Mayın 31-də Bakıdakı 170 nömrəli tam orta məktəbdə
onbirincilərin məktəbi bitirmələrinə həsr olunmuş "Son
zəng" tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə
açan məktəbin direktoru Nuranə Mirzəyeva bildirmişdir
ki, bu il 64 şagird məktəbi bitirir. Bu şagirdlərin
təlim-tərbiyəsində müəllimləriin rolu olduqca böyük
olmuşdur. Vurğulamışdır ki, məzunlarımız respublikamızda
və ya xaricdə öz təhsillərini davam etdirsələr belə
sevimli müəllimlərini və təhsil aldıqları doğma
məktəblərini unutmamalıdırlar.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini
Ş.Alıyev məktəbi bitirən məzunları təbrik etmiş və
onlara uğurlar arzulamışdır. Ş.Alıyev rayon icra
hakimiyyəti başçısı adından məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi Ofelya Mehdiyevaya pedaqoji sahədə
səmərəli fəaliyyəti və gənc nəslin təlim -tərbiyəsində
xüsusi xidmətinə gərə fərqlənmə diplomu təqdim
etmişdir.
Bundan başqa, olimpiadalarda ayrı-ayrı fənlər üzrə
fərqlənən bir qrup şagird də təltif olunmuşdur.
"Son zəng"də müəllimlər, valideynlər və digər qonaqlar
çıxış edərək XI sinfi bitirən şagirdlərə xoş
arzularını bildirmişlər.
Sonra söz estafeti davam etdirən birincilərə verilmiş
və onlar da "son zəng"i çalaraq məktəbi bitirən
məzunların hər birinə gül dəstələri vermişlər.
Həmin gün onbirincilər şeir deyib, mahnı oxuyub, rəqs
etmiş və müəllimləri ilə xatirə şəkli çəkdirmişlər.
Tədbir musiqi sədaları altında başa çatmışdır.
Şakir CƏFƏROV |