Saatlı rayonundakı Əlisoltanlı kənd tam orta məktəbində
28 May - Respublika Günü və 1 İyun - Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Müstəqil
ölkənin azad uşaqları" mövzusunda tədbir keçirilmişdir.
Məktəbin ibtidai sinif müəllimi Nazilə Cəfərovanın III
sinif şagirdləri ilə təşkil etdiyi tədbirdə Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, eləcə də
cümhuriyyət dövründə təhsil sahəsində görülən işlər
barədə məlumat verilmiş, 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Gününün təsis tarixindən, əhəmiyyətindən
danışılmışdır.
N.Cəfərova hər iki tarixi günün xalqımızın həyatındakı
önəmli rolundan söz açmış, cümhuriyyət dövründə həyata
keçirə bilmədiyimiz arzu və istəklərimizi 1991-ci ildə,
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, ulu
öndərimiz Heydər Əliyevin rəhbərliyi altında müstəqil
Azərbaycan dövləti qurulub möhkəmləndirildikdən və
getdikcə inkişaf edərək dünya dövlətləri arasında öz
layiqli yerini tutduqdan sonra tam gerçəkliyə
çevrildiyini vurğulamışdır. O bildirmişdir ki,
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət
nəticəsində son illər ölkəmiz günü-gündən inkişaf edir,
uşaqlarımız sülh, əmin-amanlıq şəraitində rahat və
qayğısız yaşayırlar.
Sonra şagirdlər bayram münasibəti ilə hazırladıqları
ədəbi-bədii kompozisiyanı nümayiş etdirmişlər. Elnur,
Afaq, Teymur, Səbinə, Tehran, Leyla, Sevinc, Nahid,
Kənan və digər şagirdlər müstəqilliyə, azadlığa həsr
olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmişlər.
Y.ƏLİYEV |