| 
								
						
						 Mayın 
						27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - 
						Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi 
						qəbulda iştirak etmişdir. 
						
						Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə 
						qarşıladılar. 
						
						Azərbaycanın Dövlət himni səsləndi. 
						
						Azərbaycan Prezidenti rəsmi qəbulda nitq söylədi. 
						     
 
						
						
						Prezident İlham Əliyevin nitqi  
								
						
						 - 
						Hörmətli xanımlar və cənablar, əziz dostlar! 
						
						Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn 
						Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, hər 
						birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. 
						
						Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq 
						Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, 
						böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı 
						əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. 
						Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni 
						zamanda, respublikanın yaranması müsəlman aləmində 
						respublika quruluşunun yayılmasına da təkan vermişdir. 
						
						Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət 
						təsisatları yaradılmışdır. Demokratik inkişaf gedirdi, 
						qadınlara səsvermə hüququ verilmişdir, Milli Ordu 
						yaradılmışdır. Bir sözlə, respublikanın qurucuları böyük 
						işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə 
						böyük hörmətlə yanaşır. "İstiqlal Bəyannaməsi"ni 
						imzalayanların şərəfinə Bakının mərkəzində abidə 
						ucaldılmışdır. 
						
						Ancaq müəyyən səbəblər üzündən iki ildən sonra 
						respublika süqut etmişdir və Azərbaycan müstəqillikdən 
						məhrum olunmuşdur. Ondan sonra sovet dövrü başlamışdır. 
						Biz 71 il Sovet İttifaqının tərkibində yaşamışıq. Biz 
						azad, müstəqil deyildik. Buna baxmayaraq, Azərbaycanda 
						inkişaf prosesi gedirdi. Hesab edirəm ki, o illər 
						ərzində müsbət məqamlar da kifayət qədər çox idi. İlk 
						növbədə, savadsızlığa qarşı mübarizə gözəl nəticələr 
						vermişdir. Yoxsulluq aradan qaldırılmışdı, işsizlik 
						demək olar ki, yox idi. Azərbaycanda sənayeləşmə prosesi 
						gedirdi, xüsusilə 1970-ci illərdə bu proses daha geniş 
						vüsət almışdı. 
						
						Ancaq biz azad, müstəqil deyildik. Biz başqa dövlətin 
						tərkibində yaşayırdıq. Əlbəttə, həm müstəqillikdən 
						məhrum idik, eyni zamanda, Sovet İttifaqında mövcud olan 
						siyasi və iqtisadi sistem sürətli inkişaf üçün məqbul 
						deyildi. Sovet İttifaqının süqutu bunun əyani sübutudur. 
						
						1970-ci illərdə Azərbaycanda Heydər Əliyevin rəhbərliyi 
						ilə böyük quruculuq işləri başlamışdır. İttifaqda 
						müttəfiq respublikalar arasında Azərbaycan seçilirdi, 
						fərqlənirdi. Burada sürətli inkişaf gedirdi. Biz bu 
						sürətli inkişafı 1993-cü ildən sonra da görəcəyik. Ancaq 
						əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - erməni 
						separatizminin baş qaldırması dövründə respublikaya 
						rəhbərlik etmiş insanlar öz vəzifə borcunu yerinə yetirə 
						bilmirdilər. Azərbaycan tənəzzülə uğrayırdı və Sovet 
						İttifaqı dağılanda burada vəziyyət çox ağır idi. Siyasi 
						xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, sənaye 
						demək olar ki, iflic vəziyyətində idi. 
						İqtisadiyyatımızın əsas sektoru olan neft sektoru da 
						tənəzzülə uğrayırdı, hasilat getdikcə aşağı düşürdü. Bir 
						sözlə, 1991-ci ildə müstəqillik bərpa olunanda 
						Azərbaycan postsovet məkanında ən ağır vəziyyətdə olan 
						ölkə idi. Bir tərəfdən, Ermənistanın və separatçıların 
						ərazi iddiası, digər tərəfdən, daxildə xoşagəlməz 
						vəziyyət, hakimiyyət uğrunda çəkişmələr, xüsusilə 
						1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün yarıtmaz və 
						xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın dövlət 
						müstəqilliyi əslində əldən gedirdi, tarix təkrarlanırdı. 
						Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı və 
						1991-1993-cü illərdə - iki il ərzində demək olar ki, 
						Azərbaycan böyük fəlakətlərlə üz-üzə idi. 
						
						Ancaq onu da qeyd etməliyəm ki, müstəqilliyə gedən yolda 
						ulu öndər Heydər Əliyevin çox böyük zəhməti olmuşdur. 
						Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli 
						bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan 
						Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri 
						çıxarıldı. Sovet İttifaqının saxlanmasına dair 
						referendum Naxçıvanda keçirilməmişdir. Yəni, bütün bu 
						addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi. 
						
						Təsadüfi deyildir ki, 1993-cü ildə vətəndaş müharibəsi 
						getdiyi bir dövrdə Azərbaycan xalqı yenə milli liderə 
						müraciət etdi, onu dəvət etdi. Onun Azərbaycan siyasi 
						hakimiyyətinə gəlişindən sonra vəziyyət köklü şəkildə 
						dəyişmiş və Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 
						
						Bu yaxınlarda,  ulu  öndərin 90 illiyində mən o dövrlə 
						bağlı fikirlərimi bildirmişəm. Sadəcə, demək istəyirəm 
						ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər 
						olmuşdur. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli 
						qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, 
						istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən 
						edilmişdir. O illərdə Azərbaycan dünya birliyinə 
						qovuşmuşdur, özünü tanıtdıra bilmişdir. Çox ciddi 
						islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı prinsipləri 
						üstünlük təşkil etmişdir. Azərbaycana böyük həcmdə 
						investisiyaların cəlb olunması məhz o illərə təsadüf 
						edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. 
						Siyasi sistem möhkəmləndirilmişdir və ölkəmizin uğurlu 
						inkişafı üçün möhkəm zəmin yaradılmışdır. 
						
						1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi 
						tarixdə qalır. Bu illər ərzində görülmüş işlər bu gün 
						ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə 
						başlanmış layihələr bu gün uğurla davam etdirilir. 
						Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür 
						etmək üçün, əlbəttə, biz o illərə qayıtmalıyıq. 
						
						Xoşbəxtlikdən Heydər Əliyev amili ölkəmiz üçün həlledici 
						anlarda özünü göstərdi. Bu gün bu siyasət dəyişməz 
						olaraq qalır. Bu gün Azərbaycan uğurla, inamla inkişaf 
						edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr 
						müvəffəqiyyətlə icra edilir. Azərbaycan bu gün dünya 
						miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır. 
						
						Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda 
						davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri 
						ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər 
						mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq 
						qalacağam və bu siyasəti davam etdirəcəyəm. 
						
						Çox şadam ki, son on il ərzində Azərbaycan xalqı və 
						dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü 
						yaşamışdır. Bu on ildə problemlərin böyük hissəsi öz 
						həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret 
						proqramlar icra edilir. Onların bir çoxu artıq başa 
						çatmışdır. Azərbaycanda proseslər müsbət istiqamətdə 
						gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz 
						genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi 
						tanınır. Azərbaycan ilə dostluq etmək istəyən ölkələrin 
						sayı artır. Biz də ikitərəfli münasibətlərə eyni 
						mövqedən yanaşırıq: nə qədər çox dostlarımız olsa, 
						mövqeyimiz də dünyada o qədər möhkəm olacaqdır. 
						
						Xarici siyasətlə bağlı bütün vəzifələr icra edilmişdir. 
						İkitərəfli formatda çox gözəl əlaqələr yaradılmışdır. 
						Bölgədə Azərbaycanın rolu böyük dərəcədə 
						möhkəmləndirilmişdir. Hazırda bölgədə gedən bütün 
						proseslərdə Azərbaycanın fəal rolu, öz mövqeyi vardır. 
						Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər 
						regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. 
						Azərbaycanın iştirakı olmadan heç bir layihə, heç bir 
						təşəbbüs uğurla nəticələnə bilməz. 
						
						Əlbəttə, xarici siyasətin zirvəsi, hesab edirəm ki, BMT 
						Təhlükəsizlik Şurasına seçilməyimiz olmuşdur. Bu, tarixi 
						hadisə idi. Beynəlxalq birliyin mütləq əksəriyyəti 
						Azərbaycana inandı, bizi dəstəklədi, bizə böyük etimad 
						göstərdi. Artıq iki ilə yaxındır ki, Təhlükəsizlik 
						Şurasında Azərbaycan, bəyan etdiyim kimi, beynəlxalq 
						hüququ və ədaləti müdafiə edir. Bu illər ərzində biz 
						böyük təcrübə toplamışıq. Bu, əvəzolunmaz təcrübədir, 
						gələcək fəaliyyətimiz üçün bizə çox lazım olan 
						təcrübədir. Eyni zamanda, dünya birliyinə ölkəmizi bir 
						daha geniş şəkildə təqdim etmişik. Təhlükəsizlik 
						Şurasının üzvü olmaq o deməkdir ki, hər bir məsələ ilə 
						bağlı sənin dəqiq və çox aydın mövqeyin olmalıdır. 
						Azərbaycan bu mövqeyi göstərir və göstərəcəkdir. 
						
						Daxildə gedən proseslər, hesab edirəm ki, son on il 
						ərzində ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. 
						Daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar 
						arasında olan birlik - bütün bu amillər hər bir ölkənin 
						uğurlu inkişafı üçün vacibdir. Əgər sabitlik qorunmasa 
						idi, əgər sabitlik pozulsa idi, əlbəttə, Azərbaycana bu 
						qədər xarici sərmayə qoyulmazdı. Bu gün Azərbaycan 
						bölgədə və dünyada bu möhkəm imkanlara malik ola 
						bilməzdi. 
						
						Sabitliyin təməlində əlbəttə ki, düşünülmüş siyasət 
						dayanır. Sabitliyin mövcudluğu bu səbəblərlə şərtlənir. 
						Çünki əgər düşünülmüş siyasət yoxdursa və xalqla iqtidar 
						arasında uçurum varsa, əgər icra edilən proqramlar 
						xalqın arzularını əks etdirmirsə, sabitlik mütləq 
						pozulacaqdır. Biz bölgədə gedən proseslərə diqqətlə 
						baxırıq, izləyirik və görürük ki, qarşıdurmalar, kütləvi 
						etiraz aksiyaları və digər xoşagəlməz hallar, vətəndaş 
						müharibələri, qanlı toqquşmalar bu gün reallıqdır. 
						Dünyanın müxtəlif yerlərində proseslər, onların 
						əksəriyyəti mənfi istiqamətdə gedir. İnkişaf etmiş 
						ölkələr indi daha çox iqtisadi və maliyyə böhranının 
						fəsadlarının aradan qaldırılmasına çalışırlar. O qədər 
						də inkişaf etməmiş ölkələrdəki vəziyyət, vətəndaş 
						müharibələri, vətəndaş itaətsizliyi, qarşıdurmalar, 
						siyasi və iqtisadi böhran, yoxsulluq və işsizlik artıq 
						göz qabağındadır. Bax, budur inkişaf etməmiş ölkələrin 
						bugünkü reallıqları. 
						
						Son illər ərzində Azərbaycan istər siyasi, istər 
						iqtisadi sahədə doğrudan da, böyük uğurlara imza 
						atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarıdır. 
						İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların 
						hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit 
						reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya 
						miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat 
						arasındadır. Orada bizim yerimiz 46-cı yerdir. Ölkədə 
						sürətlə sosial proqramlar icra edilir. 
						
						Mən xarici siyasətlə bağlı fikirlərimi bildirdim. Burada 
						da tərəfdaşlarımızın sayı artır. Biz həm İslam 
						Əməkdaşlıq Təşkilatının, eyni zamanda, Avropa Şurasının 
						üzvüyük və bu da bizim xüsusiyyətimizdir. Biz Qoşulmama 
						Hərəkatının fəal üzvüyük və bu təşkilat çərçivəsində 
						artıq öz mövqeyimizi ortaya qoymuşuq. 
						
						Digər məsələlərə gəldikdə, böyük işlər görülmüşdür. 
						Ancaq hələ görüləsi işlər çoxdur. Bizim əsas diqqətimiz 
						gələcəyə yönəlibdir. Gələcəkdə daha hansı işlər 
						görülməlidir ki, Azərbaycanda inkişaf uzunmüddətli və 
						dayanıqlı olsun və iqtisadiyyat çoxşaxəli olsun?! 
						
						İndi bizim əsas məqsədimiz gələcək prioritetləri müəyyən 
						etmək və gələcək inkişaf strategiyamızı icra etməkdən 
						ibarətdir. Deyə bilərəm ki, son 20 il ərzində bu 
						istiqamətdə əldə edilmiş təcrübə çox gözəl şərait 
						yaradır. Azərbaycanda transformasiya dövrü çox uğurlu 
						keçmişdir. Hesab edirəm ki, bu gün çətin vəziyyətdə olan 
						ölkələr üçün Azərbaycan təcrübəsi çox maraqlı olmalıdır. 
						Çünki müstəqilliyə qovuşduqda, eyni zamanda, siyasi 
						sistem də dəyişdirilməli idi. Müstəqilliyə qovuşan 
						ölkələrin böyük əksəriyyəti, sadəcə olaraq, azad 
						olurlar, müstəqil olurlar. Orada siyasi sistem dəyişmir. 
						Əgər misal üçün, 1970-ci illərdə müstəqilliyə qovuşan 
						ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada 
						siyasi sistem dəyişmir, iqtisadi münasibətlər dəyişmir. 
						Bizdə isə həm siyasi, həm iqtisadi sistem dəyişmişdir. 
						Eyni zamanda, biz dövlət qurmalı idik. 
						
						Hesab edirəm ki, bu keçid dövrünü biz uğurla başa 
						vurmuşuq. Mən artıq qeyd etmişəm ki, keçid dövrü 
						Azərbaycanda çoxdan başa çatmışdır və bu transformasiya 
						bu gün ağır vəziyyətdə olan ölkələr üçün, yenə də 
						deyirəm, çox maraqlı və cəlbedici ola bilər. 
						
						Gələcək planlara gəldikdə, biz xarici siyasətimizi 
						bundan sonra da müəyyən edilmiş xətlə aparacağıq. Xarici 
						siyasətimizin əsas istiqamətləri müəyyən edilibdir. Biz 
						bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı surətdə 
						faydalı və bərabərhüquqlu münasibətlərin inkişafında 
						maraqlıyıq. Bu münasibətlər artıq oturuşmuş 
						münasibətlərdir. Azərbaycan dünya birliyi tərəfindən 
						bərabərhüquqlu tərəfdaş kimi tanınır. Hesab edirəm ki, 
						növbəti illərdə biz xarici siyasətdə daha da fəal 
						olacağıq və indi xarici siyasətlə bağlı yeni 
						istiqamətlər müəyyən edilir. 
						
						Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib 
						məsələdir. Bu, həm xarici, həm də daxili siyasət 
						məsələsidir. Bu, ədalət, beynəlxalq hüquq məsələsidir. 
						Əfsuslar olsun ki, bu istiqamətdə irəliləyiş yoxdur və 
						bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan 
						beynəlxalq hüquq normalarına məhəl qoymur, Minsk 
						qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 
						bəyanatlarına əməl etmir, status-kvonu mümkün qədər çox 
						saxlamaq, dəyişməz olaraq saxlamaq istəyir. Danışıqlarda 
						özünü səmimi aparmır, yalan bəyanatlarla, riyakar 
						davranışla fərqlənir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq 
						istəyir və məsələ ilə bağlı olan vasitəçi qurumların 
						tələblərinə əməl etmir. 
						
						Budur reallıq və Azərbaycanın çoxsaylı səyləri cavabsız 
						qaldı. Bildiyiniz kimi, Azərbaycan 2009-cu ilin sonunda 
						Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid 
						prinsiplərinə öz razılığını vermişdir. Hesab etmişdir 
						ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola 
						bilər. Təklif etmişdir ki, yubanmadan, vaxt itirmədən 
						böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. 
						Ermənistan o təklifləri rədd etmişdir. Ondan sonrakı 
						dövr ərzində bütün imkanlarını səfərbər etmişdir ki, 
						danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və 
						möhkəmlənsin. 
						
						Biz bununla barışa bilmərik. Biz danışıqların 
						aparılmasında maraqlıyıq. Ancaq danışıqlar mahiyyət üzrə 
						aparılmalıdır. Azərbaycan məsələnin həllində ən maraqlı 
						tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. 
						Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri 
						nəzərə alsalar görərlər ki, vaxt uzatmaq onları daha da 
						ağır vəziyyətə gətirib salacaqdır. Ancaq buna 
						baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt 
						uzatmaq taktikasını seçibdir, danışıqlar naminə 
						danışıqlar aparmaq fikrindədir. 
						
						O ki qaldı vasitəçilərə, əfsuslar olsun ki, 
						vasitəçilərin əsas fəaliyyət istiqaməti atəşkəsi 
						saxlamaqdan ibarətdir. Biz də atəşkəsi saxlamaq 
						istəyirik. Ancaq, eyni zamanda, biz ərazi bütövlüyümüzün 
						bərpasını istəyirik, bunu tələb edirik. Beynəlxalq hüquq 
						bunu tələb edir. BMT-nin Təhlükəsizlik Şurasının 
						qətnamələri, digər təşkilatların qərar və qətnamələri 
						bunu tələb edir. Ona görə Azərbaycanın maraqları burada 
						müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh 
						olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll 
						olunsun, amma həll edilsin. Ermənistan məsələnin həlini 
						istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox 
						saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər 
						də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin 
						gücləndirilməsi, təmas xəttində vəziyyətin 
						sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə 
						aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar. 
						
						Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, 
						dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa mahiyyət 
						üzrə aparılmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, 
						beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz 
						bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş 
						torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü 
						bərpa etməlidir. 
						
						O ki qaldı Dağlıq Qarabağda yaşayan və münaqişə həll 
						olunandan sonra oraya qayıdacaq vətəndaşların 
						gələcəyinə, dünyada müsbət təcrübə, muxtariyyətlər, o 
						cümlədən Avropa qitəsində müsbət təcrübələr vardır. Bax 
						bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi 
						həllini tapa bilər. 
						
						Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 
						Həmişə belə olubdur. Bu gün də belədir, gələcəkdə də 
						belə olacaqdır. Ərazi bütövlüyü məsələlərində Azərbaycan 
						tərəfindən zərrə qədər güzəşt olmayacaqdır və ola da 
						bilməz. 
						
						Hesab edirəm ki, biz bu istiqamətdə gələcək 
						fəaliyyətimizlə bağlı indi daha da ciddi addımlar 
						atmalıyıq. Burada əslində seçim o qədər də böyük 
						deyildir. Ya hərb yolu, ya sülh yolu! Biz hər iki 
						varianta hazırıq. Hərb yolunu heç vaxt istisna 
						etməmişik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi 
						özünümüdafiə imkanlarını bizə tanıyır və beynəlxalq 
						birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan 
						ərazilərdə Azərbaycan istənilən vaxt istənilən 
						əməliyyatı apara bilər. 
						
						Sadəcə olaraq, biz hələlik çalışırıq ki, bu məsələ sülh 
						yolu ilə həll olunsun. Hesab edirəm ki, bu istiqamətdə 
						imkanlar hələ tam tükənməyib. Məsələni sülh yolu ilə 
						tezliklə və ədalətli şəkildə həll etmək üçün biz öz 
						səylərimizi daha da gücləndirməliyik. Xarici, daxili 
						siyasətlə, iqtisadi sahə ilə bağlı biz daha da güclü 
						olmalıyıq və oluruq. 
						
						Biz Ermənistanı bundan sonra da bütün beynəlxalq 
						layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamalıyıq. Bu 
						taktika və bu siyasət öz bəhrəsini verir. Ermənistanın 
						öz rəsmi statistikasına görə, hər il o ölkəni 80-100 min 
						adam tərk edir, həmişəlik tərk edir. O ölkədə 
						depopulyasiya meyilləri güclənir, demoqrafik böhran 
						yaşanır. Bu böhran getdikcə dərinləşəcəkdir. Çünki əmək 
						qabiliyyətli nə qədər çox insan oradan çıxırsa, 
						iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. 
						İqtisadiyyatın dirçəlməsinə gəldikdə isə, ümumiyyətlə 
						belə perspektivlər yoxdur. Orada tamamilə staqnasiya 
						dövrü yaşanır. 
						
						Biz öz səylərimizi, öz ölkəmizi gücləndirməliyik. 
						Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və 
						saxlamalıyıq. Bütün imkanlardan istifadə edib daha da 
						böyük potensial əldə etməliyik. Bu potensial həm də 
						hərbi potensialdır. Bu gün Azərbaycan Ordusu Cənubi 
						Qafqazda ən güclü ordudur. Dəfələrlə bunu göstərmişik, 
						hərbi paradlarda nümayiş etdirilibdir, yenə də nümayiş 
						etdiriləcəkdir. 
						
						Bizim xarici siyasətimiz öz bəhrəsini verir. Son on il 
						ərzində ikitərəfli formatda görüşdüyüm dövlət 
						başçılarının mütləq əksəriyyəti ilə imzalanmış yekun 
						bəyannamədə Azərbaycanın ərazi bütövlüyü prinsipləri əks 
						olunubdur. 
						
						İqtisadi sahədə islahatlarımızı gücləndirməliyik. 
						Beləliklə, hesab edirəm ki, danışıqlar masasında bizim 
						mövqeyimiz daha da güclü olacaqdır. Əgər bir qədər 
						qabağa baxsaq, - mən keçən dəfə də bu barədə danışmışam, 
						bu gün də demək istəyirəm, - demoqrafik vəziyyət də öz 
						müsbət rolunu oynayacaq və artıq oynayır. Bu gün 
						Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır. 
						Ermənistanda isə 2 milyondan az əhali yaşayır. Əgər 
						bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi 
						azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə 
						çox olacaqdır. Bu da özlüyündə bir güc mənbəyidir. 
						Azərbaycanın uğurlu iqtisadi siyasətini, enerji 
						siyasətini nəzərə alsaq, hesab edirəm ki, biz 
						istədiyimizə nail olacağıq. 
						
						Yəni, Dağlıq Qarabağ məsələsi birinci məsələdir, ən əsas 
						məsələdir. Azərbaycan hakimiyyəti və Azərbaycan 
						cəmiyyəti bütün imkanları səfərbər edib ki, bu məsələ 
						tezliklə öz həllini tapsın. 
						
						Digər vəzifələrə gəldikdə, artıq hesab edirəm ki, bizim 
						proqramlarımız özlüyündə bu vəzifələrin müəyyən 
						edilməsində kifayət qədər dolğun məlumat verir. Daxili 
						siyasətlə bağlı demokratik proses inkişaf edəcəkdir. 
						Azərbaycanda bütün azadlıqlar qorunur. Söz azadlığı, 
						mətbuat azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda 
						sərbəst İnternet fəaliyyət göstərir. Sərbəst toplaşmaq 
						azadlığı tam şəkildə təmin edilir. 
						
						Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan 
						sonra da islahatlar aparılacaqdır. Biz bu islahatlara 
						hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik. 
						
						Azərbaycanda təhlükəsizlik tədbirləri bundan sonra da 
						təmin edilməlidir. Bizim böyük xoşbəxtliyimiz ondan 
						ibarətdir ki, Azərbaycan vətəndaşları sülh, 
						əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayırlar. 
						Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə 
						edilibdir. Həm inzibati tədbirlər, həm də sistem 
						xarakterli islahatlar aparılır və öz bəhrəsini verir. 
						Hesab edirəm ki, gələcək illərdə biz bu böyük bəlanın 
						aradan qaldırılmasında daha da böyük uğurlar əldə 
						edəcəyik. 
						
						Bir sözlə, daxili siyasətin əsas istiqamətləri çoxdan 
						müəyyən edilib. Sadəcə olaraq, biz bu məsələləri daha da 
						məqsədyönlü şəkildə həll etməliyik. 
						
						İqtisadi sahədə qeyri-neft sektorunun inkişafı bundan 
						sonra da prioritet olaraq qalacaqdır. Çox şadam ki, bu 
						ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz 
						artmışdır. Yəni, bu, o deməkdir ki, şaxələndirmə 
						siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün 
						ənənəvi olmayan sahələr inkişaf edir - 
						informasiya-kommunikasiya texnologiyaları, digər 
						sahələr. Neft amilindən asılılıq azalır. Ümumi daxili 
						məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu 
						da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas 
						hissəsi qeyri-neft sektorunda formalaşır. Yəni, gələcək 
						illərdə bu proses davam etdiriləcəkdir. Nəzərə alsaq ki, 
						gələn ilin əvvəlində üçüncü regional inkişaf proqramı 
						qəbul olunacaqdır, hesab edirəm ki, bütün vəzifələr icra 
						edilməlidir. 
						
						Kənd təsərrüfatı ilə bağlı ərzaq təhlükəsizliyi 
						məsələləri ön plandadır. Bu barədə kifayət qədər çox 
						qərarlar qəbul edilmişdir. Biz özümüzü əsas ərzaq 
						məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. 
						Mən bu hədəfi bir neçə il bundan əvvəl qarşıya qoymuşam 
						və biz bu hədəfə doğru uğurla irəliləyirik. Azərbaycanda 
						çox güclü ixrac potensialı yaradılmalıdır. Ölkəmizdə 
						sənayeləşmə prosesi sürətlə gedir, texnoparklar 
						yaradılır, yeni sənaye müəssisələri fəaliyyət göstərir. 
						Bu da iqtisadiyyatın neft amilindən asılılığının 
						azaldılmasına xidmət göstərir. Biz növbəti illərdə ümumi 
						daxili məhsulu məhz qeyri-neft sektoru hesabına 
						artırmalıyıq. 
						
						Biz son on il ərzində dünyada ən yüksək sürətlə inkişaf 
						edən ölkə olmuşuq. Hesab edirəm ki, biz bundan sonrakı 
						on il ərzində qeyri-neft sektorunun ən sürətli 
						inkişafını təmin etməliyik. O ki qaldı neft sektoruna, 
						hesab edirəm ki, biz indi gündəlik fəaliyyətimizdə əsas 
						diqqəti bu sahəyə yönəltmirik. Bu da çox müsbət 
						hadisədir. Çünki bu sahədə artıq hər şey plan üzrə 
						gedir. 
						
						Bütün layihələrimiz uğurla icra edilibdir - 
						Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər 
						layihələr. Keçən il TANAP layihəsinin imzalanması böyük 
						tarixi hadisədir. Qürur hissi ilə deyə bilərəm ki, TANAP 
						layihəsinin təşəbbüskarı da Azərbaycandır. Ən böyük 
						maliyyə və texniki yük də Azərbaycanın üzərinə düşür. 
						Biz bu məsuliyyətə hazırıq. Biz görürdük ki, "Cənub" qaz 
						dəhlizi ilə bağlı danışıqlar davam edir və danışıqlardan 
						başqa, necə deyərlər, heç bir real addımlar atılmır. Ona 
						görə bu təşəbbüsü də biz öz üzərimizə götürmüşük. TANAP 
						layihəsi qısa müddət ərzində geniş beynəlxalq dəstək 
						qazana bilmişdir. Əminəm ki, Azərbaycan bu layihəni də 
						bütün başqa layihələr kimi şərəflə yerinə yetirəcəkdir. 
						
						İndiki dövrdə Azərbaycan tərəfindən irəli sürülən və 
						sürüləcək təşəbbüslər diqqəti cəlb edir. Bizim 
						qərarlarımız gözlənilir. Bizim qərarlarımız həlledici 
						rol oynayacaqdır. Azərbaycanda veriləcək qərarlar 
						qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə 
						olacaqdır. Biz tərəfdaşlarla bərabər qitənin yeni enerji 
						xəritəsini müəyyən edirik. Bu, böyük məsuliyyətdir, 
						böyük şərəfdir, böyük nailiyyətdir. Çünki bunu biz öz 
						təşəbbüslərimizlə etmişik. Bu gün də bölgənin enerji 
						şaxələndirilməsi ilə bağlı təşəbbüslər böyük dərəcədə 
						Azərbaycanın təşəbbüsləri ilə uzlaşır. Bizim bu 
						istiqamətdə siyasətimiz birmənalıdır. Mən bunu dəfələrlə 
						bəyan etmişəm. Biz enerji amilindən əməkdaşlığı 
						dərinləşdirmək üçün istifadə edirik. Bu amildən heç vaxt 
						qarşıdurma, əsassız rəqabət yaratmaq üçün yox, 
						əməkdaşlıq yaratmaq, möhkəmləndirmək və milli 
						maraqlarımızı təmin etmək üçün istifadə edirik. Bu 
						siyasət bu günə qədər həyatda öz düzgünlüyünü sübut 
						edir. Əminəm ki, Azərbaycan bundan sonra da regional və 
						dünya miqyaslı enerji tərəfdaşı kimi öz sözünü deyəcək 
						və bu gün bizim planlaşdırdığımız layihələr uğurla 
						nəticələnəcəkdir. 
						
						Bir sözlə, hər bir istiqamət üzrə konkret proqramlarımız 
						vardır. Bugünkü çıxışda mən, sadəcə olaraq, əsas 
						istiqamətlər haqqında fikirlərimi bildirdim. Ancaq hər 
						bir sahə üzrə konkret proqramlar var və bu proqramlar 
						icra edilir. Ən əsası ondan ibarətdir ki, Azərbaycan 
						təxminən 22 ildir artıq müstəqil dövlət kimi yaşayır. 
						Yenə də demək istəyirəm ki, müstəqilliyimizin ilk illəri 
						ağır olmuşdur, çətin olmuşdur. 1991-1993-cü illərin 
						əvvəlləri ən ağır illər olmuşdur. Bu illər müstəqil 
						Azərbaycan üçün ləkə, biabırçılıq idi. Azərbaycan xalqı 
						daha da gözəl şəraitə layiqdir və bu şəraiti bizim 
						iqtidar, ulu öndər Heydər Əliyevin siyasəti təmin 
						etmişdir. 
						
						İyirmi ildir ki, bu siyasət davam etdirilir. 
						Azərbaycanın xoşbəxt gələcəyi üçün bu siyasət davam 
						etdirilməlidir. 
						
						Müstəqillik ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. 
						Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq.  
						
						
						*** 
						
						Sonda Azərbaycanın incəsənət ustaları konsert proqramı 
						ilə çıxış etdilər.  
						
						  
						
						AzərTAc |