Türk Dili Olimpiadasında 140 ölkədən 2 min şagird bu
deviz altında mübarizə aparır
Bu günlərdə qardaş Türkiyə Respublikasında dil və
mədəniyyət bayramı - Xl Beynəlxalq Türk Dili Olimpiadası
keçirilir. Olimpiadanın məqsədi türk dilinin-türk
dilləri qrupuna daxil olan dillərin bütün dünyada
tanınmasını və əhatəli şəkildə yayılmasını təmin
etməkdir. Bu layihədə iştirak edən şagirdlər hər il
fərqli bir devizlə dünyaya sülh, sevgi, dostluq və
qardaşlıq mesajları verir. İlk dəfə 2003-cü ildə 17
ölkədən 62 iştirakçı ilə başlayan Beynəlxalq Türk Dili
Olimpiadası bu il "Ümumbəşəri sülhə doğru" devizi
altında 140 ölkəni təmsil edən dilləri, dinləri, irqləri
və mədəniyyətləri fərqli 2 min şagirdlə keçirilir.
Mayın 22-də İstanbulun Atatürk Olimpiada Stadionunda
mətbuat konfransı ilə start götürən Xl Beynəlxalq Türk
Dili Olimpiadası çərçivəsində Türkiyənin 55 şəhərində 99
səhnə proqramı təşkil edilir.
Əsas təşkilatçısı Uluslararası Türkçə Dərnəyi
(TÜRKÇƏDER) olan olimpiadanın keçirilməsinə "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki
nümayəndələri fəal dəstək göstərirlər.
Qeyd edək ki, bu geniş əhatəli tədbirə hər il dünya
miqyasında 15 mindən artıq şagird hazırlaşır. Martın
sonuna qədər müsabiqələr başa çatdıqdan və seçimlər
yekunlaşdıqdan sonra hər bir ölkədə Türkiyəyə
göndəriləcək finalçılar müəyyən edilir. Bu iştirakçılar
olimpiadaya ikinci dəfə qatıla bilməzlər. Müsabiqə
qiraət, inşa, mahnı, şeir, səs, oxuma, mədəni irs,
təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları və s.
olmaqla müxtəlif nominasiyalar üzrə keçirilir. Mahnı,
şeir, səs və xalq oyunları nominasiyaları üzrə
yarışlarda 12-16 yaşlı, digər yarışlarda 13-19 yaşlı
şagirdlər, tələbələrə aid yarışmalarda isə 25 yaşadək
olan gənclər öz qabiliyyət və istedadlarını nümayiş
etdirə bilərlər.
Azərbaycanlılar bu mötəbər tədbirdə hər il fəal iştirak
edərək öz ölkələrini layiqincə təmsil edirlər. Təkcə bu
faktı diqqətə çatdırmaq kifayətdir ki, onlar indiyədək
ümumilikdə 103 medal qazanmışlar. Bunlardan 34-ü qızıl,
50-si gümüş, 20-si bürüncdür.
Xl Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi 80
şagird təmsil edir. Bu məktəblilərin seçimi Təhsil
Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri
Şirkəti tərəfindən aparılıb. Azərbaycan-Türkiyə Özəl
Liseylərinin və digər ümumi təhsil müəssisələrinin
şagirdləri arasında seçim, hər il olduğu kimi, bu il də
ayrı-ayrı nominasiyalar üzrə bir neçə mərhələdə
keçirilmişdir.
Proqrama uyğun olaraq Xl Beynəlxalq Türk Dili
Olimpiadası çərçivəsində keçirilən Uluslararası Dil və
Mədəniyyət Festivalı 24-26 may tarixlərində İzmir
şəhərində təşkil olundu. Həmin tarixlərdə İzmir
Mədəniyyət Parkının Fuar Mərkəzində 140 ölkə tanıtım
stendləri ilə mədəniyyətini nümayiş etdirdi. 3 gün
ərzində stendləri ziyarət edən bir milyondan artıq insan
bu ölkələrlə bağlı müəyyən təsəvvürə malik oldu.
Digər şəhərlərdə olduğu kimi, İzmir Fuar Mərkəzində də
Türkiyədən sonra ən böyük stend Azərbaycana məxsus idi.
Orijinal dizaynı, gözoxşayan görünüşü və eksponatlarının
zənginliyi ilə diqqəti cəlb edən Azərbaycan guşəsində
ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti
İlham Əliyevin şəkilləri, İçərişəhərin, Nizami
Gəncəvinin məqbərəsinin, Möminə xatun türbəsinin, Qoşa
Qala qapısının maketləri, qədim məişət əşyaları, milli
musiqi alətləri və s. nümayiş etdirilir, canlı musiqi
ifa olunur, ziyarətçilərə milli mətbəximizə məxsus
şirniyyatlar təklif edilirdi. Onlar milli geyimli oğlan
və qızlarımızla şəkil çəkdirir, səmimi söhbət edərək
Azərbaycan haqqında daha ətraflı məlumat almağa
çalışırdılar.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, olimpiada
çərçivəsində tədbirlərin həyata keçirilməsində digər
təşkilatçılarla yanaşı, Türkiyədə fəaliyyət göstərən
Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin (ADKADER) də
böyük xidmətləri var. Bu qurum Azərbaycanın könüllü
elçisi kimi iki qardaş dövlət arasında əlaqələri inkişaf
etdirmək istiqamətində mühüm işlər görür. Hər il
Türkiyənin müxtəlif şəhərlərində təşkil edilən
Beynəlxalq Türk Dili Olimpiadalarında ölkəmizin
mədəniyyətinin tanıdılması ilə bağlı bir sıra
əhəmiyyətli tədbirlərin həyata keçirilməsi buna ən
parlaq nümunədir. ADKADER dilimizi və mədəniyyətimizi
140 ölkə arasında çox yüksək səviyyədə təqdim etmək
məqsədilə Azərbaycan stendi hazırlamış, 3 gün ərzində
burada hərəsi 50 min olmaqla Azərbaycan bayrağı,
"Azərbaycan" sözü yazılmış hava şarı, Azərbaycana aid
rəsmləri olan yelpazə, 20 min broşür, minlərlə
Azərbaycan şirniyyatı paylamışdır. Bundan əlavə, İzmir
Fuar Mərkəzində təşkil edilən Azərbaycan gecəsi də
onların adı ilə bağlıdır.
Xl Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan
tanınmış ziyalılar, iş adamları, təhsil, KİV işçiləri və
digər qonaqlardan ibarət böyük bir nümayəndə heyəti ilə
təmsil olunurdu. Mayın 25-də İzmir Fuar Mərkəzinə gələn
nümayəndə heyəti Azərbaycan guşəsini ziyarət edərək
stendlə yaxından tanış oldu. Elə həmin gün axşam İzmir
Fuar Mərkəzindəki Atatürk Açıq Hava Anfiteatrında
keçirilən Azərbaycan gecəsində məktəblilərimiz möhtəşəm
konsert proqramı ilə çıxış etdilər. Azərbaycan
komandasının yüksək səviyyəli səhnə performansı minlərlə
tamaşaçının böyük marağına səbəb oldu. Konsert
proqramının hər bir nömrəsi onların sürəkli alqışları
ilə müşayiət olunurdu. Azərbaycandan gəlmiş nümayəndə
heyəti də öz növbəsində uşaqlara alqışlarıyla dəstək
oldu. Əllərdə yellənən minlərlə Azərbaycan bayrağı çox
gözəl görüntü və hamının ürəyində zəngin təəssürat
yaradırdı.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə
attaşesi Nəcibə Nəsibova çıxış edərək hamının bayram
əhval-ruhiyyəsində olduğu belə bir tədbirdə iştirak
etməsindən məmnun olduğunu bildirdi. O qeyd etdi ki,
vaxtilə böyük Atatürk "Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir", ümummilli liderimiz Heydər Əliyev
"Biz bir millət, iki dövlətik", Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev "Tək millətin
tək diasporu olar" demişdir. Bu gün iştirakçısı
olduğumuz dil və mədəniyyət bayramı dövlət
başçılarımızın həmin fikirlərinin çox gözəl ifadəsi, ən
parlaq nümunəsidir.
N.Nəsibova tədbirin belə yüksək səviyyədə keçirilməsinə
görə təşkilatçılara təşəkkürünü bildirərək bunu
Azərbaycana və azərbaycanlılara göstərilən hörmət kimi
dəyərləndirdiyini vurğuladı və çıxışının sonunda bütün
məktəblilərə bu mötəbər yarışmada uğurlar arzuladı.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən çıxışında qeyd etdi ki, Azərbaycan
məktəbliləri bu il də ayrıca konsert proqramı ilə öz
istedadlarını nümayiş etdirdilər. Bu gün izmirlilər
onların sayəsində Azərbaycan mədəniyyətini daha yaxından
tanımaq imkanını əldə etdilər.
Keçən il həmyerlilərimizin olimpiadada uğurla iştirak
edərək l yeri tutduğunu xatırladan Ə.Özərən gələn il də
hansı şəhərdə olursa-olsun, azərbaycanlıların yenə də öz
gözəl ifaları, istedadları ilə seçiləcəklərinə əmin
olduğunu bildirdi.
Hicran ƏKBƏROVA |