Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə "Nurlu sabah" Uşaq - Gənclər
Təşkilatı İctimai Birliyi Azərbaycanın şimal bölgəsi
olan Quba və Qusar rayonlarında "Gələcək naminə sağlam
olaq" adlı layihənin hazırlıq mərhələsini bitirərək
icrasına start vermişdir.
Təşkilatın bir qrup fəal üzvü və könüllüləri Quba
rayonunun ictimaiyyəti ilə görüşlər keçirmişlər. Quba
Rayon Uşaq İncəsənət Məktəbində baş tutan növbəti
görüşdə yeniyetmə və gənclərlə yanaşı bir qrup yaşlı
nəslin nümayəndəsi də iştirak etmişdir.
Tədbirdə Quba Rayon Uşaq İncəsənət Məktəbinin direktoru
Mirkazım Cəfərov çıxış edərək təşkilatın şimal
bölgəsində apardığı fəal ictimai işlərdən söz açmışdır.
Sonra "Nurlu sabah" Uşaq-Gənclər Təşkilatı İctimai
Birliyinin sədri Ramin Xudayev layihə haqqında
iştirakçılara geniş məlumat vermişdir. O, layihə
çərçivəsində istedadlı yeniyetmə və gənclərin əl
işlərindən ibarət sərginin keçiriləcəyini, esse yazı
müsabiqəsinin təşkil olunacağını bildirmişdir. Bununla
bağlı görüş iştirakçılarına müsabiqənin əsasnaməsi və
anket forması təqdim olunmuşdur.
Görüşün sonunda iştirakçılara "Gələcək naminə sağlam
olaq" adlı bukletlər və broşürlər paylanmışdır.
Samirə KƏRİMOVA |