İyunun 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri
Leyla Əliyevanın təşəbbüsü və İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə "Qanın
milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası
keçirilmişdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin professoru Əliheydər Rəhimovun rəhbərlik
etdiyi Kliniki transfuziologiya və hematologiya
kafedrasında artıq altı ildir dalbadal keçirilən
aksiyalar çərçivəsində Moskva ali məktəblərinin onlarla
tələbəsi hemofiliya və talassemiya xəstəsi olan uşaqlar
üçün qan vermişlər.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev
AzərTAc-a bildirmişdir ki, gənc azərbaycanlılar bu
tədbiri altı ildir keçirirlər. Bu il aksiyada Moskvanın
ali məktəblərinin 100-dək tələbəsi iştirak etmişdir.
Onların arasında müxtəlif millətlərin nümayəndələri -
Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Malayziya,
Özbəkistan və digər ölkələrdən tələbələr vardır.
Səhər tezdən başlayan və axşamadək davam edən aksiyada
tələbələrlə yanaşı, əcnəbi tələbələrlə iş dekanlığının
və beynəlxalq şöbənin əməkdaşları, ali təhsil ocağının
müəllimləri, eləcə də Azərbaycanın Rusiyadakı
səfirliyinin nümayəndələri fəal iştirak etmişlər.
Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda
deyil, onun hüdudlarından kənarda da talassemiya və
hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi
layihəsinin bir hissəsidir. Məlum olduğu kimi, 2005-ci
il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda
"Talassemiyasız həyat" layihəsinin həyata keçirilməsinin
başlandığını elan etmişdir. Bu proqram Azərbaycanda
həmin xəstəliklərlə mübarizədə dönüş nöqtəsi olmuşdur.
Səhiyyə sahəsində bu genişmiqyaslı layihə Azərbaycan
Prezidenti İlham Əliyevin 2005-ci ilin mayında
imzaladığı "Hemofiliya və talassemiya irsi qan
xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir. "Talassemiyasız həyat" proqramı
çərçivəsində 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi
açılmışdır. Xəstəxananın pasiyentləri pulsuz dava-dərman
və ixtisaslaşdırılmış tibbi yardım almağa, ölkə
ictimaiyyəti isə çox mühüm problemin - qan donorluğu
probleminin həllinə fəal qoşulmağa başlamışlar. |