Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğu günü ilə bağlı konfrans keçirilmişdir

 

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə  həsr olunmuş "Dövlət qulluğunun aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Elmi-praktik konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilk Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq peşə bayramı münasibəti ilə dövlət qulluqçularını təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Rektor ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyi, davamlı insan potensialına əsaslanan inkişafın əhəmiyyəti, elmə əsaslanan inkişaf və dövlət qulluğu sisteminin idarə edilməsinin elmi əsasları barədə danışmış, dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə ümummilli lider Heydər Əliyevin töhfəsindən, dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatların nəticəsində həmin sahədə olan irəliləyişlərdən söz açaraq, bu məsələlərin ölkə Prezidenti İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını vurğulamışdır. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor Dövlət Qulluğunu İdarəetmə Şurasına Prezident Administrasiyasının rəhbəri, uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan akademik Ramiz Mehdiyevin başçılıq etməsinin bu qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir. Urxan Ələkbərov dövlət qulluğu sahəsində aparılan islahatların uğurlu nəticəsindən, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi və bu qanunun qəbul olunması ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əhəmiyyəti barədə danışmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxış edərək müstəqil Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açmışdir. Bəhram Xəlilov rəhbərlik etdiyi komissiyanın əsas məqsədlərinin dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, həmçinin digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarət olduğunu qeyd etmişdir.

Konfransda DİA-nın I prorektoru, professor Əlikram Abdullayev "Dövlət qulluğunun etik potensialı", Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri, dosent Afaq Hüseyn "Dövlət qulluğu sahəsində kadr siyasətinin təkmilləşdirilməsi", DİA-nın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının ixtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova "Dövlət qulluqçularının ixtisasının artırılmasının müasir innovativ metodları", DİA-nın Elmi Təşkilat şöbəsinin müdiri, dosent Rəcəb  Rəhimli "Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi" mövzularında məruzələrlə çıxış etmişlər.

Elmi-praktik konfransda dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid siyasətin həyata keçirilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflərin hazırlanması, eyni zamanda bu istiqamətdə dövlət qulluqçularının peşə hazırlığı, ixtisasının artırılması sahəsində dövlət orqanları ilə birlikdə fəaliyyətin əlaqələndirilməsi və s. kimi mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov