Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor Timuçin Əfəndiyev
Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
cənab Omar Medina Quintero ilə görüşmüşdür.
Görüşdə ali təhsil ocağının rektoru, professor Timuçin
Əfəndiyev hörmətli qonağa Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin keçdiyi şərəfli yoldan və
ənənələrindən geniş danışmışdır. Bildirilmişdir ki,
müsəlman Şərqində ilk bədii təhsil ocağı olan bu
universitet yaradıldığı vaxtdan bir sıra ölkələr üçün də
xeyli görkəmli sənətkarlar hazırlamışdır. Azərbaycan
mədəniyyətinin inkişafında bu ali məktəbin misilsiz
rolunu nəzərə alaraq hörmətli Prezidentimiz İlham Əliyev
cənabları universitetin 90 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi haqqında fərman imzalamışdır.
Rektor həmçinin universitetin xarici əlaqələri, o
cümlədən dünyanın 26 nüfuzlu universiteti ilə əməkdaşlıq
müqavilələrinin imzalanması haqqında qonağa məlumat
vermişdir. Professor Timuçin Əfəndiyev bildirmişdir ki,
Kuba Respublikası ilə xoreoqrafiya, rəssamlıq sənətləri
üzrə istər tələbə, istərsə də professor-müəllim heyəti
mübadiləsi və yaradıcılıq sərgiləri təşkil etmək faydalı
olardı.
Öz növbəsində səfir Omar Medina Quintero Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinə
gəlməsindən və bu universitetdə gördüklərindən məmnun
olduğunu bildirmişdir. O, universitetin tələbəsinin
"Eurovision-2013" mahnı müsabiqəsində qazandığı qələbə
münasibəti ilə rektoru təbrik etmişdir. Səfir
universitetin zəngin ənənələri haqqında geniş məlumata
malik olmasını bildirməklə yanaşı, Kubanın bədii
təmayüllü ali məktəblərinin də məhz bu universitetlə
yaradıcılıq əlaqələrinin yaradılması arzusunda olduğunu
diqqətə çatdırmışdır. Səfir həmçinin qeyd etmişdir ki,
ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur və bu
əlaqələrin genişləndirilməsi üçün əlindən gələni edəcək.
Niyazi RƏHİMOV |