Bildiyimiz
kimi, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın
inkişaf etdirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti
müvafiq sərəncam imzalamışdır. Məhz dövlətin bu diqqət
və qayğısının nəticəsidir ki, Bakı Şəhəri 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbinin yetirmələri həm beynəlxalq, həm
də ölkə miqyasında keçirilən yarışlarda iştirak edərək
yeni uğurlara imza atmaqda davam edirlər. Şahmat-Dama
Məktəbinin direktoru Natiq Ələkbərovdan aldığımız
məlumata görə, bu günlərdə səkkiz yaşlı oğlan və qızlar
arasında Bakı şəhər birinciliyi keçirilmişdir. İsveçrə
sistemi üzrə keçirilmiş və 9 turdan ibarət olan turnirdə
ümumilikdə 150 idmançı mübarizə aparmışdır. 1 nömrəli
İOEUG Şahmat - Dama İdman Məktəbinin yetirmələrindən
Tabai Mehin qızlar arasında 9 oyundan 8 xal toplayaraq I
yerin qalibi olmuşdur.
12 yaşlıların Bakı çempionatında isə şahmat məktəbinin
yetirmələrindən qızlar arasında Tomruz Əliyeva, oğlanlar
arasında isə Sadiq Ağayev II yeri qazanaraq Azərbaycan
çempionatına vəsiqə qazanmışlar.
Şahmat üzrə 14 yaşlıların Azərbaycan çempionatında
ümumilikdə məktəbin 12 şahmatçısı mübarizəyə
qoşulmuşdur. Onlardan Günay Məmmədzadə 11 oyundan 11 xal
toplayaraq Azərbaycan çempionu olmuşdur. Bundan başqa,
Tofiqə Mirzəyeva IV, oğlanlar arasında Niyazi Nağdıyev
III, Qulam Məmmədov IV yeri tutmuşdur.
16 yaşlı qızlar arasında keçirilən Azərbaycan
çempionatında isə 12 şahmatçı arasında 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbinin yetirməsi Xatun Bağırova 11
xaldan 9-nu toplayaraq Azərbaycan çempionu adını
qazanmışdır. Bundan əlavə, Məğrurə İmanlı 7 xalla IV,
Fatimə Əhmədova V, oğlanlar arasında Elxan Bayramov VI,
Kənan Muxtarov isə VII yeri qazanmışdır. 18 yaşlıların
Azərbaycan çempionatında idman məktəbinin yetirməsi
Nərmin Söyünlü III yerə sahib çıxmışdır.
1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin direktoru
N.Ələkbərov onu da əlavə etdi ki, şahmat üzrə qadınlar
arasında keçirilən Azərbaycan çempionatında iştirak edən
10 şahmatçıdan 5-i şahmat məktəbinin yetirməsi
olmuşdur. Çempionatda məktəbin yetirmələri beynəlxalq
usta Abdulla Xəyalə I, beynəlxalq qrossmeysterlərdən
Nərgiz Umudova II, Nərmin Kazımova IV yerə layiq
görülərək yığma komandanın tərkibinə daxil edilmişdir.
Təhsil Nazirliyi tərəfindən ulu öndər Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunan 12
yaşlılar arasında keçirilən şahmat üzrə turnirdə 1
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi
Tofiqəxanım Mirzəyeva gərgin keçən mübarizədə birincilik
qazanmışdır.
Bu yaxınlarda Yunanıstanda keçirimiş şahmat üzrə
məktəblilərin dünya çempionatında da məktəbin 11
şahmatçısı iştirak etmişdir. 11 yaşlı şahmatçılar
arasında Abdulla Qədimbəyli doqquz oyundan 7,5 xal
toplayaraq II, həmin yaş qrupunda Muradlı Məhəmməd isə
doqquz oyundan 6,5 xal toplayaraq V yeri tutmuşdur. Ümid
Aslanov isə 7 yaşlılar arasında doqquz oyundan 7 xal
toplayaraq III yeri tutmuşdur. 17 yaşlılar arasında
Elxan Bayramov V, Nərmin Söyünlü VI, 15 yaşlılar
arasında isə Məğrurə İmanlı VIII, Fatimə Əhmədova XII
yerə çıxmışdır.
Rəşad ZİYADOV |