İyunun
18-də Hollandiyanın Yeni Avropa Universitetinin
rektoru, professor E.Didyen Bakı Slavyan Universitetinin
qonağı olmuşdur. Qonaq universitetlə tanışlıq
çərçivəsində muzey, müasir standartlara uyğun yenidən
qurulmuş kitabxanada olmuş, xarici ölkələrin BSU-da
fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini gəzmiş
və "Kölgə Kabineti"nin üzvləri ilə görüşmüşdür.
Professor-müəllim heyəti ilə görüşdə BSU-nun rektoru,
AMEA- nın müxbir üzvü, professor Kamal Abdullayev çıxış
edərək qonağı rəhbərlik etdiyi ali məktəbdə
qarşılamaqdan şad olduğunu bildirirək qeyd etmişdir:
"Mən artıq dostlaşdığım cənab E.Didyenə öz təşəkkürümü
bildirirəm. Ümid edirəm ki, tələbələrimiz,
müəllimlərimiz, alimlərimiz arasında əməkdaşlıq ancaq
sözdə deyil, real həyatda da özünü göstərəcəkdir. Əminəm
ki, imzalayacağımız bu əməkdaşlıq müqaviləsi hər iki
tərəf üçün son dərəcə uğurlu olacaq və bundan bizim
tələbələrimiz də, müəllimlərimiz də yetərincə
faydalanacaqdır".
Yeni Avropa Universitetinin rektoru, professor E.Didyen
dəvətə görə K.Abdullayevə təşəkkür etmişdir. Rəhbərlik
etdiyi universitet haqqında ətraflı məlumat verən rektor
arzu edən gəncləri Hollandiyada təhsil almağa dəvət
etmişdir. BSU-nun təhsil səviyyəsini yüksək
qiymətləndirən qonaq burada fəaliyyət göstərən
tədris-mədəniyyət mərkəzlərinin işindən də olduqca razı
qaldığını vurğulamışdır. "Sizin çox dərin mədəniyyətiniz
var" deyən professor E.Didyen Yeni Avropa
Universitetində Azərbaycan dili və mədəniyyəti
mərkəzinin açılması ilə bağlı danışıqlar aparmağa hazır
olduğunu da bildirmişdir.
Sonra tərəflər arasında əməkdaşlıq memorandumu
imzalanmışdır. Bu müqaviləyə əsasən iki universitet
arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi
konfransların, seminarların təşkil olunması,
elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma
əldə edilmişdir.
Şakir CƏFƏROV |