İyunun
11-də Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə
Banqladeş Diplomatik Akademiyası arasında əməkdaşlıq
münasibətlərinin qurulması haqqında Anlaşma Memorandumu
imzalanmışdır.
ADA-nın kommunikasiya departamentindən AzərTAc-a
bildirmişlər ki, imzalama mərasimi Banqladeş Xalq
Respublikasının xarici işlər naziri xanım Dipu Moninin
ADA-nın rektoru Hafiz Paşayevlə görüşü zamanı olmuşdur.
Xanım Dipu Moni və səfir Hafiz Paşayev sənədə imza
ataraq xarici siyasət kadrlarının birgə hazırlanması
üzrə əməkdaşlıq edəcəkləri niyyətini təsdiqləmişlər.
Memoranduma əsasən, tərəflər növbəti beş il ərzində
Azərbaycan və Banqladeş üçün mühüm olan sahələr, o
cümlədən beynəlxalq münasibətlər, beynəlxalq hüquq,
beynəlxalq təşkilatlar çərçivəsində iş, konsulluq işləri
və bölgə siyasəti üzrə mütəxəssislərin təlimi və
təkmilləşdirilməsi üzrə tərəfdaşlıq quracaqlar. Bu,
tələbə, müəllim, alim və diplomatların mübadiləsi
proqramlarının həyata keçirilməsi, birgə elmi
tədqiqatların aparılması və nəşrlərin buraxılması, elmi
ədəbiyyat mübadiləsi vasitəsi ilə aparılacaqdır.
Görüşdə Banqladeşin xarici işlər naziri Dipu Moniyə
ADA-da təhsil alan xarici tələbələr və burada onlar üçün
nəzərdə tutulan beynəlxalq təqaüd proqramı barədə
ətraflı məlumat verilmişdir.
Tərəflər ADA-da təklif edilən bakalavr və magistr
proqramlarına Banqladeş tələbələrinin də cəlb olunması
üçün səy göstərəcəklərini bildirmişlər. |