Mayın
25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 28 May -
Respublika Gününə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin
(TEC) VII konfransı keçirilmişdir. Konfrans
iştirakçıları əvvəlcə institutun Heydər Əliyev Mərkəzini
ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin büstü
önünə əklil qoymuşlar.
Konfransın plenar iclasında giriş sözü ilə çıxış edən
institutun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı 28 May - Respublika Günü münasibətilə
tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanın
keçdiyi tarixi yolun ölkəmizin bugünkü müstəqilliyinin
əsasını təşkil etdiyini qeyd etmişdir. Rektor
vurğulamışdır ki, bu gün tarixin ağır sınaqlarından
çıxmış respublikamız təməl daşları ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulmuş inkişaf yolu ilə uğurla
irəliləyir, regionda və dünyada öz mövqeyini daha da
möhkəmləndirir.
Konfransın əhəmiyyətindən danışan rektor qeyd etmişdir
ki, tələbə gənclərdə İKT-dən istifadə etmək bacarıq və
vərdişlərinin yaradılması, innovativliyə təkan verilməsi
baxımından konfrans poster formatında təşkil olunmuşdur.
Vurğulanmışdır ki, AMİ və onun 11 filialında TEC-in
konfransları keçirilmiş və qaliblərin posterləri
konfransa təqdim olunmuşdur. Humanitar, sosial, təbiət,
ictimai və dəqiq elmlər istiqamətləri üzrə təşkil
olunmuş bölmələrə, ümumilikdə 125 poster təqdim olunmuş
və onlardan 71-i konfransın proqramına daxil edilmişdir.
Daha sonra institutun elmi işlər üzrə prorektoru,
iqtisad elmləri doktoru Xatirə Hüseynova "Elmi tədqiqat
işlərinin aparılmasında innovativlik" mövzusunda,
institutun ictimai fənlər kafedrasının müdiri, tarix
elmləri doktoru Qafar Cəbiyev "Ölkəmizdə dövlət
quruculuğu ənənələrinin inkişafının yeni mərhələsi",
filologiya və təhsildə psixoloji xidmət fakültəsinin II
kurs tələbəsi, fakültə TEC-in sədri Emil Paşayev "Təhsil
millətin gələcəyidir" mövzularında çıxış etmişlər.
Qeyd edək ki, tələbələr konfransda xüsusi aktivlik
nümayiş etdirmişlər. Posterlərin təqdimatı maraqla
qarşılanmış və təşkilat komitəsinin posterlər və onların
müəllifləri haqqında fikirləri dinlənilmişdir. Seçilən
posterlərin müəllifləri müvafiq diplom və hədiyyələrlə
təltif olunmuş, bütün iştirakçılara sertifikatlar təqdim
edilmişdir.
Eyni zamanda, konfransın sonunda AMİ-də 28 May -
Respublika Gününə həsr olunmuş qızlar və oğlanlar
arasında keçirilmiş voleybol yarışının qalibləri olan
pedaqoji fakültənin qızlardan ibarət komandası və
filologiya və təhsildə psixoloji xidmət fakültəsinin
oğlanlardan ibarət komandaları kubokla təltif
olunmuşlar.
***
Mayın 27-də AMİ-də 28 May - Respublika Gününə həsr
olunmuş "dəyirmi masa" keçirilmişdir. Tədbiri giriş sözü
ilə institutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlı açaraq qeyd etdi ki,
cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət
müstəqilliyini və suverenliyini əldə etmək böyük
nailiyyət olsa da onu qorumaq və möhkəmləndirmək
lazımdır. 1990-cı illərin əvvəllərində müstəqillik əldə
etmiş müasir Azərbaycan Respublikası məhz ulu öndər
Heydər Əliyevin rəhbərliyi, onun siyasi iradəsi
sayəsində mürəkkəb vəziyyətdə öz müstəqilliyini və
suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı,
dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər
görüldü. Bu gün Prezident cənab İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Respublikasında
demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu prosesi uğurla davam etdirilir.
Mövzu haqqında institutun ixtisasartırma və
yenidənhazırlanma fakültəsinin dekanı, dosent Telman
Haqverdiyev və ibtidai və məktəbəqədər təhsilin
metodikası kafedrasının müdiri, professor Mircəfər
Həsənov geniş məruzə ilə çıxış etmişlər. Natiqlər ötən
əsrin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycan
Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, qısa müddət ərzində həmin dövr üçün böyük
nailiyyətlər əldə etdiyini qeyd etmişlər. Ötən əsrin
sonunda isə məhz ümummilli lider Heydər Əliyevin
məqsədyönlü daxili və xarici siyasəti nəticəsində
ölkəmizdə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu,
siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata
keçirildi. Bu uğurlu siyasəti davam etdirən dövlət
başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış
nailiyyətlər qürur doğurur.
Daha sonra I kurs tələbəsi Leyla Məmmədova mövzu
haqqında çıxış etmiş, I kurs tələbəsi Afət
Allahverdiyeva Bəxtiyar Vahabzadənin
"Azərbaycan-Türkiyə" şeirini, III kurs tələbəsi Ülkər
Lətifli isə Nəriman Həsənzadənin "Azərbaycan" şeirini
söyləmişlər.
AMİ-nin Mətbuat xidməti |