Pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Vaqif Tapdıq oğlu Qurbanov
professor Əziz Əfəndizadənin metodika məktəbinin layiqli
davamçısı kimi tanınır. O, Azərbaycan Müəllimlər
İnstitutunda "Azərbaycan dili tədrisinin aktual
problemləri", "Azərbaycan dilinin tədrisi metodikası" və
"Nitq mədəniyyəti" fənlərini tədris edir. Onun çox
maraqlı bir həyat yolu və zəngin elmi-pedaqoji
bioqrafiyası var. Vaqif Tapdıq oğlu Qurbanov 18 may
1943-cü ildə Əli Bayramlı (indiki Şirvan) rayonunun
Qarabağlı kəndində anadan olmuş, 1957-ci ildə yeddiillik
məktəbi bitirmiş, təhsilini Kərimbəyli kənd orta
məktəbində davam etdirmiş, 1961-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil
olmuşdur. 3 il ordu sıralarında qulluq etmiş və 1969-cu
ildə ali təhsilini başa vurmuşdur. Bakı şəhəri 179
nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi
kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə məktəbin,
rayonun və şəhərin fəal müəllimləri sırasına daxil
olmuş, konfranslarda və seminar-müşavirələrdə çıxışları
ilə fərqlənmişdir.
Dövrün görkəmli metodist alimləri Əziz Əfəndizadə və
İbrahim Zülfüqarovun diqqət və qayğısı nəticəsində dilin
tədrisi məsələlərinə dərindən yiyələnmişdir. Bakı şəhər
Müəllimləri Təkmilləşdirmə İnstitutunda intensiv dərslər
qurmaq bacarığını nümayiş etdirmiş, konfranslarda
məruzələr etmişdir. V.Qurbanovun bu fəaliyyəti onun
Təhsil Nazirliyinin fəal müəllimlər qrupuna daxil
edilməsinə əsas vermişdir.
1971-1975-ci illərdə İ.Zülfüqarov Vaqif müəllimin
işlədiyi məktəblə daim əlaqə saxlamış, onun qazandığı
uğurlara, xüsusən də 5 illik pedaqoji təcrübəsinə
verilən yüksək qiymətə - "Respublikanın qabaqcıl maarif
xadimi" döş nişanı ilə təltif edilməsinə görə çox
sevinmişdir. İbrahim müəllim onu Maarif Nazirliyinin
tədbirlərinə cəlb etmiş, nazir, akademik Mehdi Mehdizadə
ilə və eləcə də Əbdüləzzəl Dəmirçizadə, Səlim Cəfərov,
Əli Fərəcov, Əhəd Əhmədov kimi alimlərlə tanış
etmişdir...
1975-ci ildə V.Qurbanov respublika səviyyəli
elmi-pedaqoji konfransda 4 ən yaxşı müəllimlərdən biri
kimi təriflənmiş, dərslərindən fraqmentlər çəkilmiş, 12
dəqiqəlik tədris materialı hazırlanmış, habelə Bakı
şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda
foto-sərgisi yaradılmışdır.
Ümumiyyətlə, 1970-1975-ci illər V.Qurbanovun qabaqcıl
müəllim kimi formalaşması üçün ən uğurlu dövr olmuşdur.
1975-ci ildə onun ETPEİ-yə elmi işçi qəbul olunması üçün
Ə.Əfəndizadə institut rəhbərliyi qarşısında vəsatət
qaldırır.
1975-87-ci illərdə o, Əziz Əfəndizadə kimi tanınmış bir
alim və insanın rəhbərliyi altında işləməyə başlayır.
Etirafları: 2 il ərzində həmin institut alimlərindən,
xüsusilə də Əziz müəllimdən çox şeylər öyrəndim. Sərrast
danışmaq və yazmaq, nizamlı-səliqəli cümlələr qurmaq,
daima elmi-metodik axtarışlar aparmaq və s. xeyirxah
əməllər, əvəzini gözləmədən yaxşılıqlar etmək, yiyəsizə
sahib çıxmaq, "özününkü-özgə" anlayışından uzaq olmaq,
gənclərə inanmaq, əsl elmi rəhbər, əsl yoldaş, əsl
insanlığı zinətləndirmək o dövr alimlərinin həyat
kredosu idi.
İlk gündən, 12 il ərzində o, şöbəyə daxil oldumu, ayağa
durmuşam. Mənə baxıb başqaları da qalxmışlar. Mən bu
jesti özüm üçün etmişəm. Yoldaşlar da mənə baxıb
ediblər. Sağ olsunlar! Həmişə Əziz müəllimin sözlərini
qanun kimi qəbul etmişəm. Ziyanını görməmişəm. Haqqımda
çox yüksək fikirlər deyərdi. Onların bəziləri indi də
yadımdadır: "Vaqif müəllim iki ildən gec olmayaraq
müdafiə etməlidir. Dərslərini çox bəyənmişik, yaxşı
metodist alim olacaq". İndi o sözləri həyəcansız dilimə
gətirə, yaza bilmirəm.
İşə qəbul olunmağından 2 ay keçməmiş Əziz müəllim "Orta
məktəbdə Azərbaycan dili tədrisi" adlı vəsaitin II
hissəsində fel bəhsinin tədrisini yazmağı V.Qurbanova
həvalə edir. Təklif çox gözəl bir insandan - Əhməd
Kəlbəliyevdən gəlmişdi. O, öz yazacağı hissədən müəyyən
bölmə ayırmağı təklif etmiş, Əziz müəllim də
razılaşmışdır.
Vaqif müəllim bu təklifə çox sevinir, ancaq necə
yazacağını da düşünür. Yenə də köməyə Əziz müəllim
çatır. O hiss edir ki, Vaqif müəllim linqvistikanı
dərindən və hərtərəfli öyrənməkdə israrlıdır. Rus
dilçi-metodistlərini müntəzəm oxuyur, öyrənir. Bu
vəsaitdə felin hibrid kateqoriyalarının linqvistik
xüsusiyyətlərinin metodik əsasa çıxarması Əziz müəllimi
təmin edirdi və Vaqif müəllimə: - "Düzgün yol tapmısan,
yaz, mən redaktə zamanı "ətə-qana" dolduraram, əsas odur
ki, səndə yeni metodik ideya var" - deyir.
...Əziz müəllimin rəhbərliyi ilə o, böyük məktəb
keçmişdir. O məktəbdən kimlər çıxmayıb? Yəhya Kərimov,
Bəşir Əhmədov, Şəmistan Mikayılov, Məmməd Həsənov, Camal
Əhmədov, Kənan Mikayılov, Yasin Əfəndiyev, Nazim Əhmədov
kimi professorlar, Əhməd Kəlbəliyev, Sabir Vahidov,
Fərrux Həsənov, Ənvər Abbasov, Haşım Qafarov, Hava
Abdullayeva, Asif Hacıyev, Sevda Abbasova kimi tanınmış
metodist alimlər...
Vaqif müəllimin fikrincə, Ə.Əfəndizadə xeyirxah insan
kimi ömürlərdə yaşadı, tarixlərə çevrildi. Onun
etirafına inansaq, deməliyik, Ə.Əfəndizadə oğlu Münislə
yanaşı, şöbə əməkdaşlarına da atalıq qayğısı
göstərmişdir.
V.Qurbanov 1986-cı ildə professor Ə.Əfəndizadənin
rəhbərliyi altında "Azərbaycan dilinin sistematik
kursunda söz birləşmələri tədrisinin linqvodidaktik
əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Çox keçməmiş baş elmi işçi adı almışdır.
1987-ci ildən "Azərbaycan məktəbi" jurnalına elmi
redaktor vəzifəsinə irəli çəkilmişdir. Çox xeyirxah bir
insanın - Zahid Qaralovun məsləhəti, baş redaktor Zəhra
Əliyevanın istəyi ilə 1990-cı ildə bu vəzifədən "Ana
sözü" jurnalına baş redaktor müavini vəzifəsinə keçmiş
və əziz müəlliminə "Arzularımın qanadlarında" adlı esse
yazmış, onu şərh etməyə çalışmışdır. Burada Əziz
müəllimin elmi sanbalını, mənəvi keyfiyyətlərini bəyan
etmişdir. Əziz müəllim ona zəng etmiş: - "Mirzə, qələmin
məni kövrəltdi, sən mənim haqqımda belə düşünürsənmiş?
Halal olsun sənə!" - demişdir.
V.Qurbanovun elmi-metodik yaradıcılığının üç əsas
dövrünü qeyd etmək olar; bunlardan birincisi ETPEİ-də
işlədiyi 1975-1987-ci illəri əhatə edir. Buraya
"Azərbaycan dili və ədəbiyyat tədrisi"ndə dərc olunan
6-7 məqalə, 3 tövsiyə, habelə namizədlik dissertasiyası
aid edilir.
1987-1992-ci illərdə onun elmi-metodik və elmi-pedaqoji
məqalələri "Azərbaycan məktəbi", "Azərbaycan dili və
ədəbiyyat tədrisi" və "Ana sözü" jurnallarında dərc
olunmuşdur.
V.Qurbanov 1992-1996-cı illərdə Azərbaycan Respublikası
Prezidenti yanında AAK-da humanitar və ictimai elmlər
üzrə şöbə müdirinin müavini vəzifəsində işləmiş, bu
illərdə o, respublika alimlərinin elmi potensialı ilə
yaxından tanış olmaq imkanı qazanmışdır. Sonralar
dərsliklərində ən şöhrətli Azərbaycan alimləri haqqında
mətnlər tərtib etməsi və yazması bununla əlaqədardır.
Lütfü Ələsgərzadə, Azad Mirzəcanzadə, Əziz Əfəndizadə,
Xudu Məmmədov, Rafiq Əliyev və b. onlarca alimi
şagirdlər, gənclər və pedaqoji ictimaiyyət arasında
təbliğ etmək Vaqif müəllimin daima fikrini məşğul
etmişdir. V.Qurbanov az, lakin mənalı yazan
tədqiqatçıdır. Bu vaxta kimi 160-dan çox elmi yazı dərc
etdirmişdir. Qəzet məqalələri də ki, öz yerində.
V.Qurbanovun metodik ideyaları bugünkü təhsil sisteminin
tələbləri baxımından çox orijinal və qiymətlidir.
V.Qurbanovun yaradıcı fəaliyyətinin üçüncü dövrü 1999-cu
ildən bu günə kimi Azərbaycan Müəllimlər İnstitutunda
işlədiyi illəri əhatə edir. AMİ-yə onu çoxdan gətirmək
istəmişlər. Hələ 1980-ci illərdə Mircəfər Həsənov və
Rəfiqə Mustafayeva kimi xeyirxah insanlar ETPEİ-yə
gələrkən onu Azərbaycan Respublikası Müəllimləri
Təkmilləşdirmə İnstitutuna aparmaq təklifini
Ə.Əfəndizadəyə bildirmişlər, o da "Vaqif hələ burada
işləməlidir" - demişdir.
V.Qurbanov hazırda AMİ-də dosent vəzifəsini tutur. Ali
təhsil müəssisələri müdavimləri, orta ixtisas təhsili və
dil-ədəbiyyat müəllimləri, bakalavr, magistr tələbələr
qarşısında nümunəvi dərslər keçir, rəhbərlik tərəfindən
daim qiymətləndirilir. Onu hamı heç bir vəzifədə gözü
olmayan, əmr etməyi xoşlamayan bir əməkdaş kimi qəbul
edir. Yalnız öyrənənə yol göstərməyi bacaran, gəncləri
təhsilə və tədqiqat aparmağa ruhlandırmağı qarşısına
məqsəd qoyan bir müəllim kimi nüfuz sahibidir.
Əsl müəllim haqqında Vaqif Qurbanovun orijinal fikirləri
var. O göstərir ki, təhsil müəssisəsinə şöhrət gətirən
müəllimlərdir. Əsl müəllim dərs qurmağın mahir memarı
olmalıdır. Dərs orkestr kimi xəyalqurucu ahənglə
səslənməlidir. Tələbə də dərsdən doymamalıdır, zəngin
necə vurulduğunu hiss etməməlidir...
V.Qurbanov pedaqoji elmlər doktoru alimlik dərəcəsi
almaq üçün "Azərbaycan dili təlimində fəndaxili
əlaqələrdən istifadə üzrə işin sistemi" mövzusunda
doktorluq dissertasiya işini bitirmiş, monoqrafiya,
tədris vəsaiti və bu mövzuda 60-dan çox məqalə nəşr
etdirmiş və Azərbaycan Prezidenti yanında AAK-ya təqdim
etmişdir.
Bu illər V.Qurbanovun həyatında ən məhsuldar illər
sayılır. "Azərbaycan dili tədrisinin aktual
problemləri", "Azərbaycan dili dərslərində fəndaxili
əlaqələr", "Nitq mədəniyyəti və üslubiyyat" adlı
kitablar yazmış və həmin fənlərdən dərs deyir. Hazırda
"Azərbaycan dilinin tədrisi metodikası" kitabını nəşrə
hazırlayır. Əvvəlkindən də artıq şövqlə dərslərini
deməkdə davam edir. AMİ-də son 10 ildə ona göstərilən
qayğıdan ruhlanır və şükranlıq edərək deyir: "İnsanın
hər çiynində bir mələk oturmuşdur; sol çiynindəki xoş
əməllərini yazır. Mən hamının çiyninə belə mələk
qonmasını arzu edərdim!".
V.Qurbanov xeyirxahları unutmayır, Əziz müəllimi - elmi
rəhbərini daim xatırlayır, onun ruhu qarşısında özünü
borclu hesab edir: "Mən bu yaşda özümü mərhum professor
Ə.Əfəndizadə məktəbinin davamçısı hesab edirəm. Ömrüm
boyu bu məktəbi zinətləndirməyə çalışmışam. Çalışmışam
ki, Əziz Əfəndizadənin layiqli davamçısı adını
doğruldum".
Yubilyarın bu sözləri onu tanıyan insanlara daha
inandırıcı görünür. Mən belə hesab edirəm ki,
V.Qurbanov hər bir işdə özünü yox, dostlarını, işlədiyi
tədris müəssisəsini düşünən və 70 illik ömrünü şərəflə
yaşayan bir insandır. O, taleyindən də razıdır. Onu
sevən kollektivdən də və rəhbərlikdən də. Kafedramızda
səmimilik və mehribanlıq havasını yaradan da odur.
Əziz dostumuzun 70 yaşını ürəkdən təbrik edir və ona
daha neçə-neçə illər yaşamaq üçün möhkəm cansağlığı
arzulayırıq.
Fikrət XALIQOV,
filologiya elmləri doktoru, professor,
AMİ-nin Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasının müdiri |