Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində
bu qurumun, Təhsil Nazirliyinin və Müasir Təhsilə Dəstək
"Savadlı Cəmiyyət" təşkilatının birgə təşkilatçılığı ilə
təlim keçirilmişdir. AzərTAc xəbər verir ki, təlim
"İlk peşə-ixtisas təhsili müəssisələri üçün 40 ixtisas
üzrə yeni modul proqramların (kurikulumların)
hazırlanması və mühəndis-pedaqoji heyətin təlimdən
keçirilməsi" layihəsi çərçivəsində təşkil olunmuşdur.
Təlimin əhəmiyyətindən danışan natiqlər qeyd etmişlər
ki, müasir dövrdə dövlət peşə təhsili müəssisələri
qarşısında iqtisadiyyatın tələblərinə uyğun çevik,
rəqabətqabiliyyətli, informasiya-kommunikasiya
texnologiyalarını idarə edə bilən ixtisaslı kadrların
hazırlanması kimi mühüm tələblər qoyur. Peşə təhsili
müəssisələrində kompüter kabinetləri yaradılmış, bir çox
təhsil müəssisələri İnternetə qoşulmuşdur.
İlk peşə-ixtisas təhsili müəssisələrində də təlimin
məqsədləri artıq yeni məzmun alır və nəticədə müəllimin
hazırlığı yeni mexanizmlər, innovasiyalar,
texnologiyalar üzərində qurulması, nəzəri və əməli
biliklərə mükəmməl yiyələnməsi ilə şərtlənir. Buna görə
də bu sahədə çalışan kadrlarla seminarlar, təlimlər
təşkil olunur.
İki gün davam edən təlimdə Ağdaş, Oğuz, İsmayıllı,
Şamaxı və Qəbələnin ilk peşə-ixtisas təhsili
müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları üzrə çalışan müəllimlər iştirak
etmişlər. Təlimdə müəllimlər lazımi metodiki və
pedaqoji biliklər əldə etmişlər. |