Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Məktəbdə kimya həftəliyinin təşkili

 

Şagirdlərin hər hansı fənnə marağını artırmaq yollarından biri də sinifdənxaric işlərdir. Buna məktəblərdə məzmunlu və səmərəli təşkil olunmuş fənn həftələri də aiddir. Kimya həftələri də digər sinifdənxaric işlər kimi şagirdlərin dünyagörüşünün və dərsləri mənimsəmə səviyyəsini artırır, onlar kimyanın praktikada və gündəlik həyatımızdakı rolunu daha aydın anlayırlar.

Artıq 20 ildir ki, pedaqoji fəaliyyətlə  məşğul oluram. Hər il tədris etdiyim fənlə əlaqəli sinifdənxaric tədbirlər, kimya həftəlikləri  təşkil edirəm. Adətən dərs ilinin ortalarına planlaşdırdığım bu tədbirlərə hazırlıq dövründə şagirdlərdə böyük ruh yüksəkliyi, elmə həvəs və maraq müşahidə edirəm. Bəzən paralel siniflər arasında təşkil edilən yarış xarakterli viktorinalar, olimpiadalar və breyn-rinqlər də şagirdlərdə sağlam rəqabət hissi yaradaraq  kimyanın mənimsənilmə səviyyəsini xeyli artırır. Aşağıda belə həftəliyin keçirilməsi variantlarının biri haqqında qeydlərimi oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Həftəliyin ilk günü "Kimya ölkəsinə səyahət" mövzusunda radiotranslyasiya təşkil olunur. Bu çıxış zamanı kimya həftəliyinin keçirilmə müddəti və planı barədə məlumat vermək, kimyanın gündəlik həyatımızda, elmin müxtəlif sahələrində, texnika və kənd təsərrüfatında oynadığı rol barədə məruzə etmək olar. Həftə ərzində kimya mövzusunda keçirilməsini istədiyiniz rəsm,  nəşr və ya  buklet (Publisher proqramında), İKT-dən istifadə edərək yaradılmış ən yaxşı şagird təqdimatı (Power Point proqramında) müsabiqəsi barədə elanı səsləndirmək, "Bilirsinizmi?" rubrikasında dinləyiciləri kimyadan maraqlı faktlarla tanış etmək olar.

İkinci gün - yuxarı sinif şagirdlərinin məktəbin müxtəlif sinifləri üçün hazırladıqları məruzələrin oxunuşunu təşkil etmək olar.

Bu məruzələr "Kimya elminin tarixi inkişafı", "Su - həyat deməkdir", "Kimya sehrlərinin sirləri", "Kimya məişətdə" və s. mövzularda ola bilər. Məruzələr zamanı bəzi təcrübələri nümayiş etdirmək olar.

Məsələn, təcrübə 1: Donan stəkan.

Bir şüşə parçasına və ya karton kağıza  bir qədər su tökülərək isladılır və onun üzərinə içərisində 50 ml su olan stəkan qoyulur. Stəkanın içinə 35 qram ammonium nitrat (NH4NO3) əlavə edilib intensiv qarışdırıldıqda, stəkan şüşəyə və ya nəmli kartona donub yapışacaq (bu reaksiya istiliyin udulması ilə getdiyi üçün).

Təcrübə 2: "Sehrli" mürəkkəb.

Kimya stəkanına 30 - 50 ml su əlavə edilir və üzərinə bir neçə damcı yodun kalium-yodiddəki məhlulundan və 1 - 2 ml duru xlorid turşusu əlavə edilir. Daha sonra 0,5 ml nişasta məhlulu əlavə olunduqda, maye dərhal qırmızı rəngə boyanır (nişastanın yodla kompleksli birləşməsi alınır). Əgər stəkanı qızdırsaq maye  rəngsizləşəcək (nişastanın yodla  yaratdığı kompleksli birləşməsi parçalanacaq),  stəkanı soyutduqda isə yenidən maye qırmızı rəng alacaq (çünki nişastanın yodla yaratdığı kompleksli birləşmə bərpa olunacaq). Bu  çevrilməni bir neçə dəfə nümayiş etdirmək olar.

Həftəliyin üçüncü günü məktəbin VIII-XI sinif şagirdləri arasında olimpiadanın  və ya breyn-rinqin keçirilməsi.

Olimpiadaya salınan məsələ və çalışmalar həmin vaxta qədər keçilən mövzulardan və şagirdlərin ümumi bilik səviyyəsindən asılıdır.

Dördüncü gün siniflərdə proqrama uyğun kinofilmlər və şagird təqdimatlarından seçilmiş nümunələr nümayiş etdirmək olar.

Beşinci gün "Kimya partlayış və işıltılarda" adlı maraqlı təcrübələr məşğələsi aparılır. Məsələn:

"Vulkan" püskürməsi.

Asbest lövhəciyinin üstünə topa halda 2 çay qaşığı ammonium-bixromat tökülür (NH4)2Cr2O7). Şüşə çubuq spirt lampasında qızdırılıb bixromat topasının içərisinə salınır. Reaksiya başladıqdan sonra çubuq çıxarılır. Alışaraq yaşıl tozun püskürməsi müşahidə olunur. Bu görüntü kiçik miniatür vulkanı xatırladır. Vulkanı daha da effektli etmək üçün ammonium - bixromatı azacıq maqnezium metalının yonqarı ilə qatırlar. Bu zaman ərinmiş "lava" ilə közərmiş daş hissəcikləri də qıraqlara sıçrayacaq. Ammonium-bixromat azacıq qızdırıldıqda yaşıl xrom (III) oksidinə, qaz halında olan azota və suya parçalanır. Reaksiya istiliyin ayrılması ilə gedir, yəni ekzotermikdir.

(NH)CrO)  →  CrO + N + 4HO

Məşğələ üçün digər təcrübələri Ə.Əbdürrəhimovun "Kimyadan əyləncəli təcrübələr", V.V.Ryuminin "Əyləncəli kimya", J.Van Cleavenin "Uşaqlar üçün kimya" kitablarından götürmək olar.  Məşğələnin sonunda  yekun olaraq şagirdlərə qabaqcadan təqdim olunmuş viktorina suallarının cavabları dinlənilir, həftə içi rəsm, buklet, nəşr, şagird təqdimatı müsabiqəsinə təqdim olunan işlərin qiymətləndirilməsi aparılır, keçirilən kimya olimpiadasının qalibləri elan olunur, onlar hədiyyələr və  tərifnamələr ilə təltif olunurlar.

Əlavə edim ki, həftəlik ərzində şagirdləri kimya zavodlarına, qənnadı fabrikinə və ya kimya elmi - tədqiqat laboratoriyalarına ekskursiyaya aparmaq, kimyaçı alimlərimiz və pedaqoqlarımızla görüşlər təşkil etmək olar.

Sonda qeyd etmək istəyirəm ki, hər hansı bir sinifdənxaric tədbir yaradıcılıq işi olduğundan onun konkret bir ssenarisi olmur. Hər bir müəllim müxtəlif yanaşmaya, təfəkkürə malikdir. Amma müəllimlər bir-birinin iş təcrübəsi və metodları ilə paylaşanda özü üçün hər hansı bir yenilik aşkar edir və öz prizmasından keçirərək fəaliyyətində tətbiq edir. 

Şirin MƏMMƏDOVA,
Bakıdakı 318 nömrəli orta məktəbin və Bakı Modern Məktəbinin kimya-biologiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov