Təhsil nazirinin müvafiq əmrinə əsasən 30 may tarixindən
etibarən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının
rəhbəri vəzifəsinə təyin edilmişdir. Ceyhun Bayramov
1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan
Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə,
Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə
bitirmişdir. 1996-2000-ci illərdə Vergilər Nazirliyində
müxtəlif vəzifələrdə çalışmış, 2000-2002-ci illərdə
"Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində
hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq
şirkətinin direktoru olmuşdur. 2004-2012-ci illərdə
dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers
Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il
Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı
hüquqşünaslar siyahısına daxil edilmişdir.
Təhsil nazirinin digər əmrinə əsasən İlham Pirməmmədov
təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev
Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları
şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Fariz Rzayev
1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Sosial
İdarəetmə və Politologiya İnstitutundan beynəlxalq
münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə
malikdir. 2000-2013- cü illərdə Xarici İşlər
Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən
2002-2005-ci illərdə Azərbaycan Respublikasının
Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı
səfirliklərində çalışmışdır. 2-ci dərəcəli 1-ci katib
diplomatik rütbəsinə malikdir. |