin əvvəllərindən
bu günədək layihələndirmədə əmək məhsuldarlığı 20%
artdığı halda, istehsalda 100% artmışdır. Elmi-texniki
informasiyanın həcminin daim artması, ənənəvi
layihələndirmə üsul və vasitələri ilə optimal layihə
həllərinin axtarılmasında çətinliklər yaradır. ETİ-nin
həcmi hər səkkiz ildən bir, iki dəfə artır. Odur ki,
müasir dövrdə intensivləşmə probleminin həlli insanın
imkanları tükənməkdə olan fiziki əməyinin
intensivləşməsi hesabına deyil, kompüterin geniş
imkanlarından istifadə edən, praktiki olaraq imkanları
qeyri-məhdud olan intellektual əməyin intensivləşməsi
hesabına həll edilməlidir
İKT üzrə Milli Strategiya və Dövlət proqramlarının
həyata keçirilməsi çərçivəsində tələbəni kreativ
fikirləşməyə sövq edən, arqumentləşdlirilmiş axtarış
aparmağa imkan verən, eyni bir problemə müxtəlif
prizmalar altında baxmağa şərait yaradan müxtəlif
informasiya qaynaqlarına malik informasiya-kommunikasiya
texnologiyalarının, onlayn mobil vasitələrin və elektron
tədris vasitələrinin yaradılmasının yeni üsullarının:
mətnlər, təsvirlər, hiper-rabitə,hipermedya, veb
texnologiyaların tətbiqi istiqamətində AzTU-da geniş
və məqsədyönlü fəaliyyət həyata keçirilir.
Müəllimlərə metodiki dəstək göstərmək və onların
vasitəsilə yeni informasiya texnologiyalarının tədris
prosesində daha geniş miqyaslı tətbiqinə nail olmaq
üçün elektron tədris vasitələrinin işlənməsində
aşağıdakı tələblər nəzərə alınmalıdır:
*
Elektron tədris vəsaiti ancaq müvafiq fənnin öyrənilməsi
ilə bərabər, digər informasiya sistemləri ilə də işləyə
bilmək üsul və imkanlarını öyrətmə vasitəsidir;
*
Elektron tədris vəsaiti özündə informasiya sorğu,
avtomatlaşdırılmış nəzarət və öyrətmə sistemlərinin
mövcud imkanlarını birləşdirməlidir;
*
Elektron tədris vəsaiti ənənəvi vəsaitlərdən fərqli
olaraq materialların variativ təqdim edilməsi və
əks-əlaqənin təmin olunması hesabına hər bir tələbənin
fərdi xüsusiyyətlərini daha dəqiq nəzərə almağa imkan
verməlidir;
*
Elektron tədris vəsaiti tədris prosesinə adaptasiya
olunma vasitələri ilə təmin olunmalıdır.
Qeyri-informatika təmayüllü fənn müəllimlərinin
keyfiyyətli ETV yaratmaq üçün kifayət qədər peşəkarlığa
malik olmaması, lazımi alət vasitələrinin və onlardan
istifadə metodikalarının azlığı elektron tədris
vasitələrinin işlənməsi və tətbiqi qarşısında duran
əsas maneələrdir. Bu maneələri aradan qaldırmaq üçün
informatika təmayüllü kafedralarda müxtəlif mürəkkəblik
səviyyəsinə malik ETV -lərin yaradılmasını təmin edə
bilən alətlər müəyyənləşdirilməli və hər bir alət üçün
ETV yaratma metodikası işlənməlidir.
*
Windows Held formatında hipermətnli ETV,
*
PDF formatında multimedia ETV,
*
Asymetrix Toolbook mühitində virtual laboratoriyalar və
tam multimedia ETV,
*
(HTML, PHP) formatında İnternet əlavələr formatında
virtual laboratoriyalar və tam multimedia ETV.
Elektron tədris vasitələrinin işlənməsində əks-əlaqənin
yaradılması da vacib əhəmiyyət kəsb edir. ETV-nin
müəllifi ilə istifadəçisi arasında əks-əlaqənin olması,
müvafiq düzəlişlər verməklə tələb olunan xüsusiyyətlərə
malik öyrədici proqram vasitələrinin yaradılması
prosesini daha səmərəli idarə etməyə imkan verərdi.
Elektron tədris vasitələrinin hazırlanmasının
universitetlər miqyasında kütləvi hal aldığını nəzərə
alaraq, ETV üçün vacib olan alət vasitələri və onlardan
istifadə metodikaları ilə kafedraların təmin olunması,
ETV-lərin kafedra, fakültə, universitet və nazirlik
yanında fəaliyyət göstərən elmi-metodiki şuralarda
ekspertizadan keçdikdən sonra universitetin elektron
kitabxanası, portalı və mərkəzi verilənlər bazasına
daxil edilməsinə xüsusi fikir verilməlidir. Elektron
kitabxananın universitetin əsas reytinq
göstəricilərindən biri olduğunu nəzərə alaraq
kafedraların elektron tədris kontentləri hesabına
e.kitabxanaların zənginləşdirilməsinə, ETV yaratma və
ondan istifadə vasitələri, alətlər, metodikalar və
informasiya təhlükəsizliyi vasitələri ilə təmin
olunmasına diqqət artırılmalıdır.
7. Yeddinci vacib istiqamət respublika və universitet
miqyaslı nəşrlərdə yeni tədris texnologiyaları,
elmmetrik amillər, beynəlxalq verilənlər bazalarından
istifadə imkanları və s. haqqında maarifləndirici
materialların çap olunmasıdır.
AAK-ın doktotluq dissertasiyaları üçün irəli sürdüyü
tələblər kontekstində elmi təyinatlı verilənlər
bazaları, onların məqsəd və məramları və istifadə
mexanizmləri barəsində daha ətraflı maarifləndirici
materiallara ehtiyac olduğundan bu rubrikanı bir qədər
geniş təqdim edirik.
Yüksək ixtisaslı mütəxəssis hazırlığı sisteminin
səmərəli idarəetmə mexanizmlərini yaratmaq məqsədilə
elmi fəaliyyətin nəticələrini obyektiv qiymətləndirmə
sistemi mövcud olmalıdır. Bu məqsədlə beynəlxalq elm
aləmində geniş tətbiq olunan açar göstəricilərdən:
istinad indeksi, Hirş indeksi, operativlik əmsalı, özünə
istinad və özünü istinad indeksləri və başqa elmmetrik
meyarlardan istifadə edilir. İstinadların indeksləşməsi
ilk dəfə 1873-cü ildə, hüquqi ədəbiyyatların
araşdırılması (Shepard’s
Citations) məqsədilə həyata keçirilmişdir. Elmi
ədəbiyyatlara olan istinadların indeksləşməsi ideyası
Amerikanın Elmi İnformasiya İnstitutunun "Science
Citation İndex" (SCI) yaradıcısı olan, Filadelfiya
Universitetinin professoru, Yujin Harfild tərəfindən
1961-ci ildə işlənmişdir. İstinad indeksində
məqalənin adı, referatı və müəllifləri barəsində
standart biblioqrafik informasiyadan əlavə istinad
olunan qaynaqlar və indeksləşdirilmiş biblioqrafiya
barəsində də məlumatlar verilir. İstinad indeksindən
istifadə edən istifadəçi həm retrospektiv, həm də
perspektivdə ehtimal olunan informasiyanın axtarışını
həyata keçirmək imkanı əldə edir. İstinad olunan
qaynağın axtarışı istifadəçiyə öz işinə bir növ
kənardan baxmaq, bu işdən istifadə edilmə və ya onun
başqa müəlliflər tərəfindən tənqid olunmasını öyrənmək
üçün aşağıdakı imkanları verir:
*
Jurnalın fəaliyyətini araşdırmaq və onun
impakt-faktorunu müəyyən etmək,
*
Jurnalın konkret elmi-tədqiqat müəssisəsi tərəfindən
istifadə olunma dərəcəsini müəyyən etmək,
*
Hər hansı alimin fəaliyyətini qiymətləndirmək,
*
Müsabiqədə iştirak edən alimlərin elmmetrik
göstəricilərini müqayisə etmək,
*
Müsabiqədə iştirak edən alimə rəqiblərinin elmi
işlərinin hansı resurslara söykəndiyini müəyyən etmək.
İstinadların struktur analizinin və bibliometrik
göstəricilərinin müəyyən olunması əsasən dövri mətbuatın
nəşrlərinin daxil edildiyi verilənlər bazasında həyata
keçirilir. Hazırda bir çox beynəlxalq istinad sistemləri
fəaliyyət göstərir (biblioqrafik verilənlər bazası):Web
of Science (WoS), Scopus, Web of Knowledge,
Astrophisics, PubMed, Mathematics, Chemikal Abstracts,
Springers, Agris, GeoRef və s.
Amerikanın Elmi İnformasiya İnstitutunun (İSİ)
İnternet versiyası olan WoS istinadlar üzrə kifayət
qədər tanınmış verilənlər bazalarıdır. WoS əsasən
ingilis, qismən isə alman dilində (1980-ci ildən) olan
9000-dən artıq nəşriyyatı əhatə edir və öz tərkibində üç
verilənlər bazasını birləşdirir:
*
Science Citation İndex Expanded (təbiət elmləri üzrə
baza)-1998-ci ildən bu günə qədər-təbiət elmləri üzrə
1700-dən artıq jurnal;
*
Social Sciences Citation İndex (sosial elmlər üzrə
baza)-1988-ci ildən bu günə qədər sosioloji fənlər üzrə
2100 jurnal;
*
Arts and Humanities Citation İndex (incəsənət və
humanitar elmlər üzrə)-1988-ci ildən bu günə qədər
1300-dən artıq jurnal.
WoS verilənlər bazasında təqdim olunan elmi istiqamətlər
arasındakı faiz nisbətini aşağıdakı kimi ifadə etmək
olar: 25-27% texniki və tətbiqi elmlər, 30%
sosiohumanitar elmlər, 43-45% təbiət elmləri bloku (o
cümlədən 15-18% torpaqşünaslıq, biologiya və səhiyyə).
WoS tədqiqatçılara və mütəxəssislərə biliyin bütün
sahələr üzrə 12000-dən artıq jurnal və 12000 konfrans
materialları, 4400 saytdan informasiya təqdim edir.
WoS-un bazalarına daxil olma imkanı ödənişlı əsaslarla
lisenziya şəklində təqdim edilir. Təşkilatın istinad
indeksinin müəyyən edilməsi iki mərhələdə yerinə
yetirilir: Əvvəlcə həmin təşkilatın nəşrlərinin axtarışı
həyata keçirilir. Sonra isə onlardan gətirilmiş sitatlar
müəyyən olunur. Təşkilatın istinad indeksini daha dolğun
müəyyən etmək üçün onun əməkdaşlarının istinad
indeksləri müəyyən olunur və cəmlənir.
İmpakt-faktor (İF) elmi jurnalın əhəmiyyətliliyinin
kəmiyyət göstəricisidir. Bu və ya digər jurnalın
impakt-faktoru bir-birinə yaxın elm sahələrində aparılan
tədqiqatların səviyyəsini müqayisə etməyə imkan verən
formal meyarlardan biridir. Qrantlar və elmi mükafatlar
almaq üçün təşkil edilən müsabiqələrdə (Nobel mükafatı
da daxil olmaqla) ekspertlər iddiaçının İSİ-nin əhatə
etdiyi jurnallarda nəşr olunma amilinə üstünlük
verirlər. İSİ-də jurnalın impakt faktoru kəsrlə ifadə
olunur. Bu kəsrin məxrəcində müəyyən vaxt ərzində
(adətən iki il müddətində) jurnalda çap olunmuş
məqalələrin ümumi sayı, surətində isə bu müddət ərzində
müxtəlif mənbələrdə bu məqalələrə edilən istinadların
sayı göstərilir. İmpakt-faktorun hesablanması 3 illik
müddəti əhatə edir. Məsələn, 2008-ci il üçün jurnalın
impakt faktoru İ2008 aşağıdakı kimi
hesablanır. İ2008=A/B. Burada, A- jurnalda
2006-2007-ci illər ərzində çap olunan məqalələrə 2008-ci
ildə İSİ-nin izlədiyi jurnallardakı istinadların
sayıdır; B- jurnalda 2006-2007-ci illərdə çap olunmuş
məqalələrin ümumi sayıdır. Başqa sözlə desək, jurnalın
impakt-faktoru əvvəlki iki il müddətində həmin jurnalda
çap olunmuş məqalələrə, araşdırılma aparılan il ərzində
edilən istinadların orta sayına bərabərdir. İSİ
tərəfindən jurnalların impakt-faktorları hər il
hesablanır və Journal Citation Reports-un verilənlər
bazasında çap olunur.
Diaxron
və sinxron impakt-faktorlar bir-birindən
fərqləndirilir. Mahiyyətcə jurnalın ikiillik diaxron
impakt-faktoru - jurnalda çap olunmuş məqaləyə sonrakı
iki il ərzində ediləcək istinadların orta sayına
bərabərdir. Sinxron impakt-faktordan fərqli olaraq,
diaxron göstərici araşdırılan ildə çap olunmuş
məqalələrə edilmiş istinadları nəzərə alır. Bir çox
mütəxəssislərin nəzərincə, bu göstərici reallığı daha
düzgün əks etdirir. Diaxron impakt-faktorun çatışmayan
cəhəti, jurnalın son iki illik buraxılışı üçün onu
hesablamağın qeyri-mümkünlüyüdür: məsələn, 2008-ci ilin
impakt-faktorunu hesablamaq üçün 2010-cu ilin başa
çatmasını gözləmək lazımdır.
Sinxron
impakt-faktor hesablanarkan istinad olunan ilin və
əvvəlki illərdə çap olunmuş məqalələrdən hansılara
istinad olunduğunun dəqiq müəyyən olunduğunu,
diaxron impakt-faktorun hesablanmasında isə
məqalələrin çap olunduğu ilin dəqiq müəyyən olunduğunu
və bu ildə çap olunmuş məqalələrə gələcək istinadların
hesablandığını nəzərə alsaq, sinxron yanaşma
retrospektiv, diaxron yanaşma isə perspektiv yanaşma
sayıla bilər.
Bibliometrik göstərici kimi operativlik indeksindən
də istifadə olunur. Operativlik indeksi jurnalda çap
olunmuş məqalənin elm aləminə nə qədər tez məlum
olduğunu müəyyən edir. Sinxron və diaxron
impakt-faktorlardan fərqli olaraq operativlik indeksi
ancaq cari ildəki istinadları nəzərə alır. Bu indeksdən
istifadə etməklə məqaləyə həmin təqvim ilində edilən
istinadları müəyyən etmək mümkündür.
Jurnalın özünə istinad və özünü istinad
əmsalları da əsas bibliometrik göstəricilərdəndir.
Jurnalın özünə istinad əmsalı, hər hansı jurnalda çap
olunmuş materiallara bu jurnalın özündə edilmiş
istinadların sayının jurnal tərəfindən alınmış
istinadların ümumi sayına nisbəti ilə müəyyən olunur.
Özünü istinad əmsalı isə jurnalda çap olunmuş
materiallarda bu jurnalın özünə olan istinadların
sayının bu jurnaldan edilən istinadların ümumi sayına
nisbətinə bərabərdir. Başqa sözlə desək, özünə istinad
əmsalı jurnal tərəfindən alınmış bütün istinadlar
içərisində jurnalın özünə edilən istinadların xüsusi
çəkisini göstərir. Aydındır ki, hər iki halda istinadlar
müəyyən vaxt intervalında araşdırılır.
Hazırda elmi informasiya bazarında əsas rəqabət WoS və
Scopus arasında aparılır. Scopus verilənlər bazası
2004-cü ildə Elsevier şirkəti tərəfindən yaradılmış və
bununla da 2004-cü ilə qədər beynəlxalq elmi informasiya
bazarında monopoliyanı əlində saxlamış WoS-un
təkhakimiyyətliliyinə son qoyulmuşdur. Scopus, 8 il
müddətində indeksləşdirilən elmi jurnalların sayına
görə öz rəqibini ötüb keçmişdir. Scopus
multidissiplinli referativ verilənlər bazasında dünyanın
4 min elmi nəşriyyatından 15 mindən artıq elmi jurnalı,
o cümlədən də 200 Rusiya jurnalı, ABŞ, Avropa və
Yaponiyanın 13 mln.patenti və elmi konfransların
materialları qeydiyyatdan keçir. WoS-dan fərqli olaraq
Scopus humanitar elmləri və incəsənət təyinatlı nəşrləri
əhatə etmir, sosial elmlər üzrə jurnalların - 17%-dən az
bir hissəsini, təbiət və texniki elmlərin isə - 83%
təmsil edir. Bu gün üçün Scopus verilənlər bazasında
31234, WoS -da isə 19538 yurnaldan informasiya
saxlanılır. 15189 jurnal hər iki verilənlər bazasında
indeksləndirilirlər, bu da WoS massivinin 3/4,Scopus-un
isə yarısını təşkil edir. Əgər ancaq aktiv jurnalları
(hazırda verilənlər bazasında indeksləşdirilən) nəzərə
alsaq onda "qeyri-aktiv" (əvvəllər indeksləşdirilmiş)
statusu almış jurnallara nəzərən (Scopus-8.432; WoS
-934) tamamilə başqa bir mənzərənin şahidi oluruq.
Scopus-da 19809, Web of Science-da isə 12311 elmi jurnal
"aktiv" statusuna malikdir, 11377 jurnal isə hazırda
hər iki verilənlər bazasında indeksləşdirilirlər.
WoS-da "unikal" elmi jurnalların faizi 7,5% , Scopus-da
isə 42% təşkil edir. Scopus-un yüksək sürətli
inkişafına baxmayaraq, 1996-cı ildən əvvəlki qeydiyyat
baxımından WoS-ın arxivləri daha həcmli və dərindir.
1996-cı ilə qədərki arxivlərdəki biblioqrafik qeydlər,
bibliometrik informasiya üçün vacib olan istinad olunan
ədəbiyyatların siyahısına malik deyildirlər. Hər iki
verilənlər bazasındakı ən qədim qeydiyyat XIX əsrə
təsadüf edir. Bu dövrdə Scopus-da Lancet jurnalının
1823-cü il buraxılışı, WoS-da isə 1840-cı ildə aparılmış
kimyəvi reaksiyalar arxivləşdirilmişdir. Hər iki
verilənlər bazasında elmi jurnalların seçim meyarları
kifayət qədər sərt, imtina faizi isə (ayrı-ayrı ölkələr
üçün 94% təşkil edir) kifayət qədər yüksəkdir. Seçim
tələblərinə cavab verməyən jurnallara İnaktive
statusu verilir.
Qeyri-trivial məsələlərdə hər iki bazada məntiqi
operatorlardan istifadə etməklə axtarış həyata keçirmək
mümkündür. WoS indeksi axtarışın nəticələrini
vizuallaşdırma və istinad kartına baxış vasitələrinə
malikdir. Retrospektiv analiz məsələləri üçün zəngin və
dərin arxivə malik WoS-dan, perspektiv məsələlərdə
forsayt və proqnozlaşdırmada isə Scopusdan istifadə
etmək daha məntiqli sayılır.
Verilənlər bazasında jurnalın indeksləşdirilməsi müəyyən
səbəb ucbatından dayandırıldıqda ona İnactive
statusu verilir və carı nömrələrin indeksə
yükləndirilməsi dayandırılır.
İndekslənən jurnalların siyahısında (title list) bütün
dövrlərdə bu indeksə düşmüş jurnallar barəsində
informasiya olur. Onların hər biri üçün arxivin
dərinliyi və cari statusu (Active və ya
İnactive) göstərilir. Jurnalın seçim meyarı hər bir
indeksin daxili siyasətindən asılıdır. Baza meyarlarına
cavab verməyən jurnallar ekspertizaya qəbul edilmir. Bu
meyarlara hər bir məqalədə ingilis dilində annotasiya
və açar sözlərin olması, periodikliyə dəqiq riayət
edilməsi, məqalənin resenziyalaşdırma aparatından
keçməsi və s. aid edilir.
Hər hansı bir alimin əsərlərinin dəyər göstərici kimi
dövri elmi mətbuatda onun əsərlərinə edilmiş
istinadların sayı ilə səciyyələnən Elmi istinad indeksi-
Hirş indeksindən (h-indeks) istifadə edilir. Elm-təhsil
müəssisəsində yüksək elmi-istinad indeksinə malik
alimlərin olması, bu təşkilatın fəaliyyətinin bütünlükdə
yüksək səmərəliliyə malik olması deməkdir. Hirş
indeksi-Kaliforniyanın San-Dieqo Universitetinin
fiziki Horhe Hirş tərəfindən 2005-ci ildə təklif olunmuş
elmmetrik göstəricidir. Bu, bir növ alimin əsərlərinə
edilən istinadların ümumi sayı ilə müəyyən olunan
klassik "istinad indeksinə" alternativ bir
göstəricidir. Hirş indeksi tədqiqatçının məqalələri və
bu məqalələrə olan istinadların sayına əsaslanır,
başqa sözlə desək, alim o vaxt h indeksinə mailk olur
ki, onun N sayda əsərinin h sayına ən azı h dəfə istinad
edilmiş olsun. Məsələn, h-indeksi 10 bərabərdir, o
deməkdir ki, bu alim tərəfindən ən azı 10 elmi iş çap
olunmuş və bu işlərin hər birinə 10 və daha çox dəfə
istinad edilmişdir. Adətən fizika sahəsində tanınmış
alımin h indeksi 10-dan çox, Nobel mükafatı
laureatlarınin indeksi isə 60-dan yüksək olur. Bununla
belə, maşınqayırma sahəsində dünyanın ən adlı-sanlı
aliminin h-indeksi 15-dən yuxarı deyildir.
İstinad indekslərini üç əsas qrupa bölmək olar: konkret
bilik sahələri üzrə verilənlər bazası, politematik
beynəlxalq verilənlər bazası, milli-konkret ölkənin və
ya tarixən sıx elmi əlaqələrə malik ölkələrin nəşrləri
barəsində informasiyaya malik politematik biblioqrafik
verilənlər bazası.
Milli
səviyyələrdə elmi təşkilatları müqayisəli qiymətləndirmə
məsələlərinin həllində milli istinad indekslərindən
istifadə etmək daha məqsədəuyğun sayılır. Bu onunla izah
edilir ki, dünyadakı bütün elmi nəşrlər bu və ya digər
səbəbdən beynəlxalq indeksə düşmürlər. Misal üçün,
Rusiyadakı hər 10 məqalədən biri beynəlxalq indeksə
düşür. Başqa sözlə desək, beynəlxalq verilənlər
bazalarında qeydiyyatdan keçmiş 10% informasiya
əsasında qalan 90% nəşrləri qiymətlən-dirmək lazım
gəlir. İstinad indeksi iki əsas parametrdən
formalaşdırılır: indeksdəki jurnalların sayı və hər bir
jurnal üçün arxivin dərinliyi. Məsələn, dərinliyi
1962-ci ildən 2012-ci ilə qədər olan arxivdə ildə 4
dəfə çıxan yurnal verilənlər bazasına 200 buraxılış
daxil etdiyi halda, dərinliyi 2012-ci ildən 2012-ci ilə
qədər olan arxivdə isə həmin yurnal verilənlər bazasına
ancaq 40 buraxılış daxil edir.
Araşdırmalar göstərir ki, beynəlxalq verilənlər
bazalarında rusdilli jurnallar nisbətən az faizlə təmsil
olunurlar. Məsələn, Rusiya Federasiyasında nəşr olunan
3000 elmi jurnaldan ancaq 150 jurnal WoS -da
qeydiyyatdan keçmişdir (yəni 5%). Onlar da əsasən
tərcümə olunmuş jurnallardır. Bütün bunlar göstərir ki,
bu günə qədər postsovet məkanında nəşr olunan rusdilli
elmi jurnalların materialları beynəlxalq elmi
ictimaiyyətin nəzər-diqqətindən kənarda qalmış, onlayn
rejimində onlardan istifdə edilməmişdir. Thomson Reuters
Essential Science İndicators (2009) göstəricilərinə
əsasən istinad indeksinin beynəlxalq verilənlər
bazasında Rusiya ancaq 20-ci yeri tutur. Bu ancaq
jurnalların səviyyəsinin aşağı olması ilə deyil, bir
sıra obyektiv və subyektiv səbəblərlə də, o cümlədən də
dil baryeri ilə də izah edilir:
*
Jurnalın seçilməsində onun keyfiyyəti, beynəlxalq
standartlara uyğunluğu, nəşrin müntəzəmliyi, məqalə ilə
əlaqədar biblioqrafiyanın olması, məqalənin təqdim
olunmasından nəşrinə qədərki müddət əsas götürülür.
*
İstinad olunma jurnalın tam mətnli və anlaşıqlı elektron
versiyasının olmasına üstünlük verilir.
*
Müxtəlif sahələr üzrə elmi inkişafın xüsusiyyətləri
jurnalın seçiminə əsaslı təsir göstərir. Məsələn, elə
elmi istiqamətlər mövcuddurlar ki, onlar nisbətən lokal
və müəyyən dərəcədə də region və ya ölkə daxilində
özünə qapılmış tərzdə inkişaf edirlər. Bu özünü
ictimai və humanitar elmlərin bəzi spesifik sahələrində
daha parlaq büruzə verir.
Elmi istinad üzrə Rusiya indeksi yeni layihədir və
2005-ci ildən fəaliyyətə başlamışdır.
РИНЦ
Rusiyanın 2 milyondan artıq nəşrini və həmçinin
2000-dən artıq jurnalda bu nəşrlərə olan istinadları
akkumulyasiya edən milli informasiya-analitik
sistemidir.
РИНЦ
ancaq elmi tədqiqatları aktual biblioqrafik
informasiya-sorğu materialları ilə operativ təmin etmək
üçün deyil, həmçinin elmi-tədqiqat müəssisələrinin,
alimlərin, elmi jurnalların və s. səmərəliliyini və
nəticələrinin qiymətləndirilməsinə imkan verən güclü
bir alətdir.
РИНЦ
jurnal məqalələri, annotasiyalar-qısa şərhlər və
məqalələrdə istinad olunan ədəbiyyatların siyahısı
barəsində tam biblioqrafik informasiya axtarışı və
emalını həyata keçirən ixtisaslaşdırılmış verilənlər
bazasıdır. Biblioqrafik və istinad səciyyəli
informasiyadan başqa
РИНЦ nəşrlərin
müəllifləri və onların təmsil olunduğu müəssisələr
barəsində də informasiya verilməsi nəzərdə tutulur.
Nəticədə elmi ierarxiyanın bütün vertikalı üzrə nəşr
və istinad göstəricilərinin inteqrasiyasını həyata
keçirmək imkanı əldə edilir. Jurnallara edilən
istinadlar üzrə impakt-faktor isə periodik elmi
nəşrlərin reytinqinin müəyyən olunmasında və həmçinin
ali məktəb və elmi-tədqiqat institutlarının
əməkdaşlarının çap olunma aktivliyinin
qiymətləndirilməsində meyar kimi istifadə edilir.
Qazaxstan Respublikasının Təhsil və Elm Nazirliyi
nəzdində fəaliyyət göstərən Milli elmi-texniki
informasiya mərkəzinin 2011-ci ildə Thomson Reutersdən
aldığı milli lisenziya Qazaxıstanın akademik
cəmiyyətinə multi-dissiplinar The Web of Knowledge
platformasından ödənişsiz istifadə etmək imkanları
vermişdir.
Azərbaycan alimlərinin, elmi-texniki jurnallarının, elm
və təhsil müəssisələrində aparılan elmi-tədqiqatların,
magistratura və doktorantura səviyyələrində elmi kadr
hazırlığının və ümumilikdə universitetlərin reytinqinin
qiymətləndirilməsində elmmetrik göstəricilərin müəyyən
olunması və tətbiqinin vacib əhəmiyyətini nəzərə alaraq
Web of Science, Scopus,
РИНЦ kimi
verilənlər bazaları barəsində maarifləndirici
materialların çap olunmasına, nəşrlərin elmi, qrammatik
və biblioqrafik səviyyəsinin yüksəldilməsinə diqqət
artırılmalıdır. Web of Science və Scopus kimi
verilənlər bazalarında qeydiyyatdan keçmiş jurnalların
əsasən ingilis və qismən isə alman dilli olduqlarını,
onların böyük bir qismində isə məqalələrin ödənişli
əsaslarla çap olunduğunu nəzərə alaraq, gənc alimlər
üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycanda
elmi informasiya institutunun və müvafiq verilənlər
bazasının yaradılması məsələsi müvafiq dövlət
qurumları qarşısında qaldırılmalıdır. Rusiya ilə
Azərbaycanın tarixən sıx elmi əlaqələrə malik olduğu
baxımından, milli verilənlər bazası yaradılanadək,
jurnalların və alimlərin elmmetrik göstəricilərinin
müəyyən olunmasında
РИНЦ-in
impakt-faktorlarından istifadə etmək məqsədəuyğun
olardı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "QARA QIZILI
İNSAN KAPİTALINA ÇEVİRƏK" hikmətinin
reallaşdırılmasının əsas komponentlərindən biri kimi,
yüksək elmtutumlu texnologiyaların işlənməsi, təbliği
və tədris prosesində tətbiqi istiqamətində aparılan
məqsədyönlü fəaliyyət daim universitet və
elmi-tədqiqat müəssisələrinin elmi-pedaqoji
ictimaiyyətinin diqqət mərkəzində saxlanılmalıdır.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin rektoru, professor,
Həsən HÜSEYNOV,
kafedra müdiri, professor |