Ümumiyyətlə, uşaqları görəndə hər bir yaşlı insan,
ata-ana, valideyn sevinir. Çünki uşaqlar bizim
sevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim
gələcəyimizdir. Uşaqlar həyatımızı şənləndirən, bəzəyən,
gözəlləşdirən doğma övladlarımızdır. Hər bir insan üçün
dünyada uşaqdan istəkli bir şey ola bilməz.
Heydər ƏLİYEV
Uşaqlar bizim sabahımızdır
1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının
(BMT) Baş Assambleyası tərəfindən təşkil olunan
"Qadınların beynəlxalq konfransı"nda uşaq hüquqlarının
təmin edilməsi ilə bağlı təkliflər səsləndirilmiş və elə
həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq
müdafiəsinə həsr etmək qərara alınmışdır.
Ümummilli liderimiz uşaqları çox sevirdi, onlara həmişə
böyük diqqət və qayğı göstərirdi. Bu ənənəni uğurla
davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq tarixli sərəncamı ilə 2009-cu il
Azərbaycanda "Uşaq ili" elan edilmişdi.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da Azərbaycanda uşaq
hüquqlarının qorunmasına böyük diqqət göstərir, bu
sahədə geniş işlər görür.
Uşaqlar dünyanın ən pak, ən məsum, ən qiymətli
varlıqlarıdır. Müqəddəslərimiz "Uşaq qoxusu cənnət
qoxularındandır" demişlər. Filosoflar körpə qığıltısını
ən təntənəli simfoniya adlandırmışlar. Uşaqsız evi el
içində susuz dəyirmana bənzətmişlər.
Övlad sahibi olmaq Tanrının insana ən böyük lütfüdü!
Ata qüruru, ana fərəhi yaşamaq ölçüyə gəlməyəcək bir
səadətdi!
Uşaqlar bizim sabahımızdır. Uşaqlar bəşəriyyətin
gələcəyidir.
Uşaqları qorumaq, onları müdafiə etmək və cəmiyyət üçün
yararlı bir vətəndaş olaraq yetişdirmək hər kəs üçün bir
vicdan borcuna çevrilməlidir.
Uşaqların qayğısına qalmaq hər bir cəmiyyətin borcudur.
Yalnız bu borcu ləyaqətlə yerinə yetirməyi bacaran
cəmiyyət öz sabahına ümidlə baxa bilər.
Körpə balam! Dünyanın ən qəddar qanunlarını yazan
müharibələr belə sənin bu gözəl baxışlarının saflığına
toz qondura bilməz. Sən hələ bilmirsən baxışlarının
uzanıb getdiyi üfüqlərin o biri üzündə nələr olur, nələr
olacaq...
Bəlkə də elə azad Vətən sənin baxışlarının
azadlığından, sənin gözlərindəki məsumluğun sehrindən
başlanır?!
Eşit dualarımı, ey gözəl varlıq! Sənin Zamanının tarix
kitabları qanla yox, su ilə yazılsın.
Sənin günəşinin üzünü qara buludlar örtməsin.
Beşiyin yurd yerlərimizdə yırğalansın, əsirlikdən
çıxaracağımız bağ-bağatlarımızın yaşıl-yaşıl
yarpaqlarının pıçıltısı laylan olsun.
Atalı-analı, bacılı-qardaşlı, elli-obalı böyüyəsən. Kaş
dünya dediyimiz bu sirli aləm güllə səslərindən yox,
sənin gülüşlərindən diksinsin.
Ellada UMUDLU |