Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında
Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış
araşdırmalar nəticəsində Bakı şəhərində yerləşən 3
təhsil müəssisəsində ciddi faktlar aşkarlanmış və
müvafiq tədbirlər görülmüşdür.
Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam
orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə
bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin
çoxsaylı şikayətləri daxil olmuş, uşaqların I sinfə
qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol
verildiyi aşkarlanmışdır. 13 iyun 2013-cü il tarixdən
məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinə
xitam verilmişdir. Hazırda qeyd olunan təhsil
müəssisəsində aparılan araşdırmalar davam etdirilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2
nömrəli ümumi orta internat məktəbin direktoru K.Hacıyev
və 11 nömrəli xüsusi internat məktəbin direktoru
M.Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə
münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına,
rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol
verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi
üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil
nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad
edilmişlər.
Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi
nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil,
qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və
cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti
dövlət qurumları ilə birgə tədbirlər həyata
keçiriləcəkdir. Təhsil sistemində mövcud olan neqativ
hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcəkdir.
Müvafiq nöqsanlarla bağlı görülmüş tədbirlərdən təhsil
sistemində çalışan hər bir şəxs düzgün nəticə çıxarmalı,
qanunvericiliyin tələblərinə riayət etməlidir. |