1918-ci
il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə
kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik
respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə
xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz
müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş
etdirmişdir.
1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal
Bəyannaməsi"ndən - "Əqdnamə"dən də göründüyü kimi, bu
möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da
gücləndirmiş, onu heç vaxt ölməyə qoymamışdır.
XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan
Azərbaycan öz suverenliyini qoruyub saxlamağı
bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər
görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar
etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan
müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf
yoluna qədəm qoymuşdur.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə
qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük
mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan
Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28
Mayı Respublika Günü kimi qeyd edir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın
İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika
Günü münasibətilə mayın 27-də ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
AzərTAc |