Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Ankarada Türkiyənin ali məktəblərini bitirmiş azərbaycanlı məzunlar üçün mərasim təşkil olunmuşdur

 

İyunun 13-də Azərbaycanın Türkiyədəki səfirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER) və "Palmali" Şirkətlər Qrupunun dəstəyi ilə 2013-cü ildə Türkiyənin ali təhsil ocaqlarında təhsilini müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın məzun üçün tədbir təşkil olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya toplaşan məzunlar ümummilli liderimizin adını daşıyan parkda ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşlar.

Ümummilli liderimizin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Məzunlar Vətənə xidmət andını içmişlər.

Sonra səfirlikdə davam etdirilən tədbirdə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Gökhan Çetinsaya, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serdar Çam, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-in vitse-prezidenti Samir Kərimli, Türkiyənin təhsil nazirinin müavini Zübeyir Yılmaz, Ankaranın Etimesqut rayon bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, ali məktəblərin rektorları, Türkiyə Böyük Millət Məclisinin deputatları, elm adamları, ictimai xadimlər, diaspor nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafında və möhkəmlənməsində gənclərin, xüsusilə də tələbələrin rolunu xüsusi qeyd etmişlər.

Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışı zamanı yeni məzunlarımıza örnək göstərilməsi məqsədilə Türkiyə universitetlərini bitirmiş və çalışdıqları müxtəlif sahələrdə böyük müvəffəqiyyətlərə imza atmış Bakıdakı Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, "Santex" şirkətinin prezidenti Samir Cəfərov, turizm şirkətinin prezidenti Mahir Əhmədov tədbir iştirakçılarına təqdim olunmuşlar.

Sonra universiteti fərqlənmə diplomu ilə bitirən məzunlarımıza hədiyyələr təqdim olunmuş, həmyerlimiz Cavid Təbrizli Azərbaycan xalq mahnılarını ifa etmiş, qonaqlara ziyafət verilmişdir.

Azərbaycanlı məzunlar Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etmiş, məzarı önünə əklil qoymuş və xatirə dəftərinə ürək sözlərini yazmışlar.

Daha sonra məzunlar Ankaranın Keçiören rayonunda inşa olunan Azərbaycan Meydanı və Xocalı Soyqırımı Abidəsinə baş çəkmişlər. Xocalı Soyqırımı Abidəsi önünə əklil qoyulduqdan sonra parkda məzuniyyət tortu kəsilmişdir.

Məzunlarımız tədbirin son hissəsini "Kent Otel" mehmanxanasında ziyafət və şənliklə qeyd etmişlər. Burada da tələbələrimizə hədiyyələr təqdim olunmuş, Azərbaycanın xalq və bəstəkar mahnıları iştirakçılara gözəl anlar yaşatmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov