Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

"Gərgin məşqlərim, çəkdiyim zəhmət səmərəsiz qalmadı"

 

XXX Yay Olimpiya Oyunlarının  bürünc mükafatçısı Emin Əhmədovla söhbət  

Böyütmək üçün şəkili seçinEmin Əhmədovun yunan-Roma güləşi üzrə idman göstəriciləri:

2001-ci ildə İranda yeniyetmələr arasında  keçirilən beynəlxalq turnirdə 42 kq çəki dərəcəsində bürünc medal;

2002-ci ilin 17-19 may tarixlərində Türkiyədə yeniyetmələr arasında keçirilən  beynəlxalq turnirdə 42 kq çəki dərəcəsində  gümüş medal;

2002-ci ilin iyun ayında yeniyetmələrin Avropa çempionatında 42 kq çəki dərəcəsində  beşinci yer;

2008-ci ildə "Qızıl Qran-Pri"  beynəlxalq turnirində 66 kq çəki dərəcəsində bürünc medal  və  III yer;

2009-cu ilin Azərbaycan kubokunda  66 kq çəki dərəcəsində I yer;

2010-cu ilin Azərbaycan kubokunda  74 kq çəki dərəcəsində  III yer;

2011-ci ilin Azərbaycan çempionatında  74 kq çəki dərəcəsində III yer;

2012-ci ilin XXX Yay Olimpiya Oyunlarında  74 kq çəki dərəcəsində bürünc medal və III yer. 

XXX London Yay Olimpiya Oyunlarında 74 kq çəki ilə iştirak edən Azərbaycan güləşçisi  Emin  Əhmədov yunan-Roma güləşi üzrə  üçüncü yeri qazanaraq Vətənə bürünc medalla qayıtmışdır.

Azərbaycan Respublikası  Prezidentinin 31 avqust 2012-ci il  tarixli sərəncamı ilə Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətlərə görə Emin Vidadi oğlu Əhmədov "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Biz Eminlə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə respublika yığma komandasının müasir tipli geniş məşq zalında görüşdük. Beləliklə, səhifəmizin bugünkü qonağı Emin Əhmədovu dinləyirik: 

- Dünyaya 6 oktyabr 1986-cı ildə Bakı şəhərində göz açmışam.

Birinci və ikinci sinifləri   Bakıdakı 205 nömrəli orta məktəbdə, üçüncü sinifdən yeddinci sinfin axırına kimi  73 nömrəli orta məktəbdə təhsil almışam. 2000-2004-cü illərdə - yəni səkkizinci sinifdən orta məktəbi bitirənə qədər isə  təhsilimi  Respublika Olimpiya İdman Liseyində davam etdirmişəm. İdman təmayüllü liseydə oxuduğum dövrdə seçdiyim idman növü - yəni, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən bütün yarışmalarda  mütəmadi iştirak etmişəm.

- Ailənizdə idmançı olubmu?

- Xeyr. Biz ailədə üç uşağıq: Mən, bacım və qardaşım. Evin ortancılıyam. Atam da, anam da idmana aidiyyəti olmayan bir sahənin mütəxəssisləridir.

- Bəs yunan-Roma güləşinə bu həvəs səndə haradandır?

- İdmanın bu növünə maraq  rəhmətlik Eldar dayımdan mənə keçib. Hələ məktəbəqədər yaşda olduğum zaman dayım əlimdən tutub həmişə məni də özüylə məşqlərə aparardı. Dayımın idmana çox böyük marağı vardı. Sonra o, müharibəyə getdi, düşmən həmlələrinə sinə gərdi və  Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldu. İndi Sumqayıt şəhərində dayımın - Qarabağ şəhidi Eldar Əsədovun adına  idman zalı fəaliyyət göstərir. Hərdən fikirləşirəm ki, dayım elə cavan yaşında şəhid olmasaydı, indi yəqin ki, yunan-Roma güləşi üzrə bütün dünyada tanınmış idmançılardan biri olardı.

Bilirsiniz, bizim əslimiz Qubadlı rayonundandır. O Qubadlıdan ki, 20 ildən artıqdır ki, əsirlikdə qalıb, düşmən tapdağında inləyir. Erməni təcavüzkarları Qubadlını işğal edəndə mənim cəmi yeddi yaşım  vardı. İndi iyirmi yeddi yaşım var. İnanıram ki, Qarabağ problemi xalqımızın və ölkə rəhbərinin səyi nəticəsində  öz müsbət həllini tapacaq.

- Torpağı işğal altında olan bir gəncin hərbi xidmətə münasibəti?

- Hərbi xidmət elə bir müqəddəs borcdur ki, o borcu alternativ heç nəylə əvəz etmək olmaz. O ki qaldı özümə, 2004-cü ilin oktyabrından 2006-cı ilin aprel ayına qədər  sərhəd qoşunlarının tərkibində - "N" saylı zastavada hərbi xidmətdə olmuşam. Bizim zastava  respublikamızın cənubundakı   dağlarda  yerləşirdi. O dağlarda xidmət etməyin, vaxtaşırı zastavalara ezam olunmağın özü  elə idmanla  davamlı məşğul olmağa bərabərdir. Xidməti tapşırıqları icra etmək üçün bəzən piyada, bəzən də atla hərəkət edərdik.

Dağ cığırları ilə yuxarılara qalxmaq-düşmək həm sağlamlıqdır, həm də adamı hər  zaman formada saxlayır. Əgər mən idman sahəsində qazandığım uğurları hərbi xidmətimdən əvvəl əldə etmiş olsaydım,  yenə də vaxt  çatanda  tərəddüd etmədən, bir oğul kimi  vətənim  qarşısındakı borcumu ödəməyə gedərdim.

- Ordudan qayıdandan sonra həyatını necə qurmağı planlaşdırmışdın?

- Hərbi xidmətdən tərxis olunduqdan sonra həyatımı idmana bağlamağı qət etdim. Demək olar ki, bu sahədə hər şeyi sıfırdan başlamalı oldum. Bezmədim, ruhdan düşmədim. Gərgin məşqlərim, çəkdiyim zəhmət səmərəsiz qalmadı.

- Məktəb illərinin nostalgiya dolu xatirələri?

- Həqiqətən məktəb həyatı, ilk təhsil illəri  hər zaman insanın xəyalında dolaşır. Müəllimlərimi də, məşqçilərimi də  hər zaman hörmətlə, ehtiramla xatırlayıram. Təbii ki, onları bir-birindən seçmirəm, fərqləndirmirəm.

Ancaq ilk ibtidai sinif müəllimim Əsli xanımın  yeri ürəyimdə bir başqadır. Bəlkə də qazandığım bütün nailiyyətlərimdə valideynlərim qədər onun da öyünməyə haqqı  var. Mənim ilk müəllimim indi bir qədər yaşlanıb. Vaxt tapıb hərdən yanına gedirəm, görüşürəm, hal-əhval tuturam. Yəni heç zaman onu yaddan çıxarmıram, ona cansağlığı arzulayıram.

- Azərbaycanda idmana diqqət  və qayğı  qələbələrin qazanılmasında  əsas amildir.

- Əlbəttə. Möhtərəm  Prezidentimiz  Azərbaycanda idmanın yüksəlişinə xidmət edən heç nəyi biz idmançılardan əsirgəmir. Baxın, gördüyünüz bu məşq zalı  yunan-Roma güləşilə məşğul olan idmançılar üçün inşa edilib. Bu zalda məşq edib beynəlxalq yarışlarda qalib gəlmək üçün, Azərbaycan bayrağını qaldırmağa nail olmaq üçün hər cür şəraitimiz var.

Nəinki Bakıda, indi  hətta ən ucqar rayonlarımızda da müasir idman komplekslərimiz tikilib istifadəyə verilib.

- Kim sevirsə idmanı...

- Bəli, kim sevirsə idmanı, onun saf olar canı.

İdman elə bir sahədir ki, hansı peşəni seçməyindən asılı olmayaraq hər kəs öz fiziki sağlamlığının qeydinə qalması naminə idmanla dost olmalıdır. İdman insanı möhkəmləndirir, insanın qadir olduğu gücünü, bacarığını, qabiliyyətini üzə çıxarır. Kim özünə hansı yolu seçirsə, o yolla da irəliyə gedə  bilir.

Məsələn, yunan-Roma güləşi mənim seçdiyim sahədur, bütün gücümü, qüvvəmi, bacarığımı bu yolda əsirgəmirəm. İdman artıq mənim həyat tərzimə çevrilib. İldə ən azı iki dəfə beynəlxalq yarışlarda iştirak edirəm.

Əgər dünyaya təzədən gəlsəydim, yenə də idmanı özümə sənət seçərdim.

- Hobbiniz varmı?

- Üzgüçülük  hobbimdir. Boş vaxt tapanda üzgüçülüklə  məşğul  oluram.

- Qalib gəlməyin şərtləri  daha çox kimdən asılıdır: öyrədəndən, yoxsa öyrənəndən?

- Mənə elə gəlir ki, öyrədənin üzərinə daha böyük məsuliyyət düşür. Hər bir elm sahəsini, hər bir peşəni, o cümlədən də idmanın istənilən bir sahəsini  uşaqlara sevdirmək, dərk etdirmək, mahiyyətini açmaq əsas şərtdir. Elə etmək lazımdır ki, öyrətdiyin şəxs sənin ona öyrətdiklərini sevsin, bezib qaçmasın.

- İdmançının həyat tərzi?

- Şəxsən mən vaxtımın demək olar ki, əsas hissəsini  məşqlərə sərf edirəm. Hər məşqdən sonra mütləq dincəlmək, yorğunluq hissini çıxarmaq lazımdır ki, növbəti məşqə başlaya biləsən.

Boş vaxt tapanda da, təbii ki, ata-anamın, bacı-qardaşımın yanında olmaq istəyirəm.

- Məşqçilərinizə münasibətiniz?

- Bizim fərdi məşqçilərimiz klublarda fəaliyyət göstərirlər. Bura isə Azərbaycan Güləş Federasiyasının  yunan-Roma güləşi üzrə respublika yığma komandasının  məşq zalıdı.

Əvvəl bizim məşqçilərimiz türklər idi, hazırda isə iranlılardır. Məşqçinin əsas işi bizim xırda texniki  səhvlərimizi görüb qeyd etmək, onu bizə başa salıb  aradan qaldırmağa nail olmaqdır. Biz adətən məşqçilərimizin qeydləri əsasında məşq edir, səhvlərimiz üzərində işləyirik. Məşqçi kənardan durub baxmalı, iki dəqiqə ərzində səhvlərimizi bircə-bircə yazıb sonra  bizə deməlidir ki, biz də növbəti məşqimiz zamanı həmin səhvlərin təkrarlanmasına yol verməyək. 

İdman yeganə sahədir ki, burada sözə deyil, əmələ üstünlük verilməlidir. O məşqçi ki, öyrətdiyi idmançıya qüsurları, texniki xətaları necə aradan qaldırmağı başa salmaq əvəzinə "qorxma, kişi kimi vuruş" deyir, onda, o, aciz məşqçidir. Kim ki, sözə yox, məşqə, əmələ üstünlük verir, onun yetirməsi hər zaman qalibiyyət qazana biləcək.

- Qalib gəlməyin bir sirri varmı?

- Məşqlərlə yanaşı, psixoloji cəhətdən də idmançı özünü  qalibiyyətə kökləməlidir. Hər bir idmançı qalib gəlmək, etdiyi məşqlərinin nəticəsini görmək istəyir. İstədiyin məqsədə çatmaq üçün gərək iradəcə möhkəm, prinsipial olasan.

- Güləşçi üçün çəki problemi varmı?

- Təbii ki, idmançı hər zaman formada qalmağı bacarmalıdır. Yarışlarqabağı  çəkiyə nəzarət etmək xüsusilə vacibdir.

Mən, ümumiyyətlə, indiyə kimi çəki problemi ilə qarşılaşmamışam. Yeniyetmələr arasında keçirilən yarışlarda ilk dəfə 42 kq çəki ilə, sonralar 60 kq və 66  kq çəki ilə güləşmişəm. Üç ilə  yaxındır ki,  74 kq çəki ilə güləşirəm. Demək olar ki, stabil çəkidəyəm. Onu da qeyd edim ki, heç bir xüsusi pəhrizim yoxdur, siqaretdən, alkoqoldan hər zaman uzaqda  durmağı bacarıram.

Çəki dərəcəsi insanın özündən  çox asılıdır. Təbii ki, kim hansı çəki dərəcəsində güləşmək istərsə, güləşə bilər. Amma  fərdi yanaşdıqda, nəzərdə tutulmayan hər bir artıq kiloqram güləşçi üçün əlavə problem yarada bilər.

- Emin, idmanın ailə həyatı qurmağa bir maneçiliyi varmı?

- Bəzən deyirlər ki, ailə qurmaq idman karyerasına son qoymaq deməkdir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Doğrudur, mən özüm də hələ ailə qurmamışam. Ancaq, zənnimcə idmançı özünə nəzarəti hər zaman diqqətində saxlaya bilirsə, onun idman sahəsindəki göstəricilərinə istər ailənin, istərsə də övladın heç bir maneçiliyi ola bilməz. İnşallah, yaxın  gələcəkdə  planlarımın sırasında ailə qurmaq da var.

- Qalibiyyətin dadı necədir?

- Yarışlarda qalib gələndə  Azərbaycan bayrağını qaldırmaq şərəfini qazanırıq. Bilirsiniz, o anlar necə də unudulmaz anlardı?! Bu səadət iki dəfə mənə  nəsib olub: 2001-ci ildə İranda, 2002-ci ildə isə Türkiyədə keçirilən yarışlarda.

Təsəvvür edin ki, mən hansısa xarici ölkədə Azərbaycan bayrağını qaldırıram, mənim valideynlərim, doğmalarım, həmvətənlərim ekranda bu görüntüləri seyr edib fərəhlənirlər. Çox qürurverici, xoş hisslər yaşamışam  o anlarda...

2012-ci ilin  XXX Yay Olimpiya Oyunlarının  nəticələrindən  sonra ölkə Prezidenti biz  idmançıları  təntənəli şəkildə qəbul etdi, bizimlə maraqlandı, əməyimizi qiymətləndirdi.

Cənab Prezidentimiz İlham Əliyev  tərəfindən "Tərəqqi" medalına layiq görüldüm. Mənzillə təmin olundum.

Hazırda  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıram.

- Emin, sabaha hansı arzularla gedirsən?

- Hərdən beynəlxalq yarışlarda düşmən ölkənin idmançıları ilə qarşılaşdığım vaxtlar da olub. Bir dəfə məğlub, iki dəfə isə qalib olmuşam.

Ümumiyyətlə, onlarda bir cəhəti müşahidə etmişəm ki, sanki bizimlə tatamiyə çıxmaqdan çəkinirlər. Özlərini bizim yanımızda elə bil ki, gözükölgəli hesab edirlər.

İdmanın özü də siyasətin bir növüdür. Dünyada prezidentlərdən sıravi vətəndaşlara qədər hamı idmana  maraq göstərir, beynəlxalq yarışları izləyir.

Hər hansı bir ölkənin bayrağı qalxan anda, bütün izləyicilər o ölkənin adını  eşidirlər. İştirakçı ölkələrdən beynəlxalq yarışmalara gələnlərin  bəzilərinin Azərbaycan  haqqında təsəvvürləri olmayıb. Ancaq bayrağımız qaldırılan anlarda bir an əvvəl barəmizdə məlumatsız olanlar da bizi alqışlara qərq ediblər.

Bunları niyə yada salıram?

Hər bir normal insanın  istəyidir ki, işğaldan azad bir ölkənin vətəndaşı olsun. O cümlədən mənim də. Açığı bundan böyük arzum yoxdur. 

Söhbəti yazdı: Ellada UMUDLU 

P.S. Emin, siz idmançıların beynəlxalq yarışlarda qaldırdıqları bayrağımız o gün olsun ki, ordumuzdakı cəngavərlik salnaməsini yazacaq oğullarımızın əllərilə  Şuşadakı, Laçındakı ən uca zirvələrdə dalğalansın. 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov