Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Göyçayda iki məktəbin gigiyenik şəraiti yaxşılaşdırılmışdır

 

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı" proqramı çərçivəsində həyata keçirilən "Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması" layihəsinin icrası başa çatmışdır.

Göyçay Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, bu münasibətlə iyunun 14-də keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, RTŞ müdiri Asif Nəbiyev və  başqaları iştirak etmişlər. Mərasim iştirakçıları öncə pilot layihə əsasında Göyçay şəhərindəki 6 nömrəli məktəbdə və internat məktəbində inşa edilən müasir sanitar qovşağı ilə tanış olmuş, orada müəllim və şagirdlər üçün yaradılmış şəraitlə maraqlanmışlar.

Mərasimdə layihə barədə geniş məlumat verilərək bildirilmişdir ki, "Yerli İdarəetməyə Yardım" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Göyçaydakı  M.Füzuli adına şəhər 6 nömrəli tam orta məktəbdə və S.Vurğun adına internat məktəbində müasir standartlara cavab verən yeni sanitar qovşağı tikilməklə müəllim və şagirdlər üçün gigiyenik şərait xeyli yaxşılaşdırılmışdır.

Qeyd olunmuşdur ki, bu məktəblərdə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına çox böyük ehtiyac var idi. Bu ilin fevralında icrasına başlanılan layihə çərçivəsində həmin təhsil ocaqlarında müasir sanitar-gigiyenik standartlara cavab verən sanitar qovşaqları və hamam tikilmiş, onlar davamlı olaraq isti və soyuq su ilə təmin olunmuş, uşaqların bu sahədə maarifləndirilməsi üçün görüşlər keçirilmiş, məlumat kitabçaları paylanılmış, fiziki qüsurlu şagirdlər üçün zəruri şərait yaradılmışdır. Ümumilikdə 806 şagird və 306 müəllim məktəbdə onlar üçün yaradılan şəraitdən bəhrələnəcəkdir.

Məlumat verilmişdir ki, bu, Yaponiya səfirliyinin, BMT-nin Uşaq Fondunun, valideyn-müəllim assosiasiyalarının birgə həyata keçirdikləri pilot layihədir. Ümumi dəyəri 123 min 342 ABŞ dolları olan bu sınaq layihənin uğurundan asılı olaraq gələcəkdə Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır.

RTŞ-dan aldığımız məlumatda o da qeyd olunur ki, Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı" proqramı çərçivəsində bu günədək Göyçay rayonunda sel və daşqınların nəticələrinin aradan qaldırılması, şəhərin su təchizatı sisteminin yaxşılaşdırılması, Alpoud kənd məktəbi üçün yeni binanın tikintisi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının inzibati binasının əsaslı təmiri və məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması üçün, ümumilikdə, 444 min 203 dollar vəsait ayrılmışdır. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov