Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Beynəlxalq təhsil xəbərləri

 

Almaniyanı valeh etmiş 11 yaşlı türk məktəbli

Almaniyada indi hamı 11 yaşlı türk şagirdin qeyri-adi istedadından danışır. Ölkənin paytaxtı Berlində yaşayan gənc istedad sahibi Merit Açıkel orta məktəbdə aldığı biliklərlə kifayətlənməyərək ali məktəb proqramlarına da maraq göstərir.  Türkiyə mətbuatının yazdığına görə, hələ 4 yaşından oxumağa və yazmağa başlayan Merit ibtidai məktəbin birinci sinfində cəmi 4 həftə oxuduqdan sonra ikinci sinfə  keçmişdir. Anası Meriti  ibtidai məktəbə daha tez qoymaq istədiklərini, lakin onun boyunun digər şagirdlərdən kiçik olmasına görə məktəbə götürmədiklərini bildirmişdir. İbtidai məktəbə getməzdən əvvəl Merit muzeylərə və müxtəlif fənlər üzrə kurslara getmişdir.  Berlin Texnik Universitetində qida kimyası mühəndisliyi fakültəsində dərslərə başlayan Merit ilk şifahi test imtahanlarını uğurla vermişdir.   Müəllimləri tərəfindən Berlin Humbold Liseyində xüsusi qabiliyyətli uşaqların dərs aldığı sinfə keçirilən Merit yeddinci sinifdən doqquzuncu sinfə keçəcək. Buna rəğmən məktəbdə hələ öz imkanlarını tam göstərmədiyini düşünən Merit həftədə bir dəfə Berlin Humbold Universitetində riyaziyyat kurslarına da gedir.

Meritin ən böyk arzusu liseyi başa vurduqdan sonra Kembric Universitetində məşhur fizik Stepen Havkinsin yanında dərs almaqdır. Həftədə iki dəfə musiqi dərsləri (piano) alan Merit iki həftədən bir astrofizika kurslarına da gedir. O, üzgüçülük və şahmatla ciddi məşğul olur.  Onun qeyri-adi qabiliyyət və bacarıqlarına alman mediası da öz səhifələrində geniş yer ayırmışdır.  Meritin istedadı Amerikanın Milli Astrofizika Agentliyinin (NASA) də diqqətini cəlb etmişdir.   NASA 2030-cu ildə Marsa səyahət edəcək heyətə Meriti də daxil etmişdir.  NASA-nın direktoru Çarlz  Bolden artıq Meritin razılığını almışdır. 


 

Rumıniyada şagirdlərin 16 faizi məktəbə getmir

Bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yaymışdır. Təhsil Nazirliyi və YUNİSEF-in Rumıniya  üzrə nümayəndəliyinin   birgə apardığı tədqiqatlar barədə məlumat verən təhsil naziri Remus Prikopiye qeyd etmişdir ki, son illər ölkənin ümumtəhsil məktəblərində davamiyyət halları ciddi surətdə pozulmuş və get-gedə kəskin forma almışdır.   YUNİSEF-in Rumıniyadakı nümayəndəliyinin üzvü Çipriana Fartuşnik isə ailələrdə hökm sürən qeyri-əlverişli şərait və kasıbçılığa görə  70 faizdən çox uşağın məktəbə getməkdən imtina etdiyini söyləmişdir.   Tədqiqatlar gedişində 4  "problemli uşaqlar" qrupu müəyyən edilmişdir: qaraçı və az təminatlı ailələrdən olan uşaqlar, əlillər və kənd yerlərində yaşayan uşaqlar.   Rumıniya milli təhsil strategiyasına müvafiq olaraq 2020-ci ilə qədər məktəblərdə davamiyyət üzrə göstəriciləri 11,3 faizi aşağı salmağı nəzərdə tutmuşdur.  


 

Amerikada tələbə kreditlərinin həcmi kritik həddə çatmışdır

Amerikada vaxtı keçmiş tələbə kreditlərinin həcmi  ən yüksək həddə çatmışdır. Bu barədə Amerika Təhsil Nazirliyinin hesabatında qeyd olunmuşdur. Bildirilmişdir  ki,   20-24 yaşlı tələbələrin 30 faizi işsizdir. 90 gün və daha artıq müddət keçmiş kreditlərin həcmi ötən illə müqayisədə 6 faiz artmışdır. Cari il  ərzində təhsil kreditlərinə  görə ödəmələrin məbləği isə artıq bir trilyon dolları keçmişdir. Borclular öz növbəsində iş seçimində və daşınmaz əmlak almaqda çətinlik çəkdiklərini bildirmişlər.  "Bu gün iqtisadiyyat gənc məzunları çətin vəziyyət qarşısında qoymuşdur. Kollec diplomu artıq orta təbəqəyə çıxışı təmin etmir, bu isə əldə olunmuş elmi dərəcəyə çəkilən xərcləri doğrultmur",- deyə  Milli Təhsil Statistikası Mərkəzinin əməkdaşı Cek Bakli bildirmişdir.  

Buna baxmayaraq, universitet məzunları əmək bazarında üstünlüklərə malikdirlər, bu  isə ali təhsil almağın vacibliyini şərtləndirir. Universitetlərin gənc  məzunları arasında məşğulluq səviyyəsi 87 faiz təşkil edir. Orta məktəb təhsilli gənclər arasında isə bu rəqəm 64 faizdir.


 

Elektron dərsliklər üçün standartlar

Rusiyanın Elm və Təhsil Nazirliyi ilin sonlarına kimi elektron dərsliklər üçün yeni standartların işlənib hazırlanmasını başa çatdıracaq. Standartlar həm texniki, həm də sanitar tələbləri nəzərə almalıdır. Sənəd təsdiq olunmaq üçün Rusiyanın Səhiyyə Nazirliyinə təqdim olunacaq.

Yeni standartlar əsasında hazırlanacaq elektron dərsliklər  isə 2015-ci ildə işıq üzü görəcək. Rusiya elm və təhsil nazirinin müavini İqor Remorenkonun sözlərinə görə,  elektron dərsliklər uşaqların sağlamlığı üçün təhlükəsiz olmalıdır. Mövcud olan dərslik materialları isə sanitar normalara cavab vermir. Nazirlikdən bildirmişlər ki, paytaxtın 60 məktəbində 12 elektron dərslik nümunəsinin  sınaqdan keçirilməsinə başlanılmışdır.   Onlara rus dili (V-IX siniflər), ədəbiyyat (V sinif), Rusiya tarixi (VII-VIII sifniflər), riyaziyyat (V sinif), cəbr və həndəsə (VII-IX siniflər), fizika və kimya (IX sinif), biologiya (VII sinif), musiqi və təsviri sənət  fənləri aiddir.  Cari ilin payızında Təhsil  və Elm Nazirliyi sanitar və texniki tələbləri ümumiləşdirərək Səhiyyə Nazirliyinə təqdim edəcək. 2014-cü ildə məktəb kitabxanaları nəzdində elektron və informasiya mərkəzlərinin yaradılması məsələsinin də həll olunması nəzərdə tutulmuşdur. 2015-ci ildə elektron dərsliklərin son qiymətləndirmə mərhələsi başa çatacaqdır.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq Cənubi Koreyada "Elektron dərslik" proqramı fəaliyyət göstərir. Bu proqram çərçivəsində vahid interaktiv kitab işlənib hazırlanmışdır və hazırda tətbiq olunur. Eksperimentlər göstərmişdir ki, proqramın tətbiqindən sonra məktəblilərin müvəffəqiyyət dərəcəsi 30 faiz artmışdır. Ən aşağı müvəffəqiyyət səviyyəsi   olan şagirdlər isə daha yaxşı nəticələr göstərmişdir. 2015-ci ildə Cənubi Koreya hökuməti bütünlüklə kağız kitablardan imtina etməyi nəzərdə tutmuşdur. 2012-ci ildən başlayaraq Amerikada da  The Digital Textbook Collaborative adlı dövlət proqramının icrasına başlanılmışdır. Bu proqram hər bir amerikalı məktəblinin interaktiv dərslik komplektləri ilə təmin olunmasını nəzərdə tutmuşdur. Bu cür təşəbbüslər bir sıra Avropa ölkələrində, eləcə də Belarus və Ukraynada da mövcuddur.


 

Fransada yeni təhsil qanunu müzakirə olunur

Fransa Milli Assambleyası təhsil sahəsində islahatlar layihəsinin müzakirəsinə başlamışdır. Layihə qəbul olunduğu təqdirdə ölkənin bəzi ali məktəblərində bir sıra kursları  ingilis dilində tədris etmək mümkün olacaqdır. Söhbət digər fənlərlə yanaşı, iqtisadiyyat və təbiət elmlərindən gedir. Fransa prezidenti Fransua Olland və hakim sosialist partiyasını təmsil edən mütəxəssislər qanun layihəsinin qəbulunu dəstəkləyirlər. Sosialistlər hesab edir ki, bu cür qanunun qəbul olunması digər ölkələrdən Fransaya tələbə axınını, digər tərəfdən isə dünya arenasında Fransa ali məktəblərinin rəqabət qabiliyyətini gücləndirəcək. Fransanın ali  təhsil naziri Jenevıyev Fıoraso da öz növbəsində bildirmişdir ki, bəzi ali məktəblərdə bir sıra məşğələlər onsuz da  ingilis dilində tədris olunsa da bu, qüvvədə olan qanunvericiliyə ziddir, buna görə də onların fəaliyyətini, İsveç, Almaniya və eləcə də bir sıra digər ölkələrdə olduğu kimi,  leqallaşdırmaq daha məntiqli olardı.

Son məlumata görə, Fransa parlamenti ingilis dilində tədrisin tətbiqinə dair qanun layihəsini qəbul etmişdir.


 

Macarıstan ali məktəblər haqqında qanunda dəyişiklik etmişdir

Macarıstanın ali məktəblərini bitirmiş və təhsil aldıqları dövrdə dövlət təqaüdü almış  tələbələr ali təhsili başa vurduqdan sonra öz ixtisasları üzrə  20 il ərzində ölkə ərazisində işləməlidirlər. Bu barədə ölkə parlamenti ali məktəblər haqqında qanunda dəyişiklik etmişdir.   Dəyişikliyə müvafiq olaraq abituriyentlər ali məktəbə daxil olarkən yazılı öhdəlik götürməlidirlər. Bu öhdəliyə əsasən dövlət təqaüdü  alacağı təqdirdə tələbə ali məktəbi  bitirdikdən sonra Macarıstan  ərazisində qalıb işləməlidir. Üçuşaqlı ailələrə, üzrlü səbəblərdən, məsələn, xəstəliyə görə dövlət qarşısında öhdəliyini yerinə yetirə bilməyən tələbələrə bu qayda şamil olunmayacaq. Qanuna görə,  tələbənin öz öhdəliyini yerinə yetirə bilmədiyi təqdirdə onun təhsil haqqı  tamamilə və ya qismən işəgötürənlər tərəfindən ödənilə  bilər.  Ali təhsil haqqında  müvafiq  dəyişiklik ölkənin tələbə cəmiyyətləri ilə uzunsürən danışıqlardan sonra bəyənilib. Belə bir qanunun qəbulu Macarıstan məzunlarının ali təhsili başa vurduqdan sonra kütləvi surətdə Avropa Birliyinin digər ölkələrinə axın etməsi ilə bağlıdır. Bu ölkələrdə əməkhaqları Macarıstandan fərqli olaraq daha yüksəkdir.  


 

Körpələr də klassik musiqiyə maraq göstərirlər

Yaponiyanın ən məşhur firmalarından olan "Soni" şirkətinin nəzdində fəaliyyət göstərən bağçalardan birində körpələr arasında tədqiqat aparılmışdır.

Tədqiqatın məqsədi  körpələrin hansı musiqi əsərinə maraq göstərmələrini müəyyənləşdirmək olmuşdur. Nəticələr həm mütəxəssislər, həm də bağçanın müəllimləri üçün gözlənilməz olmuşdur. Körpələr üçün ən cəlbedici musiqi Bethovenin 5-ci simfoniyası olmuşdur. Televiziyalarda səhərdən axşama kimi səsləndirilən populyar mahnılar 2-ci, uşaq mahnıları isə 3-cü, sonuncu yeri tutmuşdur.  Tədqiqatlara rəhbərlik etmiş yapon pedaqoqu Masaru İbuk qeyd etmişdir ki, nəticələr onu çox maraqlandırmışdır. Körpələr böyüklərin əksəriyyətinin meyilli olmadığı  klassik musiqini özlərinə daha maraqlı hesab etmişlər.  

Doktor Şiniçi Suzuki müşahidələrinə əsasən qeyd etmişdir ki, Vivaldinin konsertləri beşaylıq körpələrin xoşuna gəlmişdir.  Klassik musiqini daha çox sevən valideynlər yeni doğulmuş körpələrinə hər gün bir neçə saat ərzində Baxın 2-ci süitasını səsləndirmişlər.   3 aydan sonra isə körpələr musiqi taktına uyğun olaraq fəal hərəkət etməyə başlamışlar. Musiqinin ritmi sürətləndikcə körpənin hərəkəti daha fəal və intensiv xarakter almağa başlamışdır. Musiqi sona çatdıqda isə körpə narazılığını   ifadə etmişdir.  

Körpə ağladıqda və ya hirsləndikdə valideynləri yenidən musiqini səsləndirmiş, nəticədə o, dərhal sakitləşmişdir. Caz musiqisi səsləndikdə isə körpə hönkür-hönkür ağlamağa başlamışdır.

Doktor Şiniçi Suzuki qeyd etmişdir ki, mürəkkəb musiqi formalarını  qavramaq qabiliyyəti, sadəcə möcüzədir. "Mən əminəm ki, yaponların bir çoxu Qərb klassik musiqisini  yalnız ona görə qavraya bilmirlər ki, onlar körpəlikdən uşaq və milli mahnılardan başqa digər musiqiləri eşitməyiblər". 


 

Oğlanlar qızlara nisbətən niyə pis oxuyur?

Britaniyalı alimlər bu suala cavab tapmağa çalışmışlar. Tədqiqat gedişində alimlər uşaq bağçalarında tərbiyə alan balacalar  və ibtidai məktəblərin  aşağı sinif şagirdləri arasında bir sıra eksperimentlər aparmışlar.  Məlum olmuşdur ki, təhsildə müvəffəqiyyət dərəcəsi ilə bağlı gender stereotipləri hələ uşaq yaşlarından formalaşmağa başlayır. Məsələn, 4 yaşlı uşaqda  psixoloji xarakter formalaşır.  Buna müvafiq olaraq yaxşı oxuyan uşaqlar qızlar, təhsildə geri qalanlar isə oğlanlardır. Eksperiment zamanı uşaqlardan  "pis şagird necə olur"  sualını yazılı olaraq cavablandırmaq, sonra isə "pis şagird"in şəklini çəkmək xahiş olunmuşdur. Cavabların çoxunda "yaxşı şagird"  kimi hörükli qız,  "pis şagird" kimi dəcəl oğlan uşağının şəkli çəkilmişdir.


 

Ukraynanın dünya ali təhsil bazarında mövqeyi güclənir

"Ukrayna dünya ali təhsil bazarında ən böyük oyunçulardan birinə çevrilmişdir". Bu barədə Ukraynanın təhsil və elm naziri Dmitri Tabaçnik  Birinci kanalda "Nəzər nöqtəsi"nə verdiyi müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, xarici tələbələr arasında  Ukrayna ali məktəblərinin populyarlığı ildən-ilə artmaqdadır. Bu  isə dünya ali təhsil bazarında Ukraynanın mövqeyinin güclənməsini sübut edir.  "Bizdə son üç ildə xarici tələbələrin sayı hər il 7-8 min nəfər artır. Bu çox yaxşı göstəricidir",-deyən  nazir əlavə etmişdir ki, ildən-ilə xarici tələbələrin coğrafiyası da genişlənir. "Cari tədris ilində Ukraynada dünyanın 152 ölkəsindən 61 min tələbə təhsil alır. Xoş haldır ki, Avropadan olan tələbələrin sayında da artım vardır. Bu gün onların sayı 4 min nəfərə çatmışdır".


 

Yeni qrant layihəsi Tacikistan təhsilinin inkişafına xidmət edəcək

Təhsildə Qlobal Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının Brüsseldə keçirilmiş iclasında Tacikistanın təhsil sisteminin inkişaf etdirilməsi məqsədi ilə 16 milyon 200 min Amerika dolları həcmində qrantın ayrılması barədə qərar qəbul edilmişdir.

Tacikistanın təhsil naziri Nuriddin Saidovun iştirak etdiyi iclasda qəbul edilmiş dördüncü qrant layihəsinin 2013-cü il sentyabrın 1-dən 2016-cı il avqustun 31-dək həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Tacikistan Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilmişdir ki,  növbəti qrant əvvəlki qrant layihələrində əldə olunmuş nailiyyətlərə əsaslanır və bəzi fəaliyyət növlərini davam etdirməklə yanaşı, inklüziv və uşaqların erkən təhsili kimi istiqamətləri dəstəkləyir.  

Qrant Tacikistanın  təhsilin inkişafı milli strategiyasında 2020-ci ilə qədər nəzərdə tutulmuş növbəti hədəflərə çatmağa, azyaşlı uşaqların təhsilinin keyfiyyətinin yaxşılaşmasına və onun əhatə dairəsinin genişlənməsinə xidmət edəcəkdir.

Xarici mətbuat materialları əsasında hazırladı: 
Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov