Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
İtaliyanın La Sapienza Universitetinin prorektoru
Antonello Biagini, Azərbaycanın İtaliyadakı səfiri Vaqif
Sadıqov və İtaliya Araşdırmalar Mərkəzinin nümayəndə
heyəti ilə görüşmüşdür.
İtaliyanın elm və təhsil müəssisələri ilə əlaqələrin
inkişaf etməsinə hazır olduğunu qeyd edən rektor Abel
Məhərrəmov qonaqlara BDU haqqında məlumat vermiş, bu ali
məktəbin bir çox xarici proqram və qrant üzrə işlədiyini
və Boloniya prosesinə qoşulduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, bu sistemin əsas məqsədi
universitetlər arasında inteqrasiyanı gücləndirməkdir.
Bu baxımdan ölkədə çoxlu islahatların həyata
keçirildiyi, bu mühiti Azərbaycan universitetlərinə
gətirmək üçün xaricə tələbələrin göndərildiyi də
qonaqların nəzərinə çatdırılmışdır.
Təmsil etdiyi ali təhsil ocağı haqqında danışan qonaq
bildirmişdir ki, La Sapienza Universiteti 1303-cü ildə
təsis edilib və İtaliyanın ən qədim universitetlərindən
biridir. 145000 tələbəsi olan universitetin 4500
professoru var və 300-dən çox istiqamətdə tələbə
hazırlayır. Prorektor görüşün məqsədinin universitetlər
arasında əməkdaşlıq olduğunu vurğulamışdır.
Qonaqlar BDU-nun tədris və elmi-tədqiqat
laboratoriyaları, Elektron Tədris Mərkəzi ilə tanış
olmuşlar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |