Naxçıvan Özəl Universitetinin 2013-cü il məzunlarının
buraxılış gecəsi keçirilmişdir. Tədbir Azərbaycan
Respublikasının Dövlət himni ilə başlanmışdır.
Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış
edərək gənclərə tələbə adını daim uca tutmağı tövsiyə
etmiş, məzunlarla bağlı ürək sözlərini çatdırmışdır.
Universitetin fəaliyyəti ilə bağlı məlumat verən rektor
məzunlara bu bilik xəzinəsindən yiyələndikləri sərvəti
daim qoruyub saxlamağı və gələcəkdə elmin, təhsilin
dövlətçilik və azərbaycançılıq ideyalarının inkişafına
layiqli töhfələr vermələrini arzulamışdır. Qeyd
olunmuşdur ki, bu il universitetdə bakalavr pilləsi üzrə
171, magistratura pilləsi üzr 7 nəfər tələbə məzun olur.
Muxtar respublika rəhbərliyi tərəfindən onların
ixtisaslı kadr kimi işlə təmin olunmasına xüsusi qayğı
göstərilir. İsmayıl Əliyev məzunlara gələcək
fəaliyyətlərində nailiyyətlər, mənsub olduqları xalqın,
dövlətin adını ləyaqətlə, daim uca tutmağı arzulamış,
təhsil aldıqları ali məktəbin adını doğruldacaqlarına
inamını ifadə etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf,
Maliyyə, Vergilər, Gənclər və İdman nazirliklərinin,
Milli Bankın, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan
Müəllimlər İnstitutunun nümayəndələri və Heydər Əliyev
adına tam orta məktəbin direktoru iştirak etmişlər.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin daim təhsilə
böyük önəm verdiyini vurğulamışlar. Dövlət başçısı İlham
Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox
sürətlə inkişaf etdiyini bildirən natiqlər məzunlara
arzularını çatdırmışlar.
Tədris və elmi işlər üzrə prorektor, tarix üzrə fəlsəfə
doktoru, dosent İbrahim Kazımbəyli, humanitar məsələlər
üzrə prorektor Əli Yusifov, iqtisadiyyat fakültəsinin
dekanı, dosent Ceyhun Mahmudov, pedaqoji fakültənin
dekanı Məftun İsmayılov çıxışlarında məzunlara
universitetdə qazandıqları bilikləri, dəyərləri gələcək
həyatlarında tətbiq etməyi, qoruyub saxlamağı tövsiyə
etmişlər.
Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları
müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya,
onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını
bildirmişlər.
Sonda universitetin ictimai və mədəni həyatında
fərqlənən bir qrup məzuna təşəkkürnamələr, bir qrup
əlaçı tələbəyə diplom əvəzi sənəd və döş nişanı təqdim
olunmuşdur. Sonra universitetin həyatından bəhs edən
film nümayiş etdirilmişdir. "Dəniz" vokal instrumental
ansamblının ifasında səslənən bir-birindən maraqlı
musiqi nömrələri tədbir iştirakçıları tərəfindən
alqışlarla qarşılanmışdır.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri |