Bu
günlərdə Bakıdakı 8 nömrəli tam orta məktəbin I "b"
sinfində "Əlifba" bayramı keçirilmişdir. Bayram
tədbirini ibtidai sinif müəllimi Minaxanım Hüseynzadə
açaraq bildirmişdir ki, bu gün birincilər öz bilik və
bacarıqlarını nümayiş etdirəcəklər.
Sonra söz balaca fidanlara verilmişdir. Zövqlə
bəzədilmiş zalda arzu və istəklərini iştirakçılarla
bölüşməyə tələsən balaca fidanların sevinci yerə-göyə
sığmırdı. Azərbaycanın Dövlət himninin səslənməsi ilə
başlanan bayram tədbirində birincilər kompozisiyalar,
səhnəciklər nümayiş etdirmiş və nağıllar aləminə səyahət
etmişlər. Onlar özlərini nağıllardakı personajların
qəhrəmanlarına bənzətməklə maraqlı obrazlar yaratmışlar.
Balaca fidanlar ana dilimizlə yanaşı, ingilis və rus
dillərində də doğma Azərbaycanımızı, anaları, əziz
müəllimlərini tərənnüm edən şeirlər, bayatılar,
yanıltmaclar söyləmiş, mahnılar ifa etmişlər. Əllərində
gül dəstələri tutmuş balaca fidanların milli və dünya
rəqslərini məharətlə ifa etmələri tədbiri
rövqləndirmişdir. Uşaqların nümayiş etdirdikləri
"Cırtdan" və "Zoluşka", "Tıq-tıq xanım" səhnəcikləri
müəllim və valideynlərdə xoş ovqat yaratmışdır.
Tədbirdə çıxış edən məktəbin direktoru Aytən Baxşıyeva
gələcəyin qurucuları olan birincilərə xoş arzularını
bildirmişdir. Qeyd etmişdir ki, bu gün birincilər üçün
unudulmaz bir gündür. "Əlifba"nı başa vurmaqla onlar
təhsildə ilk uğurlarını qazanmışlar.
Sonda sinif müəllimi Minaxanım Hüseynzadə yetirmələri
ilə qürur hissi keçirdiyini, onların xoş soraqlarını
eşidəcəyinə əmin olduğunu, məktəbin adını daim uca
tutacaqlarını, vətənə layiqli övladlar olacaqlarını
vurğulamışdır.
Sözlü - nəğməli bayram şənliyi "Yaşa Azərbaycan"
mahnısı ilə başa çatmışdır.
Sifai SƏFƏROVA |