Bu
gün uşaqların asudə vaxtlarının səmərəli təşkili,
əyləncə mərkəzlərində əylənmələri, incəsənətin, idmanın
müxtəlif sahələri üzrə fəaliyyət göstərən dərnəklərdə
məşğul olmaları valideynlərin diqqətdə saxladığı ən
vacib məsələlərdən biridir. Artıq əksər valideynlər öz
övladları üçün onları maraqlandıra biləcək, günlərini
səmərəli keçirmələri üçün məkanlar soraqlaşıb arayırlar.
Valideynlərin arzularını, istəklərini reallaşdıran,
övladlarının günlərini şən və əyləncəli keçirməsini
təmin edən, eyni zamanda onların uşaqlarını tam
arxayınlıqla etibar edə biləcəyi belə məkanlardan biri
də Bakının Nərimanov rayonu ərazisində yerləşən "Buggy
Bug" Tədris və İnkişaf Mərkəzidir. Elə mərkəzin
təsisçisi və direktoru Aysu Bayramzadə ilə söhbətimiz də
məhz rəhbərlik etdiyi məkanın fəaliyyəti, burada görülən
işlər, yeniliklərlə bağlı oldu.
2011-ci ilin martından fəaliyyətə başlayan "Buggy Bug"
Tədris və İnkişaf Mərkəzinin ilk addımlarının çox uğurlu
olduğunu deyən Aysu xanım barada uşaqlar üçün
məktəbəqədər hazırlıq, ingilis, rus dilləri üzrə
kursların, rəsm, musiqi, rəqs, eləcə də idmanın
gimnastika, karate və şahmat növləri üzrə dərnəklərin
fəaliyyət göstərdiyini bildirdi. Qeyd etdi ki, mərkəzdə
həmçinin psixoloq və loqoped xidməti də valideynlərə
təqdim olunur. 3-12 yaşlı uşaqlar üçün inkişafetdirici
məşğələlərin keçirilməsi, balacaların öz seçimlərinə
uyğun müxtəlif dərnəklərdə məşğul olmaları onların
hərtərəfli inkişafında, dünyagörüşlərinin
formalaşmasında əhəmiyyətli rol oynayır. Mərkəzdə
uşaqların keyfiyyətli təhsil alması, vaxtlarını maraqlı
və əyləncəli keçirməsi ilə bağlı hər cür şərait
yaradılmışdır. Burada 3 məşğələ,1 valideyn gözləmə otağı
var. Yüksək tərtibatı ilə gözoxşayan, zövqlə hazırlanmış
geniş zalda isə uşaqlar üçün bayram şənlikləri təşkil
olunur. Mərkəzdə uşaqların ad günlərinin, həmçinin
müxtəlif məktəb tədbirlərinin keçirilməsi ilə bağlı
xidmətlər də təklif olunur. Tədris və İnkişaf Mərkəzində
dərslər, məşğələlər yüksək biliyə və bacarığa malik
müəllimlər tərəfindən aparılır. Mütəmadi olaraq
uşaqların əl işlərindən ibarət sərgilər təşkil olunur
ki, bu da onların istedadının, yaradıcılıq
qabiliyyətlərinin üzə çıxarılmasında əhəmiyyətli rol
oynayır.
Günbəgün xidmətlərini yeniləyən və təkmilləşdirən "Buggy
Bug" Tədris və İnkişaf Mərkəzinin atdığı növbəti uğurlu
addımlarından biri də "Yay məktəbi"nin fəaliyyət
göstərməsidir. "Yay məktəbi" barədə bizə məlumat verən
Aysu xanım bildirdi ki, artıq tədris ili başa çatır.
Uşaqların yay tətili dövrü başlanır. Elə valideynlər var
ki, onlar gərgin işləri ilə bağlı məzuniyyətə çıxa
bilmirlər və öz uşaqlarının paytaxtdan çıxmamaq şərti
ilə haradasa dincəlməsini, eyni zamanda vaxtlarını
səmərəli keçirməsini istəyirlər. "Yay məktəbi" də məhz
belə valideynləri düşünərək yaradılmışdır. Belə ki,
iyun, iyul, avqust aylarında həftənin 5 günü (şənbə və
bazar günləri istisna olmaqla) adıçəkilən məktəbdə
əsasən 5 yaşdan yuxarı uşaqların həm istirahəti, həm də
inkişafı ilə bağlı müxtəlif tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Yay tətili dövründə
buranın uzunillik təcrübəyə malik, peşəkar müəllimləri
məktəbdə verilən tapşırıqların yerinə yetirilməsində
məktəblilərə yardımçı olacaqlar. Uşaqlar həmçinin rəsm,
rəqs, şahmat, gimnastika və karate məşğələlərində də
iştirak etmək şansı əldə edə biləcəklər.
Artıq "Yay məktəbi"nə sənəd qəbuluna başlanıldığını
söyləyən Aysu Bayramzadə qeyd etdi ki, hər bir valideyn
öz övladının yay tətilinin əyləncəli, maraqlı keçməsini,
onların əqli və fiziki cəhətdən inkişaf etmiş və
hazırlıqlı olmasını isəyirsə, bu mərkəzə müraciət edə
bilər.
Bir sözlə, "Yay məktəbi" işgüzar valideynlərin uşaqları
üçün etdikləri düzgün seçimdir. Ümumiyyətlə isə "Buggy
Bug" Tədris və İnkişaf Mərkəzinə uşaqlarını etibar edən
valideynlər öz övladlarının qabiliyyətlərinin və
yaradıcılıqlarının tam dolğun inkişaf etdirilməsinin
şahidi olacaqlar.
Samirə KƏRİMOVA |