Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Məktəbdə ədəbi-bədii kompozisiya

 

Bakının Sabunçu rayonundakı 108 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 90, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileylərinə həsr olunmuş geniş tədbir keçirilmişdir. Əvvəlcə qonaqlar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Süleymanovanın  X "a"  sinfində  "Heydər Əliyev və Azərbaycan" mövzusunda  hazırladığı  "açıq  dərs"i  dinləmişlər. Dərsdə ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycana rəhbərlik etdiyi dövrlər ardıcıllıqla təhlil edilmiş, Azərbaycan ədəbiyyatı və dili haqqında söylədiyi yüksək fikirləri, təhsilimizin inkişafındakı xidmətləri qeyd olunmuşdur. Şagirdlərdən Elmir Heydərov, Tubu Əliyeva, Məsməxanım Nəcəfova, Aynur Əliyeva, Sara Babayeva və başqaları çıxışlarında  xalqımızın böyük oğlu Heydər Əliyevin gələcək nəsillərə örnək olacaq  həyatının müxtəlif məqamlarına toxunmuşlar, şeir nümunələri söyləmişlər.

Daha sonra yubiley mərasimi II "a" sinfinin rəhbəri Xırdaxanım Kazımovanın təşkilatçılığı və məktəbin uşaq birliyinin rəhbəri İlahə Məlikovanın köməkliyi ilə hazırlanan ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarmış, müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, elm və təhsilin inkişafına da xüsusi diqqət yetirdiyi  vurğulanmışdır. Əgər 1918-ci il mayın 28-də ilk dəfə əldə etdiyimiz müstəqillik cəmi 23 ay davam etdisə, Heydər Əliyevin qurduğu müstəqil dövlətimiz 22-ci ilini yaşayır. Dahi rəhbərin əsasını qoyduğu Azərbaycan bu gün daha da inkişaf edir. Çıxışlarda o da vurğulanmışdır ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni  uğurlara imza atmaqdadır.

Şagirdlərin ifa etdikləri mahnılar, Vətənimiz-Azərbaycan haqqında səsləndirdikləri şeirlər, Əsgər, Məryəm, Emin, Şükran, Kamil, Xuramanın və digər kiçikyaşlıların nümayiş etdirdikləri rəngarəng  rəqslər qonaqlar tərəfindən alqışlarla qarşılanmışdır.

Ədəbi-bədii kompozisiyanın sonunda Heydər Əliyevin öz kövrək, həyəcanlı  səsi ilə söylədiyi Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça və Ağadadaş Ağayevin ifasında "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" mahnısı səsləndirilmişdir.

Tədbirin sonunda məktəbin direktoru Narınc Mehdiyeva mərasimdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirmiş, Heydər Əliyev irsinin məktəblərdə daha dərindən öyrənilməsinin vacibliyindən danışmışdır. O, bunu şagirdlərin gələcək həyat yolunun uğurlu olmasını şərtləndirən əsas amil kimi qiymətləndirmiş və ədəbi-bədii kompozisiyanın iştirakçılarına xatirə hədiyyələri təqdim etmişdir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər bölməsinin müdiri Alı Məmmədov tədbirə yekun vuraraq qeyd etmişdir ki,  bugünkü tədbir iki böyük bayramı özündə birləşdirir. Həm ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, həm də 28 May - Respublika Günü şagirdlərin ifasında gözəl ümumiləşdirilmişdir. Tədbirin yüksək səviyyədə keçdiyini bildirən A.Məmmədov pedaqoji kollektivə gələcək fəaliyyətlərində uğurlar, şagirdlərə isə elmin sirlərinə daha dərindən yiyələnmələrini arzulamışdır. 

Samirə DADAŞOVA,
Bakıdakı 108 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov