Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və
İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 May -
Respublika Gününə həsr olunmuş məhəllə və mikrorayonlar
arasında III mini-futbol yarışlarının açılış mərasimi
keçirilmişdir. Mərasimdə Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər ictimaiyyəti
və KİV nümayəndələri iştirak etmişlər. Sumqayıt şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovdan
aldığımız məlumatda bildirilmişdir ki, yarışlar
ümummilli lider Heydər Əliyevin abidəsinin önündə start
götürmüşdür.
Ənənəvi idman tədbirinin açılış mərasimində çıxış
edənlər bildirmişlər ki, ölkəmiz müstəqillik əldə
etdikdən sonra bütün sahələrdə olduğu kimi, idman
sahəsində də uğurlar qazanılmışdır. Dövlətimiz
tərəfindən yeni müasir standartlara cavab verən idman
komplekslərinin istifadəyə verilməsi bütövlükdə
Azərbaycan xalqını sevindirir. Böyüməkdə olan nəslin
fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham
Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və
intellektual imkanlar müqabilində geniş meydan verməyin
tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət
və qayğı ilə yanaşır. Dövlət başçımız Azərbaycan
balalarının sağlam böyüməsi, ölkəmizin layiqli
vətəndaşları kimi formalaşması istiqamətində
təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu baxımdan
ölkəmizdə və eləcə də Sumqayıtda bədən tərbiyəsi və
idmana böyük diqqət yetirilir. Çünki idman təkcə yüksək
nəticələr qazanmaq deyil, həm də hər bir millət üçün ilk
növbədə sağlamlıqdır. Bildirilmişdir ki, qısa müddət
ərzində ölkəmizdə 35 Olimpiya Kompleksi tikilmişdir.
Sevindirici haldır ki, təkcə son iki ildə cənab
Prezidentimizin iştirakı ilə Sumqayıtda böyük bir idman
məktəbi və Olimpiya Kompleksi istifadəyə verilmişdir.
Aparılan ardıcıl və məqsədyönlü işlər nəticəsində
ölkəmizdə, o cümlədən Sumqayıtda böyük nailiyyətlər
qazanılmış, idmançılar ordusu yetişmişdir. Son illər
şəhərin tarixində ilk dəfə olaraq 6 nəfər olimpiya və
paralimpiya oyunlarının mükafatçısı olmuş, 75 nəfər
dünya, Avropa çempionatı, birincilikləri və kubok
yarışlarının qalibi adına layiq görülmüşdür. Şübhəsiz
ki, böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi və
məhəllələrdə idman hərəkatı və yarışlarından başlanır.
Böyük inam hissi ilə bildirilmişdir ki, buraya toplaşan
yarış iştirakçılarının arasından gələcəyin məşhur
futbolçuları, idmançıları çıxacaq.
Dövlət himninin səslənməsindən sonra turnirin açılış
mərasimi yüzlərlə rəngarəng şarın səmaya buraxılması və
Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin
rəqs qrupunun maraqlı ifaları ilə yekunlaşmış,
komandalar nizami addımlarla şəhərin küçələrindən
keçmişlər.
Qeyd edək ki, mini-futbol yarışları son illər ərzində
yenidən qurulan nümunəvi məhəllələrdə inşa edilmiş idman
meydançalarında keçiriləcəkdir. Şəhərin 68 məhəllə və
mikrorayonundan 100-dən artıq komandanın və 1000-dən çox
yeniyetmənin iştirak etdiyi mini-futbol turnirinə iyulun
3-də yekun vurulacaqdır.
Rəşad ZİYADOV |