Bir
müddət öncə bu barədə qəzetlərin birindən oxuduğum xəbər
marağıma səbəb oldu. Əlbəttə, indi İnternetdə sayt
açmaqla kimsəni təəccübləndirmək çətindir. Lakin
məsələnin maraqlı tərəfi bu saytın yeniyetmə məktəbli
tərəfindən açılması və onun mütaliəyə aid olması idi.
Yazının müəllifi indi təkcə yaşlı və orta nəslin
nümayəndələrinin deyil, hətta uşaq və gənclərin də
mütaliəyə marağının azaldığı bir vaxtda məktəblinin -
konkret olaraq 13 yaşlı Ayxan Əhmədzadənin hərəkətini
təqdir edir, onun oxuduğu əsərlər haqqında fikirlərini
sayt vasitəsi ilə paylaşmasını yüksək qiymətləndirirdi.
Müəllif hətta Ayxanın oxuduğu əsərləri məharətlə təhlil
edə bilmək qabiliyyətini də xüsusi qeyd edir və fikrinə
sübut kimi onun yazdığı şərhlərindən misallar da
gətirirdi. Bütün bunlar bizdə bu məktəbli oğlanla
görüşmək arzusu doğurdu.
Qısa araşdırmadan sonra öyrəndik ki, o, Bakıdakı 276
nömrəli tam orta məktəbin 8 "A" sinfində oxuyur. Məktəbə
yollandıq.
Yaşına nisbətən bir qədər kiçik görünən Ayxan bizə
ciddi və təmkinli, yüksək intellektə malik yeniyetmə
təsiri bağışladı. Fikirləşdik ki, onun belə olmağına
oxuduğu saysız-hesabsız kitablar da yəqin təsirsiz
ötüşməyib. Danışmağa o qədər də həvəsli olmayan Ayxanla
on-on beş dəqiqəlik söhbətimizdən öyrəndik ki, o,
1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. I sinfə elə
hazırda oxuduğu təhsil ocağında getmişdir. Burada təhsil
aldığı 8 il ərzində həmişə özünü fəal, hazırlıqlı
şagird kimi göstərmişdir. Dərs əlaçısıdır. Bütün
fənləri yaxşı oxusa da riyaziyyata həvəsi daha
çoxdur. Bu fənn üzrə keçirilən məktəb, rayon, ölkə
səviyyəli bilik yarışlarında, olimpiadalarda müntəzəm
iştirak edir.
Ayxanda kitablara, mütaliəyə maraq oxumağa başladığı ilk
vaxtdan yaranmışdır. I, II, III siniflərdə əsasən
nağılları mütaliə etməyi xoşlayan bu istedadlı oğlan IV
sinifdən başlayaraq təkcə Azərbaycan yazıçılarının
əsərlərini deyil, həm də dünya ədəbiyyatından seçmə
nümunələri oxumağa başlamışdır. İlk vaxtlar əsərləri
ixtisar formasında oxusa da sonralar onları tam formada
mütaliə etməyi qərara almış və çoxlu kitab əldə
etmişdir. Bu işdə ona həm də məktəbin zəngin kitabxanası
yardımçı olmuşdur. İndi o, məktəb kitabxanasının ən fəal
üzvlərindəndir. Bizimlə söhbətində o, oxuduğu
kitabların bir neçəsinin adını çəkdi. Aşağı siniflərdə
təhsil alarkən əsasən macəra ədəbiyyatına maraq göstərən
və Jül Vernin "Kapitan Qrantın uşaqları", F.Kuperin
əsərlərini oxuyan Ayxan indi daha ciddi və fəlsəfi
əsərləri, məsələn, Pyer Laqerkvistin, Cek Londonun,
Fridrix Nitşenin, Jan Pol Sartrın, Alber Kamyunun, Corc
Qruellin, Çexovun və başqalarının əsərlərini mütaliə
edir.
Özü də o təkcə bu əsərləri mütaliə etməklə
kifayətlənmir, onların məzmunu haqqında qeydlər də
apararaq, maraqlı yerlərindən çıxarışlar edir. Oxuduğu
əsərlərin məzmunu haqqında sinif yoldaşlarına da danışan
Ayxan onlarda da mütaliəyə həvəs oyadır. İndiyədək bir
neçə sinif yoldaşını bu yolla mütaliəyə
həvəsləndirmişdir. Əvvəllər oxuduğu əsərlər haqqında
qeydlərini yazılı formada aparan bu mütaliə həvəskarı
sonralar onları hamı ilə paylaşmaq arzusuna düşmüş və
arzusunu həyata keçirmək üçün İnternetin sonsuz
imkanlarından istifadə etmək qərarına gəlmişdir.
Beləliklə, ötən ilin oktyabrında özünün
"kitabalemi.blogspot.com" saytını yaratmışdır. Ayxan
artıq 6 aydan çoxdur ki, oxuduğu əsərlərin adını,
onların qısa məzmununu, bu əsərlər haqqında özünün
fikirlərini həmin saytda yerləşdirərək hamıda mütaliəyə
həvəs yaratmaq kimi xeyirxah bir missiyanı həyata
keçirir.
Ayxan İnternet istifadəçilərinin, xüsusən də
yaşıdlarının, gənclərin onun saytı ilə
maraqlandıqlarını, oraya daxil olub qeydlərini
oxuduqlarını, bu barədə sosial şəbəkələrdə öz şərhlərini
yazdıqlarını bildirdi.
Hazırda Kostinin "Qarder Sofinin dünyası", Jan Mari
Kleziönün "Haqa" əsərlərini oxuyan Ayxanı yaşıdlarının,
eləcə də gənclərin mütaliəsi qane etmir. Onun fikrincə,
ixtisasından asılı olmayaraq hər kəs mütaliə etməlidir.
Çünki mütaliə insanın biliyini artırıb, dünyagörüşünü
genişləndirdiyi kimi, tərbiyəsinə, yüksək milli mənəvi
keyfiyyətlərə yiyələnməsinə də çox müsbət təsir
göstərir. O, həm də bədii əsərlərin, xüsusən də
irihəcmli roman, povest və s. kompüter vasitəsi ilə
İnternetdən deyil, kitabdan oxunmasını daha məqbul hesab
edir. Həm sağlamlıq, həm də kitabı hər yerə aparmağın
mümkünlüyü nöqteyi-nəzərindən.
Ayxanın saytı ilə tanış olduqdan sonra biz də
həmkarımızın onun haqqında fikirləri ilə razılaşdıq:
Ayxanda oxuduğu əsərləri yüksək təhliletmə qabiliyyəti
var. Bir nümunə gətirək: Məsələn, Ayxan Kamyunun "Taun"
əsəri haqqında yazır: "Məncə əsərin əsas mənası həyatda
mübarizə aparmağın vacibliyi və nikbinliyin daim
qorunmasıdır. Alber Kamyunun ən məşhur əsərinin "Yad"
povesti olmasına baxmayaraq, fikrimcə, yazıçının "Taun"
romanı ondan daha mənalı və daha təsirlidir. Onu da qeyd
edim ki, Alber Kamyu 1957-ci ildə Nobel mükafatına layiq
görülmüşdür".
Ayxan mütaliə həvəskarı olsa da gələcəkdə həyatını
humanitar sahə ilə deyil, iqtisadiyyatla bağlamaq və ali
məktəblərə qəbulda II qrup ixtisasları seçmək
fikrindədir.
Məktəbdə olarkən direktor, tanınmış təhsil işçisi
Bəhram Şiriyev, onun V-VIII siniflər üzrə müavini
Gültər Həmidova, Ayxanın sinif rəhbəri Həqiqət Salayeva
ilə də görüşdük. Hamısı Ayxan haqqında xoş sözlər
dedilər. Direktor onu məktəblərinin fəxri adlandırdı.
Müavini isə bunları dedi: "Biz Ayxanı məktəbimizin çox
tərbiyəli, ağıllı şagirdi kimi tanıyırıq. O, bütün
olimpiadalarda iştirak edir. Bilik dairəsi çox genişdir.
Onu tez-tez mütaliə edən görürük".
Həqiqət Salayeva: "Ayxan haqqında ancaq yaxşı sözlər
demək olar. Onun intellekt səviyyəsi çox yüksəkdir. Özü
də çox çalışqandır. Çoxlu əlavə kitab oxuyur, hər bir
cəhətdən nümunədir. Biz onu digər şagirdlərə örnək
gətiririk".
Yazımızın sonunda Ayxan haqqında yazmış həmkarımızın
bir fikrini verməklə onunla həmfikir olduğumuzu
bildiririk.
"Dahilərin hansınınsa fikridir: "Paylaşılmayan bilik,
bilik sayıla bilməz". Bu missiyanı Ayxan Əhmədzadə var
gücü ilə yerinə yetirməyə çalışır, kitab alır, onları
oxuyur, sayt yaradır və mülahizələrini paylaşır".
Əminik ki, Ayxanın təşəbbüsü özünə yeni-yeni ardıcıllar
tapacaq, mütaliə edənlərin sayı getdikcə artacaqdır.
Yusif ƏLİYEV |