Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən
Heydər Əliyev Universitetinin "Heydər Əliyev və
Azərbaycanın dövlət müstəqilliyi" mövzusunda 170-ci
məşğələsi keçirilmişdir.
Lektoriyanı giriş sözü ilə açan Naxçıvan Dövlət
Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh
Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf
yoluna nəzər salmış, dövlət müstəqilliyimizin qorunub
saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf
etdirilməsində ümummilli lider Heydər Əliyevin
məqsədyönlü fəaliyyətindən danışmışdır. Azərbaycanın
bütün sahələrdə uğurlu inkişafından söz açan rektor ulu
öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü
sosial-iqtisadi siyasətin hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Lektoriyada "Heydər Əliyev və Azərbaycanın dövlət
müstəqilliyi" mövzusunda məruzə ilə çıxış edən
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə
fəlsəfə doktoru Elçin Zamanov qeyd etmişdir ki, ulu
öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən
hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin
ilk illərində üzləşdiyi təhlükələrdən xilas olmuş, bütün
sahələrdə islahatlara başlanılmışdır. Məruzəçi
Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri
ilə bir sırada olduğunu faktlarla məşğələ
iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycan
dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri
olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər
Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə
araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliğinin
ən vacib məsələlərdən olduğu bildirilmişdir.
Sonda 28 May - Respublika Günü münasibəti ilə YAP
sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqələri
təqdim olunmuşdur.
Mina QASIMOVA |