Müasir müstəqil Azərbaycanın memarı və qurucusu,
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan müəllimlərinin 11-ci qurultayında yaradılan
və ulu öndərin proqram tövsiyələri ilə fəaliyyət
göstərən Azərbaycan Təhsil Şurası yaradıcı, təşəbbüskar,
yenilikçi müəllimlərlə işə xüsusi önəm verir, onların
iştirakı ilə vaxtaşırı olaraq konfranslar, görüşlər,
müzakirələr təşkil edir. Təhsilimizin aktual
problemlərinin müzakirəsinə həsr olunan belə
tədbirlərdə fəal müəllimlərin fikir və mülahizələri,
təklifləri dinlənilərək ümumiləşdirilir, təhsili
idarəetmə orqanlarının diqqətinə çatdırılaraq mövcud
problemlərin həllinə kömək göstərilir.
Fəal müəllimlərin arzusu və təşəbbüsü ilə Təhsil Şurası
növbəti belə tədbirini mayın 25-də Bakıdakı 164
nömrəli tam orta məktəbdə keçirmişdir. "Pedaqoji
mətbuat və müasir müəllim" mövzusuna həsr olunmuş həmin
konfrans-müzakirədə müasir təlim texnologiyalarından
səmərəli istifadə edən və onu yayan, mətbuatda metodiki
məqalələrlə, səmərəli təkliflərlə çıxış edən
respublikanın bir qrup qabaqcıl, yenilikçi müəllimi
iştirak etmişdir.
Konfransı aşan Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev onun indiyədək keçirilmiş
elmi-metodik tədbirlərdən fərqləndiyini, irəlicədən
planlaşdırılmadığını, innovativ düşüncəli müəllimlərin
arzusu ilə təşkil olunduğunu, məqsədin onların
yaradıcılığını ümumiləşdirmək, yaradıcı müəllimlər
arasında əməkdaşlığı daha da gücləndirmək, təcrübə
mübadiləsi olduğunu bildirmişdir. Müasir dövrün
müəllimdən öz fəaliyyətinə yaradıcı yanaşma, daim
axtarışda olmaq, öyrənmək, müstəqillik, çeviklik,
yenilikçi düşüncə tələb etdiyini deyən Ə.Ağayev hazırda
müəllimlərin çoxunun bu tələblərə cavab verdiyini, son
illər müəllimlərin pedaqoji mətbuatla, o cümlədən baş
redaktoru olduğu "Təhsil və zaman" qəzeti ilə əməkdaşlıq
əlaqələrinin artdığını vurğulamışdır.
Bu günlərdə 90 illik yubileyini xalqımızın böyük
təntənə ilə qeyd etdiyi ulu öndər Heydər Əliyevin ölməz
ideyalarının təbliğində, onun zəngin irsinin böyüməkdə
olan nəsillər tərəfindən öyrənilməsində, onların bu
dahi insanın şəxsiyyəti nümunəsində tərbiyəsində
müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü
xatırladan Ə.Ağayev bu gün sürətli inkişaf yolunda
olan Azərbaycanımızda ölkə Prezidentinin rəhbərliyi
altında həyata keçirilən quruculuq işlərində də
müəllimlərin ön sırada olmasını vacib saymışdır.
Konfrans iştirakçılarını Respublika günü münasibəti
ilə təbrik edən Təhsil Şurasının sədri 95 il öncə
yaradılmış və cəmi 23 ay yaşamış Azərbaycan Xalq
Cümhuriyyətinin xidmətlərindən söz açmışdır.
Ə.Ağayev müasir təhsildə müəllimin rolundan danışaraq
bildirmişdir ki, metodlar nə qədər çox və yeni olsa da,
nə qədər mükəmməl texnologiyalar tətbiq edilsə də
müəllim təhsil-tədrisdə aparıcı və həlledici sima olaraq
qalır. Müəllimə azadlıq, sərbəstlik verilməli, o,
yaradıcı işləməli, pedaqoji ədəbiyyatı, mətbuatı
müntəzəm izləməlidir. Ə.Ağayev müəllimlərə şablondan
uzaq olmağı, yaradıcı işləməyi tövsiyə etmişdir.
Son vaxtlar ölkənin təhsil həyatinda baş verən
yenilikləri təqdir etdiyini söyləyən professor Ə.Ağayev
Təhsil Şurasının Təhsil Nazirliyinin bütün
islahatyönümlü addımlarını dəstəklədiyini vurğulamışdır.
Konfransda "Təhsil və zaman" - zamanın qəzetidir" adlı
slayd-şou nümayiş olunmuşdur.
Tədbirdə söz alan Bakı şəhərindəki 164 nömrəli tam orta
məktəbin direktoru Kəmalə Qədirova, Şabran şəhər 1
nömrəli tam orta məktəbin müəllimi Şəfəq Fazilova,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi
Pərvanə Piriyeva, Bakıdakı 164 nömrəli tam orta məktəbin
müəllimi Səxavət Yusifova, 239 nömrəli tam orta məktəbin
müəllimi Nübar Qayıblı, 100 nömrəli tam orta məktəbin
müəllimi Ahu Əliyeva, Şirvan şəhər 9 nömrəli tam orta
məktəbin müəllimi Sevinc Niftiyeva, Qax şəhər 4 nömrəli
tam orta məktəbin müəllimi Rübail Əfəndiyeva və
başqaları öz iş təcrübələrindən, pedaqoji mətbuatla
əlaqələrindən danışmış, müasir müəllim haqqında
fikirlərini bildirmiş, təkliflər irəli sürmüşlər.
Çıxışlarda İKT üzrə kursların ildə bir dəfə deyil, heç
olmazsa üç ayda bir dəfə keçirilməsi, "Azərbaycan
məktəbi" jurnalına əlavələrin hamısının bərpa
olunması, pedaqoji mətbuatda müəllimlərin metodik
məqalələrinə, iş təcrübələrinə daha geniş yer verilməsi,
"Təhsil və zaman" qəzetinin rəngli nəşrinə nail
olunması, belə konfransların bölgələrdə də təşkili və s.
kimi təkliflər səsləndirilmişdir.
Konfransda yenilikçi müəllimlərə Təhsil Şurasının
sertifikatları təqdim olunmuş, "Təhsil və zaman"
qəzetinin redaksiya şurasının üzvləri, həmçinin bəzi
rayonlar üzrə nümayəndələri seçilmişdir.
Yusif ƏLİYEV |