Lənkəran
Dövlət Universitetində 28 May-Respublika Günü
münasibətilə "Azərbaycan mənim doğma vətənimdir!" devizi
altında tələbələrin yaradıcılıq müsabiqəsi
keçirilmişdir. Universitetin rektoru, fizika-riyaziyyat
elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov tədbiri açaraq iştirakçıları bayram
münasibətilə təbrik etmişdir. Rektor bildirmişdir ki,
Lənkəran Dövlət Universiteti müstəqil Azərbaycanın
yetirməsidir.
Universitet respublikanın qabaqcıl ali təhsil
müəssisələrindən biri olmaqla öz fəaliyyətini ümummilli
lider Heydər Əliyev siyasi kursuna və onun layiqli
davamçısı cənab İlham Əliyevin xalqa arxalanan
siyasətinə və həyata keçirdiyi nəhəng işlərə layiq
qurmağa çalışır. Tələbələrin yaradıcılıq müsabiqəsindən
danışarkən rektor qeyd etmişdir ki, müsabiqənin
təşkilində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli
keçirilməsini təmin etmək, onlarda vətənpərvərlik
hisslərini gücləndirmək, gənclərin bədii-estetik
səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətimizin
ayrı-ayrı sahələri üzrə istedadlı gəncləri üzə
çıxarmaqdır. Bildirilmişdir ki, müsabiqə iki turda
təşkil olunmuşdur. Birinci tur fakültələrdə
keçirilmişdir. Turun qalibləri yekun turda iştirak etmək
hüququnu qazanmışlar.
Xalq çalğı alətləri, milli rəqs, tək ifaçılar (bədii
qiraətçilər, musiqi alətində fərdi ifaçılar, solo
oxuyanlar), idman, rəsm, əl işləri, bədii yaradıcılığın
digər janrları sahəsində fərqlənənlər münsiflər heyəti
tərəfindən müəyyənləşdirilmişdir.
Qalib adı uğrunda 500-dən çox tələbə mübarizə
aparmışdır.
Qaliblər komissiya üzvlərinin rəyinə əsasən səsvermə
nəticəsində müəyyənləşdirilmişdir. Təbiyyat,
iqtisadiyyat və idarəetmə, humanitar və pedaqoji elmlər
fakültələrinin tələbələri yaradıcılıq müsabiqəsində
yüksək bilik və bacarıq nümayiş etdirmişlər.
Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli,
universitet valideynlər komitəsinin sədri Sərhad
Məmmədov, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov, LDU-nun
dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri
doktoru Yədulla Ağazadə və başqaları çıxış edərək
qalibləri təbrik etmişlər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya
xidmətinin rəhbəri |