İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı
Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin
yenidənqurmadan sonra açılışı olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri
açılış mərasimində iştirak etmişlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi hər
zaman Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Bu
baxımdan getdikcə fəaliyyət dairəsini genişləndirən fond
digər ölkələrin problemlərinin həllinə qayğı göstərir,
xaricdə uşaqlarla bağlı layihələr reallaşdırır. Bu dəfə
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bosniya
və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən
uşaqlar və gənclər üçün mərkəz əsaslı təmir edilmişdir.
Bu mərkəz Bosniya və Herseqovinadan və həmçinin
regiondan olan kor və zəif görən tələbələrin biliklərə
yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir.
1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən
uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.
Mərkəzin direktoru Damir Ovçina
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevaya məlumat verdi ki,
iki korpusdan ibarət mərkəz müasir standartlara uyğun
surətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini
kompleks şəkildə həyata keçirməyə imkan yaradır.
Leyla xanım Əliyeva mərkəzin əvvəlki görüntülərini əks
etdirən stendə baxdı. Bildirildi ki, bina 1990-cı
illərin əvvəlində bu torpaqlarda gedən müharibə vaxtı
ciddi zərər görmüşdü. Qeyd edildi ki, mərkəzdəki müasir
idman zalı kollektivin Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya müraciətindən sonra layihəyə
əlavə olunub və buna görə Damir Ovçina onun
təşəkkürlərini Azərbaycanın birinci xanımına çatdırmağı
xahiş etdi. Üzgüçülük hovuzu da yüksək səviyyədə
qurulub. Burada uşaqların və gənclərin reabilitasiyası
üçün hər cür şərait yaradılıb.
Mərkəzlə tanışlıq zamanı uşaqlar hazırladıqları musiqi
proqramını Leyla xanım Əliyevaya təqdim etdilər. Qeyd
edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili
təşkil edir və həyata keçirir, kor və zəif görən
uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları
tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil
prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr
isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev
Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif
görən gənclərin təhsilə və müxtəlif peşələrə
yiyələnmələri üçün tamamilə yeni standartlar təklif
edir.
Mərkəzin açılışına həsr olunan mərasimdə çıxış edən
müəssisənin direktoru Damir Ovçina bildirdi ki, cəmi bir
neçə ay əvvəl yararsız vəziyyətdə olan binada indi
tədris üçün yüksək şərait vardır. Buna görə Heydər
Əliyev Fonduna təşəkkür edən Damir Ovçina 5000
kvadratmetr sahədə aparılan yenidənqurma işlərinin
təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyini diqqətə
çatdırdı. Kor və Zəif Görən Uşaqlar Assosiasiyasının
rəhbəri Yenisa Zimiç valideynlər və şagirdlər adından
Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirdi. Qeyd
etdi ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsü
sayəsində bu mərkəz indi nəinki məktəb, həm də bir çox
şagirdlər üçün doğma evə çevrilib. Bosniya və
Herseqovinanın elm və təhsil naziri Damir Maşiç
ölkəsinin baş naziri Nermin Nikşiçin adından Heydər
Əliyev Fonduna minnətdarlıq etdi. Damir Maşiç Sarayevoda
bir çox layihələr reallaşdıran Heydər Əliyev Fondunun
mərkəzin yenidən qurulmasındakı əməyinin bu qəbildən
olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə
imkan verdiyini diqqətə çatdırdı. Bosniya rəsmisi Leyla
xanım Əliyevaya tərifnamə və xatirə hədiyyəsi təqdim
etdi.
Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri
Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə
ərazisində ikinci layihəsinin həyata keçirilməsindən
məmnun olduğunu bildirdi və bu mərkəzin ölkə üçün
əhəmiyyətindən danışdı. Bosniya və Herseqovina
parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları
məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev
Fonduna minnətdarlıq etdi.
Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini
Leyla xanım Əliyevaya hədiyyə etdilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyeva mərasimdə çıxış edərək dedi:
- Biz bu mərkəzin yenidən qurulmasında iştirak
etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər
Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil,
səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar
həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400
məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada,
Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və
Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin
dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı
ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım
edib. Fond YUNİSEF, YUNESKO, İSESKO, BMT və digər
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Leyla xanım Əliyeva dedi ki, bir müddət əvvəl Heydər
Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl
körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı
qurbanlarının xatirəsinə abidənin ucaldılması
xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.
Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı
barədə məlumat verən Leyla xanım Əliyeva tarixi ədalətin
öz yerini tapacağına əminliyini ifadə etdi.
Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan
mərkəzin açılışı yerli media tərəfindən geniş
işıqlandırılmışdır. Leyla xanım Əliyeva öz
təəssüratlarını jurnalistlərə müsahibəsində bölüşmüşdür.
Sonra mərkəzin həyətini gəzən Heydər Əliyev Fondunun
vitse-prezidentinə məlumat verildi ki, mərkəzdə dərslər
mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə
Bosniya və Herseqovinanın bütün regionlarından gəlir,
bir çoxları məktəb-internatda yaşayırlar. Tədrisə tarix,
ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı,
debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman
və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya
texnologiyalarından istifadə qaydaları da öyrədilir.
Vurğulandı ki, gələcəkdə Heydər Əliyev Fondu mərkəzi
xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası
ilə tərtib olunan nəşrlər göndərəcəkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyeva mərkəzin həyətində ağac əkdi. Sonra uşaqları
Azərbaycan şirniyyatlarına qonaq edən Heydər Əliyev
Fondunun vitse-prezidenti onlarla söhbət etdi.
Sarayevoya səfəri çərçivəsində Leyla xanım Əliyeva
Dostluq parkında oldu və burada Xocalı və Serebrenitsa
soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni
ziyarət etdi, həlak olmuş insanların xatirəsini andı.
Kor və zəif görən gənclər üçün mərkəzin təmiri Heydər
Əliyev Fondunun Bakı ilə 1972-ci ildən qardaşlaşmış
Sarayevoda həyata keçirdiyi ilk layihə deyildir.
Dövlətin siyasətinə həmişə dəstək olan fondun belə
layihələri ölkələr arasında əlaqələrin inkişafına və
sözsüz ki, Azərbaycanın xarici ölkələrdə təbliğinə
xidmət edir.
AzərTAc |