Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda 15 iyun - Milli Qurtuluş Günü münasibəti
ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə
institutda yaradılmış Heydər Əliyev muzey-lektoriyası
ilə tanış olmuşlar.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra institutun rektoru, professor
Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq Milli
Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil
dövlətimizin qurulmasından, inkişaf etdirilməsindən və
möhkəmləndirilməsindən danışmışdır.
Bildirilmişdir ki, iyirminci yüzilliyin sonunda SSRİ-nin
süqutu yeni müstəqil dövlətlərin yaranması ilə
nəticələndi. Azərbaycan da bu müstəqil dövlətlər
sırasında özünə yer tutdu. Lakin o vaxtkı hakimiyyətin
səriştəsiz idarəçiliyi sayəsində ölkəmiz parçalanmaq,
dağılmaq həddinə çatmışdı. Bir sıra xarici qüvvələr və
onların respublikamızdakı havadarları Azərbaycan
xalqının azadlıq ideallarının reallaşmasına müqavimət
göstərmək, milli istiqlaliyyətin bərpa edilməsinə mane
olmaq üçün təxribatlar törədirdilər. Belə bir mürəkkəb
şəraitdə - 1993-cü ildə itaətsizliyin, anarxiya və
xaosun ağlasığmaz dərəcədə olduğu vaxtda xalqımızın
təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışı nəticəsində qardaş qırğınının,
vətəndaş müharibəsinin qarşısı alındı, ictimai-siyasi
sabitlik bərpa olundu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali
Sovetinin sədri seçilməsi günü - Milli Qurtuluş Günü
yaddaşlara əbədi həkk olunmuşdur.
Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra
ölkəmizdə qanunçuluğun bərqərar olunması istiqamətində
ciddi tədbirlər görüldü, xalqımızın vahid ideologiya -
azərbaycançılıq ideologiyası ətrafında birləşərək
həmrəylik nümayiş etdirməsinə nail olundu.
Professor Asəf Zamanov onu da qeyd etdi ki, Azərbaycanın
daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək,
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"
adlandırılan ilk neft sazişinin imzalanması və onun
gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyev ölkənin milli mənafelərinə uyğun şəkildə
istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq
iqtisadi sazişlərin işlənib hazırlanması və həyata
keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli
fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və
müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq
müqavilələrə imza atılmış və onların həyata
keçirilməsinə başlanılmışdır.
Bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil
sahəsində də köklü islahatlar aparılmış, ölkənin
intellektual potensialının inkişafına xüsusi qayğı
göstərilmişdir.
Vurğulanmışdır ki, bütün həyatını öz xalqına bəxş etmiş
Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin
fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz
buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə
çevrilmişdir. Gələcək nəsillər bundan sonra da bu böyük
məktəbdən - Heydər Əliyevin zəngin siyasi irsindən
ölkəmizin inkişafı, xalqımızın rifahı naminə
faydalanacaqdır.
İnanırıq ki, ulu öndərin siyasi kursunun layiqli
davamçısı, ölkəmizin Prezidenti möhtərəm İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza
atacaqdır.
Konfransda pedaqogika kafedrasının müdiri, dosent Fikrət
Əliyev, ixtisasartırma fakültəsinin dekanı Polad
Mədədov, dosent Aydın Aslanov, və başqaları çıxış edərək
Milli Qurtuluş Gününün əhəmiyyətindən və ümummilli
liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız
üçün qurub yaratdığı müasir Azərbaycanın böyük
uğurlarından söz açmışlar.
Konfrans sənədli filmin nümayişi ilə başa çatmışdır.
Tural QULİYEV |