Bakı
Özəl Türk Liseyində İLO - İnformatika Layihə Olimpiadası
keçirilmişdir. Olimpiadada respublikanın bütün şəhər və
rayonlarının məktəb və liseyləri təmsil olunmuşdur.
Ən yaxşı informatika layihəsi təqdim edən şagirdlər
öz gücünü olimpiadada sınamışlar. Bakı Özəl Türk
Liseyində keçirilən 6-cı İnformatika Layihə
Olimpiadasında həm türk liseylərinin, həm də digər
orta məktəblərin şagirdləri iştirak etmişlər.
Bu olimpiadanın əsas məqsədi respublikamızda
informatika sahəsində qabiliyyətli şagirdlərin bir
araya gəlib bir-birini tanıması, informatika fənninin
təkmilləşdirilməsi və şagirdlərin tərbiyəvi əhəmiyyət
kəsb edən layihələrinin təqdim olunması, onların
bacarığının göstərilməsidir. Bu olimpiadada 500
məktəbdən 55-i finala vəsiqə qazanmışdır.
"Qısa film" kateqoriyası üzrə 2-ci yeri Abşeron
rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin
şagirdləri Ağabəy Kələntərli və Kənan Rəhimlinin
"Savadsız vətəndaş savadsız cəmiyyətdir" layihəsi
tutmuşdur. Bu layihədə savadlı cəmiyyətlə savadsız
cəmiyyət müqayisə edilmişdir. Məktəbin informatika
müəllimləri Təranə İsmayılova və Şəlalə Zeynalova həmin
layihənin ərsəyə gəlməsində şagirdlərə böyük köməklik
göstərmişlər.
Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev filmə
baxdıqdan sonra layihəni bəyəndiyini və aktual mövzu
olduğunu söyləmiş, bu uğura görə məktəbin müəllim və
şagirdlərini təbrik etmişdir.
Xalidə HÜSEYNOVA,
Abşeron Rayon Təhsil Şöbəsinin metodisti
|