İyunun
1-də Sahil bağında müxtəlif sahələr üzrə istedadı
olan, əlil və sağlamlığı məhdud olan, icma əsaslı
reabilitasiya mərkəzlərində xidmət göstərilən, ayrı-ayrı
uşaq evlərində tərbiyə alan uşaqlar, rayondakı 219
nömrəli evdə-məktəbin şagirdləri, həmçinin rayonun
aztəminatlı ailələrinin uşaqları üçün 1 İyun - Uşaqların
Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli bayram
tədbiri keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti, Uşaq Hüquqları üzrə
Azərbaycan QHT Alyansı və "World Vision İnternational"
təşkilatının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı
ilə keçirilən tədbirdə dövlət qurumlarının, Azərbaycanda
fəaliyyət göstərən xarici ölkə səfirliklərinin,
beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının
nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.
Tədbiri açan Səbail Rayon İcra Hakimyyəti başçısının
müavini Eldar Ağayev burada iştirak edən bütün uşaqları
və onların valideynlərini 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara
cansağlığı, xoşbəxt həyat və səadət arzulamışdır.
Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqların
təşkil etdiyini diqqətə çatdıran E. Ağayev qeyd etmişdir
ki, onlar dövlət tərəfindən daim hərtərəfli diqqət və
qayğı ilə əhatə olunurlar.
Qeyd edilmişdir ki, Azərbaycanda uşaq siyasətinin əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün
miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının
müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev
Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər
yaşayacağına və Azərbaycan uşaqlarının taleyində
əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə
başçısının 2009-cu ilin "Uşaq ili" elan olunması ilə
bağlı sərəncamı uşaqlara sonsuz qayğının ən parlaq
təzahürü sayılmalıdır. Bu gün dövlətimiz hər bir
azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə
böyüməsinə çalışır. Məqsəd uşaqların layiqli, firavan
yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,
sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə
təmin edilməsidir.
"World Vision İnternational" təşkilatının ölkə üzrə
direktoru Georgi Devidze, Uşaq Hüquqları üzrə Azərbaycan
QHT Alyansının rəhbəri Nazir Quliyev və başqaları
çıxışlarında qeyd etmişlər ki, bugünkü tədbir
Azərbaycanda uşaq və gənclərin problemlərinə cəmiyyətin
diqqətini cəlb etmək, onların həllində bütün qurumların
səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının
müdafiəsi sahəsində görülən işlərə dair məlumatı
ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların
iştirakını təmin etmək məqsədi daşıyır. Bu gün
cəmiyyətin diqqətinin gələcəyimiz olan uşaqlara, onların
sağlam və savadlı böyüməsi, cəmiyyətdə öz yerini
tutmasına yönəldilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə tanınmış incəsənət xadimləri ilə yanaşı, Səbail
rayonundakı orta ümumi təhsil və musiqi məktəblərində
təhsil alan, dərnəklərdə məşğul olan uşaqlar maraqlı
konsert proqramı ilə çıxış etmiş, gənc idmançıların
nümunəvi çıxışları və istedadlı uşaqların əl işlərindən
ibarət sərgi nümayiş etdirilmişdir. Bayram şənliyində
təşkilatçılar tərəfindən uşaqlara müxtəlif hədiyyələr
təqdim olunmuşdur.
Hicran ƏKBƏROVA |