Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Görkəmli alim, akademik Əhməd Mahmudovun anadan olmasının
90-cı ildönümünə həsr edilmiş elmi konfrans keçirilmişdir

 

Böyütmək üçün şəkili seçinMayın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 90-cı ildönümünə həsr edilmiş elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə reallaşan tədbirdə iştirak edən dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri əvvəlcə foyedə böyük alimin həyat və elmi fəaliyyətini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablarla tanış olmuşlar. Sərgidə fotoşəkillər, videomateriallar və virtual görüntülər də təqdim edilmişdir.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, Əhməd Mahmudov Azərbaycan iqtisad elminin formalaşmasında, inkişafında, iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş və 25 il Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna uğurla rəhbərlik etmişdir. Görkəmli alim 200-ə yaxın elmi əsər - monoqrafiya, tədris vəsaiti, məqalələr nəşr etdirmişdir. Əhməd Mahmudovun iqtisadiyyat və onunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də dünyanın ən nüfuzlu elm mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə yüksək qiymətləndirilir.

Akademik Əhməd Mahmudovun Azərbaycanın uzunmüddətli perspektiv üçün elmi-texniki tərəqqinin kompleks proqramının tədqiqinin təşkilində və əlaqələndirilməsində Azərbaycan Elmlər Akademiyasının və keçmiş respublika Dövlət Plan Komitəsinin elmi-texniki tərəqqi və sosial-iqtisadi proqnozlaşdırma problemi üzrə komissiyasının sədr müavini və eləcə də 300-dən çox nazirlik, idarə, elmi-tədqiqat institutlarının, ali məktəblərin və müəssisələrin elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilatın - Azərbaycan SSR İqtisadiyyat İnstitutunun rəhbəri kimi böyük xidmətləri olmuşdur.

Konfransda akademik Əhməd Mahmudovun elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd etmişdir ki, alimin elmi axtarışlarında aqrar sənaye inteqrasiyası, əmək ehtiyatlarının səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesablı problemlərin tədqiqi məsələləri də əhəmiyyətli yer tutur.

Vurğulanmışdır ki, elmin inkişafı sahəsində mühüm xidmətlər göstərmiş alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, tələbə, alim və oxucular tərəfindən dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr edilmişdir. Akademikin İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə 300-dən artıq doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Bildirilmişdir ki, ötən əsrin 70-80-ci illərində respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində baş verən yüksəliş dövründə kənd təsərrüfatı ilə bağlı elmi axtarışlar inkişafla yanaşı addımlamalı, daha yeni və müasir elmi-praktik tədqiqat nəticələrini ortaya qoymalı idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi, respublikanın ictimai-siyasi və iqtisadi həyatında köklü dəyişikliklər aparıldığı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının yenidən qurulmasına başlanıldığı həmin dövrdə Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutu xalq təsərrüfatının dinamik inkişaf etməsi istiqamətində qarşısına qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəlmişdir. İnstitutun elmi tövsiyələri respublikanın müvafiq dövlət qurumları tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə qərarların qəbul edilməsində mühüm rol oynamışdır.

Tədbirdə AMEA-nın İqtisad İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev "Əhməd Mahmudov görkəmli rəhbər kimi" mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi bildirmişdir ki, akademik Əhməd Mahmudov İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm ocağı nəinki respublikada, eləcə də keçmiş sovetlər məkanında böyük nüfuzu olan aparıcı elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Alimin elmlə təşkilatçılıq işini bacarıqla əlaqələndirməsi sayəsində institutun apardığı tədqiqatlarda respublikada elm və istehsalatın əməli şəkildə, real iqtisadiyyatla bağlılığı daha geniş vüsət almış, elmi nəticələrin tətbiqi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Görkəmli alim əsl vətəndaş kimi yaxşı bilirdi ki, respublikada iqtisadiyyat elmini sırf nəzəri-metodoloji problemlərə istiqamətləndirmək nəinki çox çətin, ümumiyyətlə, qeyri-mümkündür. Reallıq isə respublikanın iqtisadi həyatının canlanmasını, xalq təsərrüfatının inkişafına kömək edəcək aktual problemlərin sistemli tətbiqini tələb edirdi. Bu məsələdə də Əhməd Mahmudov əsl fədakarlıq nümunəsi göstərirdi.

Akademik institutun real elmi istiqamətlərini müəyyən edir, Azərbaycanın xalq təsərrüfatının inkişafı ilə bağlı problemlərə üstünlük verir, yeni şöbələr açır, iqtisad elminin xalqın mənafeyinə uyğunlaşdırılması istiqamətində qətiyyətli addımlar atırdı.

Natiq Əhməd Mahmudovun əlçatmaz insani keyfiyyətlərindən, humanizmindən, əməkdaşlara göstərdiyi atalıq qayğısından, böyüklüyündən geniş söz açmışdır.

Məruzələr ətrafında akademik Asəf Nadirov, rusiyalı professor Anatoli Arxipov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, belaruslu akademik Pyotr Nikitenko, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov və   AMEA-nın müxbir üzvü Kamal Abdullayev çıxış edərək Əhməd Mahmudovun elmi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Bildirilmişdir ki, mənalı ömür yolu, elmə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Ə.Mahmudov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənmişdir. O, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmişdir.

Bütün iştirakçılara təşəkkürünü bildirən milli təhlükəsizlik naziri Eldar Mahmudov atasının xatirəsinə, onun elmi irsinə verilən yüksək qiymətə, bütövlükdə Azərbaycan elminin inkişafına, alim və ziyalılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Sonda görkəmli kinorejissor Vaqif Mustafayevin Əhməd Mahmudovun həyatı və elmi fəaliyyətinə həsr olunmuş "O, Vətənini sevirdi" filmi nümayiş olunmuşdur.

Konfrans çərçivəsində AMEA-nın müxbir üzvü Teymur Kərimlinin "Akademik Əhməd Mahmudov", Məmməd Əlizadənin "Şahtaxtıdan başlanan ömür" və Məmməd Əfşanın "Zirvə" kitablarının təqdimatı keçirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov