"Son zəng" həyatda bir dəfə olan və bütün ömür boyu xoş
hisslərlə xatırlanan əlamətdar günlərdəndir. Bakıdakı
Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyi bu il
bitirən məzunlar da mayın 31-ni heç zaman
unutmayacaqlar. Həmin gün onlar da digər həmyaşıdları
kimi həm sevinir, həm də məktəblə vidalaşdıqlarına görə
kədər hissləri yaşamışlar. "Son zəng"lə əlaqədar
məktəbdə mərasim hazırlanmış, onun həyəti bayramsayağı
bəzədilmişdir. Valideynlər və qonaqlar meydançada
dairəvi toplaşmışdılar. Divarlarda "son zəng" yazılmış
lövhələr asılmışdı. Meydançada üçrəngli Dövlət bayrağı
qaldırılmışdır. Tədbirdə Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin əməkdaşı Simuzər Əliyeva, KİV
nümayəndələri və digər şəxslər iştirak etmişlər.
Qonaqlar əvvəlcə şəhid Rizvan Pirnəzərovun məktəbin
foyesindəki büstünü ziyarət etmiş, sonra şagirdlərin əl
işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Mərasim musiqi sədaları altında onbirincilərin
meydançaya daxil olması ilə başlanmışdır. Dövlət himni
ifa olunduqdan sonra tədbiri açan aparıcılar mərasim
iştirakçılarını salamlamış, onbirinciləri məzun olmaları
münasibəti ilə təbrik etmişlər. Sonra məzunları və
onların valideynlərini təbrik edən məktəbin direktoru
Solmaz Kazımova təhsil ocağının bu il XI siniflər üzrə
52, IX siniflər üzrə isə 152 məzunu olduğunu bildirmiş
və onlara gələcək müstəqil həyatlarında uğurlar
arzulamışdır. O, məzunlara harada olmalarına
baxmayaraq, Azərbaycanın adını həmişə uca tutmağı
tövsiyə etmişdir.
Məzunlar "Çırpınırdı Qara dəniz", "Azərbaycanım"
mahnılarını ifa etmiş, "Yallı" getmişlər. Aparıcılar
müstəqillik əldə etdikdən sonra ölkəmizdə təhsilin
inkişafı yönündə görülən işlərdən, əldə olunan
uğurlardan danışmışlar.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı
Simuzər Əliyeva və digər çıxış edənlər onbirinciləri
təbrik edərək onlara xalqımıza, dövlətimizə layiq
vətənpərvər şəxsiyyətlər kimi formalaşmağı
arzulamışlar.
Birincilər əllərindəki gül və hədiyyələrlə onbirinciləri
təbrik edib şeirlər söyləmiş, həmin günü unudulmaz
xatirəyə çevirmişlər.
Məzunlar müəllimləri və gələn qonaqlarla birlikdə
bir-birindən maraqlı rəqslər ifa etmiş, şeirlər,
mahnılar söyləmişlər. Sonda dərs ilinin başa çatdığını,
onbirincilərin məzun olduğunu bildirən "son zəng"
çalınmışdır. Onbirincilər liseyin rəmzi açarını
onunculara təhvil vermişlər. "Məktəb illəri" mahnısını
ifa edən məzunlar sülh göyərçinlərini göyə uçurmaqla
məktəblə vidalaşmışlar.
R.RAMAZANOĞLU |