Bakının
Badamdar qəsəbəsindəki 236 nömrəli tam orta məktəbdə
"son zəng" tədbiri musiqi sədaları altında
onbirincilərin məktəbin bayramsayağı bəzədilmiş geniş
həyətindəki meydançaya daxil olmaları ilə başlamışdır.
Aparıcılar mərasim iştirakçılarını salamlamış,
onbirinciləri məzun olmaları münasibəti ilə təbrik
etmişlər. Şagirdlərin ifasında Dövlət himni
səslənmişdir. Üzeyir Hacıbəylinin "Koroğlu" operasının
"Uvertüra"sının sədaları altında əsgər paltarı geyinmiş
iki şagird Dövlət bayrağını meydançaya gətirmişdir.
Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı yönündə
görülən işlərdən, əldə olunan uğurlardan danışmış,
ümummilli lider Heydər Əliyevin təhsilə, gənclərə
göstərdiyi diqqət və qayğısından bəhs etmişlər. Qeyd
olunmuşdur ki, həmin siyasət bu gün ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının yeritdiyi məqsədyönlü, qətiyyətli
siyasət nəticəsində ölkəmiz dünyada sürətlə inkişaf edən
ölkə kimi tanınır.
Məktəbin direktoru Xanlar İmaməliyev onbirinciləri və
onların valideynlərini təbrik edərək məzunlara ən xoş
arzularını bildirmişdir. X.İmaməliyev başa çatmaqda
olan dərs ilində məktəbin əldə etdiyi uğurlardan
danışmışdır. Qeyd etmişdir ki, məktəb-liseydə təhsil
alan 1750 şagirddən 158-i bu gün məzun olur. 182 nəfər
birinci sinif şagirdi onbirinciləri yola salır. Direktor
dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə
sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və
müəllimlərə diplomlar təqdim etmişdir.
Sonra onbirincilər hazırladıqları maraqlı proqramı
təqdim etmişlər. Birinci sinif şagirdləri
onbirinciləri şeirlər və mahnılarla təbrik etmişlər.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və
digər qonaqlar məzunlara və onların valideynlərinə
təbriklərini çatdırmışlar.
Mərasimin ən kövrək və həyəcanlı anı olan "son zəng"
çalındıqdan sonra məzunlar məktəbin simvolik açarını
təntənəli şəkildə onunculara təqdim etmişlər.
Rəşad ZİYADOV |