Naxçıvan
Dövlət Universitetində Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyi münasibətilə respublika ali təhsil
müəssisələrinin tələbələri arasında keçirilmiş musiqi
ifaçılarının müsabiqəsində qazanılan Qran-pri
mükafatının təqdimetmə mərasimi olmuşdur. Mərasimi giriş
sözü ilə açan universitetin rektoru, biologiya elmləri
doktoru Saleh Məhərrəmov Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyi, 2013-cü ildə
Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan
olunması ilə əlaqədar universitetdə keçirilən çoxsaylı
tədbirlərdən danışmışdır. Rektor muxtar respublika
rəhbərliyinin diqqət və qayğısı sayəsində Naxçıvan
Dövlət Universitetində müxtəlif sahələrin, eləcə də
incəsənətin inkişafı istiqamətində mühüm uğurlar
qazanıldığını vurğulamışdır. Qeyd olunmuşdur ki,
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan
Dövlət Universitetinin Qran-pri mükafatı qazanması milli
mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olan
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə
qiymətli töhfədir. Universitetin rektoru, biologiya
elmləri doktoru Saleh Məhərrəmov bir daha müsabiqənin
qaliblərini təbrik edərək muxtar respublikanın
mədəniyyətini, incəsənətini uğurla təmsil etməkdə onlara
uğurlar arzulamışdır.
Vokal qrupun bədii rəhbəri, NDU-nun incəsənət
fakültəsinin orkestr alətləri və dirijorluq
kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının
əməkdar artisti Validə Hüseynova çıxış edərək
müsabiqənin ali təhsil ocaqlarında ifaçılıq sənətini
inkişaf etdirmək, Azərbaycan ifaçılıq sənətinin
təbliği, gənc istedadların üzə çıxarılması baxımından
əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, müsabiqə
vokal, xanəndə, estrada, xalq çalğı alətləri, fortepiano
və aşıq sənəti nominasiyaları üzrə 6 ixtisas üzrə
keçirilmişdir. 2 turdan ibarət müsabiqədə yerli və
əcnəbi olmaqla 130-dan çox tələbə öz bilik və bacarığını
nümayiş etdirmişdir. Azərbaycanın bütün ali təhsil
müəssisələri ilə yanaşı, qardaş Türkiyə
Cümhuriyyətindən, Ukrayna Respublikasından, İran İslam
Respublikasından da nümayəndələr müsabiqəyə qatılmışdı.
"Estrada və populyar musiqi" nominasiyası üzrə
Naxçıvan Dövlət Universitetinin koreyalı, nigeriyalı,
banqladeşli tələbələrdən ibarət "Meridian" vokal
qrupunun ifaları elə ilk turdan böyük maraqla
qarşılanmışdır. Azərbaycan musiqi sənətinin görkəmli
nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professor və müəllim heyətindən ibarət
münsiflər heyəti çıxışı yüksək qiymətləndirmişdir. Belə
ki, birbaşa qala konsertində iştirak etmək hüququ
qazanılmışdır. Qeyri-musiqiçilərdən ibarət xarici
tələbələrin də təmsil olunduğu "Meridian" vokal qrupunun
5 səsli vokal ifaları müsabiqənin ən böyük mükafatına -
Qran-pri mükafatına layiq görülmüşdür.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə
elmləri doktoru, professor Məmməd Rzayev mədəniyyətin,
incəsənətin inkişafına göstərilən dövlət qayğısından
bəhs etmiş, Qran-pri qaliblərinə kollektiv adından
təbriklərini çatdırmışdır.
Çıxışlarda vurğulanmışdır ki, bu qələbədə Naxçıvan
Dövlət Universitetində çoxillik rektorluq fəaliyyəti
dövründə incəsənətin inkişafında unudulmaz xidmətləri
olan AMEA-nın vitse-prezidenti, akademik İsa
Həbibbəylinin də xüsusi payı var.
Tədbirdə müsabiqənin gedişini əks etdirən videoçarx da
nümayiş olunmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |