"Gənclik" Tələbə İdman Cəmiyyətinin sədri Tofiq
Xanəliyevdən aldığımız məlumatda bildirilir ki, 21 ali
təhsil müəssisəsinin komandaları arasında 12 idman növü
üzrə keçirilmiş yarışların qalibləri müəyyənləşmişdir.
1993-cü ildən start verilən universiada hər iki ildən
bir keçirilir.
Yarışlarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası və Azərbaycan Tibb Universiteti birinci,
Bakı Dövlət Universiteti ikinci, Azərbaycan Dövlət
İqtisad Universiteti üçüncü yerə sahib olmuşlar.
Kişilər arasında ilk pillədə Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb
Universiteti, ikinci və üçüncü yerlərdə Bakı Dövlət
Universiteti və Milli Aviasiya Akademiyası
qərarlaşmışlar.
Qadınlar arasında ilk pillədə isə yenə də Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan
Tibb Universiteti qərarlaşmışlar. İkinci və üçüncü
yerləri isə Bakı Dövlət Universitetinin və Azərbaycan
Dövlət İqtisad Universitetinin komandaları tutmuşlar.
Universiada yarışları idmanın cüdo, yunan-Roma güləşi,
sərbəst güləş, həndbol, voleybol, basketbol, şahmat,
badminton, dama, atletika, üzgüçülük və stolüstü tennis
üzrə keçirilmişdir.
İyulun 6-dan 17-nə kimi 200-ə yaxın ölkənin
tələbələrinin iştirakı ilə Rusiyanın Kazan şəhərində
keçiriləcək 27-ci ümumdünya universiadasında ölkəmizdən
80 idmançının iştirakı gözlənilir. 12 idman növü üzrə
ümumdünya universiadası Beynəlxalq İdman
Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
R.RAMAZANOĞLU |