Bu günlərdə Səbail Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə rayonun ən qədim və zəngin tarixə
malik Bibiheybət qəsəbəsindəki 50 nömrəli tam orta
məktəbdə şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr
olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl qonaqlar, ictimaiyyət nümayəndələri,
məktəblilər, şəhidin valideynləri, ailə üzvləri, sinif
yoldaşları, qəsəbədəki hərbi hissənin əsgər və zabitləri
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vaxtı ilə
Cəbrayıl Əsgərovun oxuduğu və hazırda adını daşıyan 50
nömrəli tam orta məktəbin fasadına vurulmuş və ətraf
ərazisi abadlaşdırılmış yeni xatirə lövhəsinin önünə tər
çiçəklər düzmüşlər.
Sonra məktəbin akt zalında şəhid Cəbrayıl Əsgərovun
xatirəsinə həsr olunmuş "Donmuş arzular" adlı
ədəbi-bədii tədbir keçirilmişdir. Öncə Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidin
xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Anım mərasimini 50 nömrəli tam orta məktəbin direktoru
Sədaqət Həsənova giriş sözü ilə açaraq şəhid Cəbrayıl
Əsgərovun uşaqlıq və məktəb illərindən, əmək
fəaliyyətindən geniş danışmışdır. Qeyd olunmuşdur ki,
ermənilərin Azərbaycanın dilbər guşəsi olan Qarabağda
azərbaycanlılara qarşı hücumlarına, törətdikləri
haqsızlıqlara dözə bilməyən Cəbrayıl 1992-ci ildə
könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına
getmiş və bir sıra qanlı döyüşlərin iştirakçısı
olmuşdur. O,1992-ci il avqustun 28-də Ağdərə rayonunun
Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı
qəhrəmancasına həlak olmuş və Şəhidlər xiyabanında dəfn
edilmişdir.
Bildirilmişdir ki, onun ailəsi hərtərəfli diqqət və
qayğı ilə əhatə olunmuşdur. Cəbrayılın vaxtı ilə təhsil
aldığı məktəb bu gün onun adını daşıyır. Mütəmadi olaraq
məktəbdə keçirilən tədbirlərə şəhidin atası Fəyaz kişi,
anası Bağdagül xanım və digər ailə üzvləri dəvət olunur,
məktəbin şagirdləri Şəhidlər xiyabanında Cəbrayıl
Əsgərovun qəbrini ziyarət edirlər.
Sonra məktəblilər tərəfindən ədəbi-bədii kompozisiya
nümayiş olunmuşdur. Şagirdlər Azərbaycana, şəhidlərimizə
həsr olunan şeirlər ifa etmişlər.
Mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Xalidə Bayramova çıxış edərək yeniyetmə
və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin
möhkəmləndirilməsi işində belə tədbirlərin mühüm rol
oynadığını bildirmiş, bununla bağlı həyata keçirilən
tədbirlər barəsində ətraflı məlumat vermişdir.
Tədbirin sonunda şəhidin valideynləri oğullarının
xatirəsinin yad olunmasına görə təşkilatçılara öz
minnətdarlıqlarını bildirmişlər.
Samirə HÜSEYNQIZI |