Mayın
23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında respublika ümumtəhsil və ilk peşə-ixtisas
təhsili müəssisələri şagirdlərinin VII spartakiadasının
açılış mərasimi keçirilmişdir. Mərasimdə Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş
şöbəsinin müdiri Ağababa İbrahimov, Respublika Bədən
Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov, Bakı Şəhər
Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov
və respublikanın rayonlarının təhsil şöbələrinin idman
üzrə mütəxəssisləri iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş
sözü ilə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi
Mərkəzinin direktoru Qiyas Nəcəfov açaraq ölkəmizdə
idmana göstərilən dövlət qayğısından danışmış,
yaradılmış idman infrastrukturunu yüksək
qiymətləndirmişdir. Bildirmişdir ki, spartakiadanın
keçirilməsində məqsəd yeniyetmələrin idmana olan
marağını artırmaq, onları pis vərdişlərdən uzaq
tutmaqdır. Açılış mərasimində respublikanın 36
rayonundan 3000-nə yaxın idmançı şagirdlər qatılmışdır.
Spartakiadanın proqramına 8 idman növü daxildir. Bunlar
həndbol, şahmat, dama, stolüstü tennis, voleybol,
basketbol, atletika və futboldur.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov,
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini
Aydın Yusifov çıxış edərək spartakiadada iştirak edən
məktəblilərə uğurlar arzulamış, yeniyetmə və gənclərin
sağlam ruhda böyüməsi üçün dövlətimiz tərəfindən lazımi
işlərin görüldüyünü bildirmişlər.
Tədbirin
sonunda spartakiadanın zona mərhələlərində fərqlənən
metodist müəllimlər Təhsil Nazirliyi Respublika Bədən
Tərbiyəsi Mərkəzi tərəfindən fəxri fərman və
hədiyyələrlə mükafatlandırılmışlar.
Rəşad ZİYADOV |