İsveçin
Malmö şəhərində keçirilən "Eurovision-2013" mahnı
müsabiqəsi uğurla sona yetmişdir. Müsabiqədə Azərbaycan
təmsilçisinin çıxışı ölkəmizin ünvanına dünyanın hər
yerindən təbriklər gətirmişdir. Builki müsabiqədə
ölkəmizin təmsilçisi Fərid Məmmədov Dimitrios
Kontopulosun bəstələdiyi "Hold me" mahnısını təqdim
etmişdir.
Azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə
tərtibatına qədər mükəmməl performans nümayiş
etdirmişdir. Fərid Məmmədovun şousunda xüsusi şüşədə
qızılgül ləçəklərinin yayılması diqqəti cəlb edən
məqamlardan olmuşdur.
Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Fərid Məmmədov
"Eurovision-2013" mahnı müsabiqəsinin favoritlərindən
hesab olunurdu.
Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın
müxtəlif ölkələrindən gəlmiş fanatlar təmsilçimizin
şansını finalda yüksək qiymətləndirirdilər.
2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbəsi olan Fərid Məmmədov estrada və
populyar musiqi kafedrasının müəllimi, əməkdar artist
Cavan Zeynallının sinfində təhsil alır. Bu günə qədər
C.Zeynallı bir çox Azərbaycan gəncini ecazkar musiqi
dünyasının səmasına pərvazlandırmışdır. Doğma
universitetin divarları Fəridin gərgin əməyinin
şahididir. Cavan Zeynallının böyük musiqi təcrübəsi və
istedadlı Fəridin seçdiyi sənət qarşısındakı
məsuliyyəti bu gün öz səmərəli bəhrəsini verir.
Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda anadan
olmuşdur. İlk musiqi təhsilini Rəşid Behbudov adına 2
nömrəli musiqi məktəbində fortepiano şöbəsində alan
Fərid artıq uşaq yaşlarından musiqiyə bağlanmış,
məktəbdə keçirilən bütün tədbirlərdə həm pianoçu, həm də
estrada mahnılarının ifaçısı kimi iştirak etmişdir. Hər
zaman öz üzərində böyük məsuliyyətlə çalışan Fərid hələ
uşaq yaşlarından respublikamızda keçirilən bir çox
müsabiqələrin, o cümlədən "Şərq ulduzları" müsabiqəsinin
iştirakçısı olmuşdur. Bu müsabiqə onun həyatında dönüş
yaratmışdır. Belə ki, həmin gündən o, musiqi aləmində
fəaliyyətini pianoçu kimi yox, estrada müğənnisi kimi
davam etmək qərarına gəlir. 2000-ci ildən Aybəniz
Haşımovanın rəhbərlik etdiyi "Bülbüllər" qrupunun
solisti olan Fərid bu qrupun tərkibində dünyanın bir
çox ölkəsində festivallarda iştirak etmiş, dəfələrlə
Azərbaycana gümüş medalla qayıtmışdır. O, Ukrayna,
Yalta, Türkiyədə Azərbaycan musiqisini layiqincə təmsil
etmişdir.
Fərid Məmmədov 2003-cü ildə Ukraynada keçirilən "Slavyan
bazarı" müsabiqəsinin qalibi olaraq, qızıl medalla
ölkəmizə dönmüşdür. Dəfələrlə bir çox dövlət
tədbirlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetini təmsil edən Fərid ölməz sənətkarımız
Şövkət Ələkbərovanın, Azərbaycanın görkəmli bəstəkarı
Rauf Hacıyevin yubileyinə həsr olunmuş tədbirlərdə,
Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışında üstün ifa
nümayiş etdirmişdir. Bu tədbirlərdə Fəridin yaddaqalan
çıxışı gənc ifaçının böyük potensialından xəbər verirdi,
onun uğurlu gələcəyinə inanan müəllimləri Fəridi daha
çox çalışmağa, öz üzərində daha məsuliyyətlə işləməyə
sövq edirdilər.
2012-ci ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə
Azərbaycana gələn dünya şöhrətli müğənni Robertino
Loretti İctimai kanal tərəfindən təşkil edilmiş bir
proqramda Fərid Məmmədovu dinləyərək bu sözləri
demişdi: "Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma
yox, mən düşünürəm ki, o, Çarls Avazoridən də
istedadlıdır. Mən dünyada çox müsabiqələr gəzmişəm, çox
səslər eşitmişəm. Amma Fərid Məmmədov kimi ifaçı
görməmişəm".
Fərid bir çox beynəlxalq festivalların diplomantıdır.
1997-ci ildən bu günə qədər bir neçə ölkədə keçirilən
konsertlərdə solo ifa göstərmişdir. 2012-ci il dekabr
ayında Azərbaycan Gənclər və İdman Nazirliyinin Bişkekdə
təşkil etdiyi tədbirdə ADMİU-nu uğurla təmsil etmişdir.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə
"Bülbüllər" qrupunun tərkibində ifa etdiyi mahnılar
Azərbaycan Dövlət Radiosunun qızıl fonduna keçmişdir.
Fərid Məmmədov pop formatında musiqilərin, həmçinin
soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.
Fərid Məmmədov "Böyük səhnə" müsabiqəsindən sonra daha
da məşhurlaşmışdır. Təmsilçimiz bir sıra mötəbər
yarışlarda ölkəmizi layiqincə təmsil etmiş, mükafatlara
layiq görülmüşdür.
"Eurovision-2013" mahnı müsabiqəsi milli seçim turunun
qalibi olmuş Fərid Məmmədov ölkəmizi bu mötəbər
yarışmada təmsil etmək hüququ qazanmışdır.
"Eurovision-2013" müsabiqəsində Fərid Məmmədovun
möhtəşəm şousu milyonlarla avropalının ürəyini fəth
etmişdir. Zahirən sadə görünsə də, əslində mürəkkəb
quruluşda təqdim edilən bu şouda təmsilçimizi səhnədə
iki rəqqas müşayiət edirdi. Rəqqaslardan biri şəklində
şəffaf qurğunun içində çox çətin akrobatik elementlər
nümayiş etdirirdi. Azərbaycanın finalda çıxışı zamanı
Malmö arenanın səhnəsində düz üç dəqiqə ərzində
sevginin, ehtirasın və istedadın harmoniyası hökm sürdü.
Quruluşun ideyası məşhur rejissor Fokas Evangelinosa
məxsusdur. Bir faktı da deyək ki, Fərid Məmmədov ilk
kişi solo təmsilçimiz oldu. Final mərhələsində mahnı
müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkənin
təmsilçisi yarışırdı. Qalibi isə 39 ölkənin münsiflər
heyəti və tamaşaçılar müəyyən etdi. Son nəticə isə
möhtəşəm oldu. Fəridin uğuru bizim bir daha
qürurlanmağımıza səbəb oldu. Bu gün universitetimizin
tələbəsi dünyanın diqqət mərkəzindədir. Bu da zəngin
tarixi olan mədəniyyət məbədinin 90 illik yubileyinə
əvəzsiz ərməğandır.
Qoy hər zaman adımız ucalardan gəlsin.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri doktoru, professor |