İyunun
13-də Qafqaz Universitetində bu ali təhsil ocağının 16-cı
buraxılışına həsr olunmuş "Məzun gecəsi" keçirilmişdir.
"İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi
ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri,
Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr
iştirak etmişlər.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək
müasir dünyada təhsilin mühüm rolundan danışmışdır.
Ölkəmizdə təhsilə böyük önəm verildiyini, ulu öndər
Heydər Əliyevin bu sahənin inkişafına daim diqqət və
qayğı göstərdiyini, bu siyasətin hazırda Prezident İlham
Əliyev tərəfindən də uğurla davam etdirildiyini söyləyən
nazir ali təhsil müəssisələrində müasir tələblərə cavab
verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının
əhəmiyyətini vurğulamışdır.
Məzunları təbrik edən M.Cabbarov onları vətənpərvərliyə
çağırmış, hər birinə uğurlar arzulamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev ölkəmizdə təhsil üzrə
əhəmiyyətli tədbirlərin, proqramların reallaşdırıldığını
qeyd etmiş, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində çoxlu sayda azərbaycanlı gəncin dünyanın
ayrı-ayrı ölkələrinin ən nüfuzlu universitetlərində
oxuduqlarını diqqətə çatdırmışdır.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç
ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu
ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq
əlaqələri barədə məlumat vermişdir. Universitetdə
təhsilin inkişafı üçün uğurlu tədbirlər həyata
keçirildiyini söyləyən professor A.Saniç təhsildə
qazanılan nailiyyətləri diqqətə çatdırmışdır. Qeyd
olunmuşdur ki, bu il Qafqaz Universitetini 530 məzun
bitirir. Onlardan 370-i bakalavriatura, 160-ı isə
magistratura pillələrinin məzunlarıdır.
Mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti Xoşbəxt Yusifzadə, Bakı Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov, Azərbaycan Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov
və b. da çıxış edərək ulu öndər Heydər Əliyevin təhsilə
daim böyük əhəmiyyət verdiyini vurğulamışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət
nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini
bildirən natiqlər, məzunlara xoş arzularını çatdırmışlar.
Tədbirdə təhsil dövründə fərqlənən məzunlar
mükafatlandırılmışlar. Ənənəvi olaraq Qafqaz
Universitetinin bölmə birincilərinə xatirə hədiyyəsi və
təşəkkürnamə, fakültə və universitet birincilərinə
xatirə plaketi təqdim olunmuşdur. Eyni zamanda
2012-2013-cü tədris ilində beynəlxalq və respublika
olimpiadalarında fərqlənən tələbələrə xatirə hədiyyələri
verilmişdir.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.
Yusif ƏLİYEV |