Qafqaz Universiteti Sahibkarlığın inkişafı və
Tədqiqatları Mərkəzinin tələbə üzvləri həyata
keçiridikləri biznes və sosial layihələri ilə
Azərbaycanın 13 ali məktəbi arasında Bakıda Monolit
Plazada keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında
(Enactus) iştirak etmişlər. Yarışmada uğur qazanaraq
Azərbaycan çempionu olmuş komanda sentyabrda Meksikada
keçiriləcək dünya sahibkarlıq çempionatında Azərbaycanı
təmsil etmək hüququ qazanmışdır.
Qafqaz Universiteti Enactus komandası yarışda iki sosial
və iki biznes layihəsi ilə iştirak etmişdir. "Yaşıl
şəhərcikdən - yaşıl Bakıya" adlı layihənin məqsədi
universitetlərdə kağız tullantılarını azaltmaq və
mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi
formalaşdırmaqdır. Layihənin ikinci mərhələsində Qafqaz
Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə
razılaşaraq kağız torbaların istehsalını təşkil edəcək
və nəticədə ətraf mühit üçün daha təhlükəli olan plastik
paketlərə alternativ olaraq Bakı şəhərindəki
supermarketlərə kağız torbalar təklif olunacaq.
Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tələbə
üzvləri tərəfindən idarə edilən "Əl-ələ" layihəsi
universitetə yaxın ərazilərdə yaşayan aztəminatlı
ailələr ilə kiçik biznesə başlamağı qarşılarına məqsəd
qoymuşdur. Azgəlirli ailələr üçün əlavə gəlir təmin
etməkdən başqa, bu layihənin digər məqsədi kiçik biznes
üçün planlanmanın aparılması və kiçik bizneslə bağlı
riskləri idarə etmək üçün bu ailələri
maarifləndirməkdir.
Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan
digər iki biznes layihəsinin məqsədi isə iki yerli
şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq
bazarlara daxil olmaq üçün yardım etməkdir. Bu iki
biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu
şirkətlərin yeni məhsulları üçün marketinq və təchizat
zənciri strategiyaları hazırlamış və e-ticarətin
qurulmasına kömək etmişdir.
Yusif ƏLİYEV |